Masazır gölü qurudulur? – Nazirlikdən açıqlama (FOTO/VİDEO)
Bakıdan 21 kilometr uzaqlıqda yerləşən Masazır gölü qurudulur. Ətrafda yaşayan sakinlər bildirir ki, son günlər dayanmadan gölün kənarlarına "KaMaz”larla torpaq daşınır. Mühafizə olunan əraziyə hansı səbəbdən torpaq töküldüyü bəlli olmasa da, qış ayları olmasına baxmayaraq gölün tədricən qurudulduğu müşahidə olunmaqdadır.
Masazır qəsəbəsi ilə yanaşı ətraf yaşayış məntəqələrinin müalicəvi hava ilə təmin olunmasında əvəzsiz rol oynayan gölün qurudulması sakinləri ciddi narahat edir, onlar müvafiq dövlət qurumlarından gölün torpaqla doldurulmasına aydınlıq gətirilməsini tələb edir.
Azia.az Masazır gölü ətrafında baş verənlərlə bağlı foto və videomateriallar yayıb. Sayt yazır ki, həmin görüntüləri redaksiyaya ətrafda yaşayan sakinlər təqdim edib.
Saytın araşdırmaları zamanı məlum olub ki, son illər havaların isti keçməsi və yağıntıların az olması ilə əlaqədar gölün suyu kəskin azalıb. Hətta yay aylarında gölün demək olar quruduğu da qeydə alınıb. Ekoloqların sözlərinə görə, gölə Masazır, Novxanı və Binəqədinin bəzi ərazilərindən kanalizasiya suları axıdılsa da, görünən odur ki, bu il gölün suyunun əvvəlki səviyyədə qalması üçün bu da azdır. Hər ötən gün göldə qurumanın artması müşahidə edilir.
Qaynarinfo məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Nazirliyin əməkdaşları məsələ ilə bağlı araşdırma aparıb.
Regional Ekologiya İdarəsinin rəisi Fərid Piriyev bildirib ki, əraziyə keçirilən baxış zamanı gölün ətrafında hər hansı bir torpaqlama və qazıntı işlərinin aparılmadığı, şikayətin əsassız və yanlış olduğu müəyyən edilib.
"Masazır gölünün suyunun səviyyəsində mütəmadi azalma-artma müşahidə olunsa da, bu hər hansı kənar müdaxilə nəticəsində deyil, təbii amillər, qlobal iqlim dəyişikliyi, havaların quraq keçməsi nəticəsində baş verir”, - deyə nazirliyin rəsmisi əlavə edib.
Eyni zamanda aydın olub ki, Masazır gölü "Azərduz” ASC-nin istifadəsindədir. Nazirliklə yanaşı şirkətin nümayəndələri də məsələni araşdırıb və iddialar təsdiqini tapmayıb.