azia.az
azia.az

İki namizəd bəyanat yaydı: “Madər Musayevin xeyrinə saxtalaşdırmaq barədə göstərişlər verilib”

9-02-2020, 14:26


10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizədlər Qorxmaz İbrahimli və Rəbiyyə Məmmədova bəyanat yayıb.
İki namizəd bəyanat yaydı: “Madər Musayevin xeyrinə saxtalaşdırmaq barədə göstərişlər verilib”
Bəyanatda deyilir: “Bəzi məntəqə seçki komissiyalarından daxil olan məlumatlara əsasən, 10 saylı Binəqədi üçüncü seçki dairəsinin sədri İsgəndər Əliyev dairə üzrə seçkilərin nəticələrini hazırkı deputat Madər Musayevin xeyrinə saxtalaşdırmaq barədə məntəqə seçki komissiyalarının sədrlərinə bir sıra göstərişlər verib. Həmin göstərişlərə əsasən, M.Musayevə veb-kameralar quraşdırılan məntəqələrdə 40%, digər məntəqələrdə isə 50%-dən çox səs yazılmalıdır və o, seçki dairəsi üzrə seçilmiş elan olunmalıdır. Seçki dairəsi üzrə 2-ci yer YAP-ın namizədi Anar Əliyevə məxsus olmalıdır. Digər namizədlərə isə yaşadıqları məntəqələrə uyğun neçə faiz səs yazılacağı barədə göstəriş seçki günü veriləcək”.

“Bundan başqa, seçki dairəsi üzrə məntəqələri gəzərək M.Musayevin lehinə səs vermək üçün, təxminən 20 nəfərlik qrup yaradılıb və həmin şəxslər haqqında məlumatlar məntəqə seçki komissiyalarının sədrlərinə verilib. Həmin şəxslər qrup şəklində səsvermə otağına daxil olarkən onların barmağının işarələnməsini yoxlamalı olan komissiya üzvü ultrabənövşəyi lampanı işə salmadan onların sol əlinin baş barmağına və ya gözəgörünməz mürəkkəb vurulmayan hissəyə yönəltməlidir. Həmin şəxslər səsvermə bülleteni alarkən seçici siyahısında başqa şəxslərin əvəzinə imza atmalıdırlar”, – bəyanatda deyilir.

Məlumatda həmçinin bildirilir ki, İsgəndər Əliyev məntəqə seçki komissiyalarının sədrlərinə Qorxmaz İbrahimlinin və Rəbiyyə Məmmədovanın təyin etdiyi məşvərətçi səs hüquqlu komissiya üzvlərini və onun maraqlarını təmsil edən müşahidəçiləri nəyin bahasına olursa-olsun zərərsizləşdirməyi tapşırıb: “Bu məqsədlə idmançı gənclərdən ibarət xüsusi qrupun hazırlandığını və istənilən vaxtda məşvərətçi səs hüquqlu komissiya üzvlərinə və müşahidəçilərə zor tətbiq edəcəklərini də bildirib”.

“İsgəndər Əliyev, həmçinin seçki dairəsinin ərazisində yerləşən hərbi hissə rəhbərlərinə, hərbi qulluqçular M.Musayevdən başqa digər namizədlərə səs verəcəkləri halda onların ciddi şəkildə cəzalandırılacaqlarını deyib.

Qorxmaz İbrahimlinin və Rəbiyyə Məmmədova 10 saylı Binəqədi üçüncü seçki dairəsində seçkilərin nəticələrinin saxtalaşdırılması üçün görülən hazırlıqları müvafiq qurumların nəzərinə çatdırmaqla, onlardan bu qanunsuz müdaxilələrin və saxtalaşdırmaların qarşısını almaq, saxtalaşdırma hazırlıqlarını görən şəxsləri qanunauyğun şəkildə cəzalandırmaq üçün ciddi tədbirlər görməyi təkidlə tələb edirlər”, – bəyanatda vurğulanır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi