azia.az
azia.az

Baş nazir: Azərbaycan və Gürcüstan xüsusən də ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir

30-09-2021, 09:11


Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəkləyib. Biz çətin zamanlarda hər zaman bir-birimizin yanında olmuşuq.

Xəbər verilir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında bildirib.
Baş nazir: Azərbaycan və Gürcüstan xüsusən də ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir
"Sizin Gürcüstandakı Azərbaycan icmasına, eləcə də ümumilikdə Azərbaycan xalqına şəxsi isti münasibətinizi yüksək qiymətləndiririk. Bu yaxınlarda Gürcüstanda SOCAR-ın iştirakı ilə tikilmiş idman kompleksinin açılışı zamanı Azərbaycan xalqı və dövlətlərimizin münasibətləri haqqında söylədiyiniz fikirləri xoş təəssüratlarla xatırlayırıq. Azərbaycan və Gürcüstan bütün məsələlərdə, xüsusən də ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir.

Bu imkanların reallaşdırılması baxımından Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi zəruri idi. Müxtəlif səbəblərdən komissiyanın iclası uzun müddətdir ki, keçirilmirdi. Son səfəriniz zamanı biz sizinlə bunu xüsusi olaraq vurğuladıq və işlərin sürətləndirilməsi üçün aidiyyəti dövlət qurumlarımıza tapşırıqlar verdik. Çünki komissiya ikitərəfli iqtisadi əlaqələrimizin müxtəlif sahələrdə inkişafına təkan verilməsi üçün mühüm platformadır. Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir. Bu, əlverişli investisiya mühitinin yaradılması istiqamətində hökumətiniz tərəfindən aparılan islahatların səmərəliliyini açıq şəkildə göstərir. Ümid edirik ki, bu, gələcəkdə də davam edəcəkdir.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam gücü ilə işə salınması üçün Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən birgə işlər davam edir. Bu baxımdan, Marabda-Türkiyə Respublikasının sərhədinə qədər olan dəmir yolu sahəsinin inşasının başa çatdırılması və mərhələli şəkildə istismara verilməsi üçün Gürcüstan tərəfindən müvafiq işlərin sürətləndiriləcəyinə ümid edirik.

Biz, həmçinin insanlar arasında təmaslara da böyük əhəmiyyət veririk. Azərbaycanda yaşayan gürcülərin və Gürcüstanda yaşayan azərbaycanlıların əlaqələrimizin inkişafında çox böyük rolu var. Azərbaycan və Gürcüstan çoxmillətli, çoxkonfessiyalı ölkələrdir və bu, bizim böyük sərvətimizdir", - deyə Ə.Əsədov vurğulayıb. BAKU.WS


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi