Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır
Xəbər verildiyi kimi Azərbaycanın baş naziri Əli Əsədov Türkiyə-Azərbaycan birgə iqtisadi komissiyasının toplantısında iştirak etmək üçün Ankaraya səfər edib. Səfər zamanı iki ölkə arasında bir çox sahələri əhatə edən 10-dan artıq birgə sənəd, o cümlədən qarşılıqlı ticarət-investisiya əlaqələrinə dair sənədlər imzalanıb. Virtualaz.org xəbər verir ki, əldə edilən anlaşmalardan biri də Türkiyənin SOM yüksək dəqiqlikli, “hava-yer” tipli qanadlı raketini Azərbaycana ixrac etməsini nəzərdə tutur. Bu haqda aydınlık.com.tr Türkiyənin vitse-prezidenti Fuad Oktayın verdiyi açıqlamalara əsasən bildirir.
Məlumatda deyilir ki, TÜBİTAK Müdafiə Sənayesi Araşdırma İnstitutu (SAGE) tərəfindən hazırlanan, “Roketsan” tərəfindən seriya istehsalı həyata keçirilən SOM qanadlı raketi Azərbaycanın Hərbi Hava Qüvvələrinin inventarında yer alan döyüş təyyarələrinə inteqrasiya ediləcək. Bununla da Azərbaycan 250 kilometr və daha çox mənzilə sahib olan, yüksək dəqiqliyə malik raketə malik olacaq.
SOM-B1 raketi daha əvvəl, 2019-cu ildə Bakıda keçirilən hərbi paradda ilk dəfə nümayiş etdirilmişdi.
230 kiloqramlıq döyüş başlığına malik SOM raketinin cəmi ağırlığı 600 kiloqramdır. Raketin uzunluğu 4 metrdir. Raketin SOM-A və SOM-B1 versiyaları mövcuddur, daha bir neçə versiyasının hazırlanması üzərində iş gedir.
Raketin İlk sınaq uçuşu 9 avqust 2011-ci il tarixində Qara dəniz üzərində həyata keçirilib. Sınaq zamanı 180 km-dən artıq məsafəni GPS/İNS idarəetməsi ilə qət edən raket öz hədəfini yüksək dəqiqliklə məhv edib. Sınaqlar tamamlandıqdan sonra raketlərin ilk partiyası 2011-ci ilin sonlarına qədər Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edildi.
2019-cu ildə bu raketin beton bunkerlərin dağıdılması üçün hazırlanan SOM-B2 versiyası uğurla sınaqdan keçirilib. SOM B2 modeli düşmənin sığınacaqlarına qarşı xüsusi döyüş başlığı ilə təchiz olunub. SOM-B1 raketindən fərqli olaraq SOM B2 modeli iki dəlici döyüş başlığından ibarətdir. Raket hədəfə yönəlmədə GPS və inersial naviqasiya sistemindən istifadə edir.