Ermənistan qaytarılan 8 əsirin qarşılığında bunu edəcək – Bakının daha bir uğuru
"Ermənistan 8 erməninin əvəzinə I Qarabağ müharibəsində kütləvi məzarlıqların koordinatlarını Azərbaycana verəcək. Mina xəritələrinin tam dəqiq olmaması bu məsələdə də İrəvana inamı azaldır. Hərçənd, razılaşmanın əldə edilməsi və prosesin inkişafı fonunda birdən çox vacib məqam var”.
Sfera.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı bildirib. Politoloq kütləvi məzarlıqların aşkarlanmasının Azərbaycan üçün önəmini xatırladıb:
"Birincisi, Ermənistan I Qarabağ müharibəsində kütləvi qətllər törətdiklərini etiraf edir və bunu Qərb platformasında aparılan danışıqlarda qəbul etməsi sonradan təkzib imkanını azaldır. İkincisi, tapılacaq kütləvi məzarlıqların hər birindən Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinin bir sübutu kimi istifadə etmək imkanı yaranır. Tapılacaq məzarlıqların hər birində Quba Soyqırımı Memorial Kompleksi kimi abidə yaradıla bilər. Üçüncüsü, bu istiqamətdə əldə edilcək nəticələr beynəlxalq aləmdə Ermənistanın və erməni diasporunun uzun illər apardığı təbliğat qarşısında əlimizi daha da gücləndirəcək”.
Politoloq azərbaycanlı əsirlərin qaytarılması məsələsindən də danışıb:
"Azərbaycanın bu razılaşmaya nail olması əlavə iki kontekstdə də diqqət çəkir:
"I Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi istiqamətində aparılan iş dövlətə inamın güclənməsi baxımından əhəmiyyətlidir - cəbhəyə gedən əsgər anlamalıdır ki, dövlət onun taleyinə biganə qalmayacaq. Minlərlə vətəndaşımız 30 ildən sonra da olsa doğmasının taleyinin necə olduğunu biləcək.
Bakı saxlanılan ermənilərdən maksimum nəticə əldə etmək üçün səmərəli şəkildə istifadə edir. Razılaşma prosesin başlanğıcıdır və davamında Bakının əsas tələblərindən biri təkcə kütləvi məzarlıqlar yox, həm də əsirlərin taleyi olacaq. Saxlanılan digər ermənilər də bu prosesdə istifadə edilə bilər”.