AMEA-da qanunsuz PUA istehsal olunurmuş
Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən “Elm və Texnologiya Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) icazəsiz olaraq pilotsuz uşuş aparatları istehsal edib.
Musavat.com xəbər verir ki, MMC-nin direktoru olmuş texnika elmləri üzrə fəlsəfə doktoru Sənan Abdullayev xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə dövlətə xeyli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Sənan Abdullayev 2014-cü ildən AMEA-da müxtəlif vəzifələrdə işləyib. 2017-ci ildən isə AMEA-nın tərkibində “Elm və Texnologiya Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin olunub. 2018-ci ilə qədər də bu vəzifədə çalışıb.
Müəyyən edilib ki, Sənan Abdullayev vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
MMC Dövlət Mülki Aviasiya Agentliyindən xüsusi icazə almadan pilotsuz uçuş aparatları istehsal edib. Ayrı-ayrı hüquqi şəxslərlə məsafədən idarə edilən pilotsuz uçan aparatların satışına dair müqavilə bağlayıb.
Araşdırma zamanı müəyyən olunub ki, MMC-də 9 ədəd pilotsuz uçan aparatları istehsal edilib. Həmin aparatların 6 ədədini Azərbaycan Milli Elmlər Akademiyası İşlər İdarəsi ilə bağlanmış müqaviləyə əsasən istehsal olunub. Digərləri isə ayrı-ayrı təşkilatlara satılıb.
Bununla da ümumilikdə 143 min manat yaxın gəlir əldə edilib.
Sənan Abdullayev bildirib ki, həmin aparatların hissələrinin ölkəyə gətirilməsi üçün icazə alınıb. Lakin, həmin PUA-ların satışı üçün xüsusi icazə almaq lazım olduğunu bilməyib. Sənan Abdullayev PUA-ların istehsal edilməsinin qanunsuz olmasını bilmədiyini də qeyd edib.
Bu əməllərinə görə Sənan Abdullayev qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılıb. Məhkəmənin hökmü ilə Sənana Abdullayev 4 min manat cərimə olunub.
İlkin Muradov