azia.az
azia.az

Əflatun Amaşov həbs edilən qohumundan danışdı: “Atamın atasının atası ilə...”

15-02-2022, 14:28

Əflatun Amaşov həbs edilən qohumundan danışdı: “Atamın atasının atası ilə...”
“Bir neçə gün əvvəl müxtəlif saytlarda “Əflatun Amaşovun bacısı oğlu həbs edildi” sərlövhəsinə rast gəldim. Sayları təxminən 25 olardı. Hamısında da mənim şəklim. Düzü, mənzərə maraqlı gəldi. Saytlardan yalnız biri (peşə etikasına sayğı göstərdiyinə görə sağ olsun) mənə zəng edib fikrimi öyrəndi. O da necə? Cavabımdan belə çıxdı ki, guya mən hadisəni inkar edirəm. Hərçənd nəyi inkar etdiyim də bilinmir. Bir anlıq qohumlarım barədə düşündüm. Maşallah sayları kifayət qədər çoxdur.

Gürcüstanı, Azərbaycanı demirəm, yalnız Türkiyədə 300-dən çox ailə yaxın qohumumdur və ölkənin hər yerinə səpələniblər. Ümumən Türkiyənin ictimai, mədəni, iqtisadi həyatını zənginləşdirən qohumlarım saysızdır. Bir xırda arayış da verim ki, vaxtilə mövcud olmuş Qərbi Almaniyadakı populyar rok qruplarından birinin yaradıcıları sırasında əmim oğlu da var idi. Digər əmim oğlu hazırda ABŞ-ın Klivlend şəhərindəki populyar iki xəstəxananın birində çalışır. Yarım əsrə yaxındır ki, əmim qızı Almaniyada tanınmış tibb müəssisəsini yaradıb. Hələ Rusiyadakıları demirəm. İçərilərində cızığından çıxanların ola biləcəyini də istisna etmirəm. İndi keçək həbs olunan həmin şəxsə. Allah qapısını açsın. Atasının, anasının üzüntüsü qısa olsun. Onunla həqiqətən uzaq qohumluq əlaqəm var. Deməli, atamın atasının atası ilə onun anasının atasının babası əmioğlu imişlər. Məncə, şərhə ehtiyac yoxdur”.

Demokrat.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Ə.Amaşov qeyd edib ki, medianın cəmiyyətdə bu və ya digər şəkildə tanınmış kiməsə fokuslanmaq əzmini anlayışla qəbul edir: “Zənnimcə, cəmiyyətdə az-çox tanınıram. Hərçənd heç bir qohumumun, lap elə bacım oğlunun əməlinə məsuliyyət daşıya bilmərəm. Əlbəttə, məsələdə mənimlə necəsə bağlılıq yoxdursa. Amma hər bir halda media marağının da tam həqiqəti üzə çıxarmağa köklənməli olduğu düşüncəsindəyəm. Güman edirəm, məni tapmaq, məsələni dəqiqləşdirmək çətin olmazdı. Nə isə, bu qeydimi heç kəs inciklik kimi başa düşməsin. Nə də kimisə ittiham etmək niyyətindəyəm. Onsuz da gerçəklik var. Tövsiyəm budur ki, yazanda, hansısa fikri işlədəndə bir balaca düşünək. Həm də ona görə ki, gerçəkliyi və reallığı yazmaq jurnalistə daha çox zövq verir. Niyə bu ləzzətdən imtina edək?”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi