ABŞ və Rusiya arasında "Qarabağ döyüşü" - Bakı mövqeyində qətidir
“Minsk qrupu formatında yeni masanın qurulması Azərbaycanın “qırmızı xəttidir”. Bakı həmsədr ölkələrə post-münaqişə dövrünə köklənməyi, Azərbaycan-Ermənistan münasibətlərinin qurulmasına və humanitar məsələlərə dəstək verməyi təklif edir. Bayramovun Nulandla müzakirələrdə bu məsələni diqqətə çatdırdığı istisna deyil”.
Azia.az xəbər verir ki, bu açıqlamanı siyasi şərhçi Asif Nərimanlı Nyu-Yorkda Blinken-Çavuşoğlu, Bayramov-Nuland görüşünə münasibət bildirərkən qeyd edib.
Asif Nərimanlı deyir ki, ABŞ-dan fərqli olaraq, Azərbaycan XİN-in görüşlə bağlı məlumatında Minsk qrupunun adının yeralmaması, “tərəflər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə əlaqədar məsələlər üzrə fikir mübadiləsi aparıblar” qeydi də bunu deməyə əsas verir.
“Bakı Vaşinqtona post-münaqişə dövründə işləmək təklifi edir və Nulandın açıqlamasında iki məqam da Vaşinqtonun post-münaqişə dövrü ilə bağlı mesajı hesab oluna bilər.Birinci məqam odur ki, humanitar fəaliyyət zəmnində ermənilərlə mina xəritələrinin barter edilməsini istəyirlər. İkinci siyasi barışıq çərçivəsində Bakının İrəvana təklif etdiyi “sülh müqaviləsi”dir. Bu o demək deyil ki, ABŞ barışığın məhz Azərbaycanın istəkləri çərçivəsində istəyir həm də Vaşinqtona özünün iştirakı ilə prosesdə yekun nəticə lazımdır. Minsk qrupu formatı ABŞ-a münaqişənin həllində iştirak etməməklə regionda zərər görmüş təsir imkanlarını bərpa etmək üçün daha çox təzyiq elementi kimi lazımdır. Hədəf prosesi Rusiyanın nəzarətindən çıxarmaq, yaxud Rusiyanın təsirini azaltmaqdır;
Ekspert bildirdi ki, bu format üzərində israrlı olmaq Bakının Moskvaya yaxınlaşmasına zəmin yaradır, bu baxımdan, Azərbaycanın mövqeyinə uyğun olaraq post-münaqişə dövrünə dair mesajlar verir. Asif Nərimanlı qeyd etdi ki, məsələdə ikinci məqam Vaşinqtonun əsas niyyətinin Minsk qrupunu yenidən bərpa etmək yox, tərəflər arasında vasitəçi olmaq istəyi olduğunu göstərir.
“Dövlət Departamentinin yüksək vəzifəli məmuru bildirir ki, ABŞ Bakı ilə İrəvan arasında sülh danışıqlarına dəstək vermək üçün yardım etməyə hazırdır və Vaşinqton hər iki tərəfə “eyni təklifi” verməyi planlaşdırır. Əgər Vaşinqton hər iki tərəfin də qəbul edəcəyi təkliflər verərsə bu zaman sərhədlərin delimitasiyasında iştirak, Bakıda həbsdə olan ermənilərlə mina xəritələrinin barter edilməsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması bu variantlar daxilində olacaqdır.Düşünürəm ki, “Qarabağ münaqişəsi”nin yenidən masaya daşına biləcəyivariantını Bakı qəbul etməyəcək və bunu Vaşinqton da anlayır. Qeyd edim ki, bu məsələdə Bakının mövqeyini gücləndirəcək iki ölkə də var:
Birincisi Rusiya faktıdır ki, Moskvanın Bakı ilə gündəliyinin eynilik təşkil etdiyi çox az məsələlərdən biri məhz münaqişənin həll edildiyi mövqeyidir. ABŞ anlayır ki, regiona qayıtmaq üçün məğlub tərəflə (İrəvan) yox, qalib tərəflə (Bakı) işləməlidir və “münaqişə həll edilməyib” mövqeyi Rusiyanın əlinə oynamaq deməkdir.İkincisi Türkiyə ilə bağlıdır. Düşünürəm ki, Vaşinqton təklifini Bakıya Türkiyə vasitəsilə göndərir və Ankara Bakının maraqlarına uyğun olmayan məsələdə yer almayacaqdır”.
Siyasi şərhçi fikirlərinə əlavə olaraq qeyd etdi ki, Vaşinqton həmsədrlik institutunun formatına qayıtmaqdan yox, mexanizmlərindən istifadə etməkdən bəhs edir.
“ABŞ-ın regionda Türkiyəni ilk dəfə tərəf olaraq qəbul edərək, həm Cənubi Qafqazda maraqlarını Türkiyənin üzərindən təmin etmək istəyir, həm Rusiyanın “hakim” mövqeyində balans yaradır, həm də öz cəbhəsini gücləndirmək üçün Türkiyə-Rusiya münasibətlərində rəqabəti artırır. Bu həm dəTürkiyənin tərəf kimi qəbul edilməsi Azərbaycanın əlinin güclənməsi, Qarabağla bağlı mövqeyinin Vaşinqton tərəfindən də qəbul edilməsi və prosesin Bakının istədiyi kimi post-münaqişə dövrünə köklənməsi deməkdir. Fikrimcə Türkiyənin tərəf kimi qəbul edilməsi həm də Ərdoğan-Putin görüşündə Ankaranın əlini gücləndirəcək və bu, Bakı üçün müsbət perspektivlər vəd edir”.
Asif Nərimanının açıqlamasına əsasən, Nyu-York danışıqları, ABŞ-ın Türkiyəni regionda tərəf kimi qəbul etməsi və post-münaqişə dövrünə dair mesajları geosiyasi proseslər, xüsusilə AUKUS (ABŞ, İngiltərə və Avstraliya) ittifaqının yaradılması fonunda təsadüfi deyil.
“Vaşinqtonun Londonda yeni ittifaq qurması Ankaranın Cənubi Qafqazda əsas oyunçulardan biri elan edilməsi və Bakının mövqelərinin önə çıxmasına şərait yaradır. “Qarabağın statusu” üzərində daha çox dayanan Fransanın AUKUS-un hədəf taxtasına çıxarılması Ermənistanın son ümidlərini də zəiflədir”deyə A.Nərimanlı fikrini yekunlaşdırıb.