Bu ixtisası seçənlərə əlavə 200 manat təqaüd veriləcək
Aqrar sahə üzrə mütəxəssis hazırlığı prosesinin stimullaşdırılması bu il də davam etdiriləcək.
Azia.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib.
V.Hüseynov ki, 2019/2020 tədris ilində də Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatıyönümlü ixtisasları seçən abituriyentlərə əlavə təqaüdlər veriləcək:
"Qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 100 manat, 500 və daha çox bal toplayanlara isə 200 manat əlavə təqaüd veriləcək. Eyni zamanda ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 70 manat, imtahan sessiayaları zamanı 6 fənndən maksimum nəticə göstərmiş tələbələrə isə 100 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur".
Şöbə müdirinin sözlərinə görə, aqrar sahənin bilikli, bacarıqlı kadrlarla təmin edilməsi Azərbaycan Dövlət Aqrar Universitetin qarşısında duran əsas vəzifədir:
"Stimullaşdırma tədbirləri, ölkədə kənd təsərrüfatının sürətli inkişafı abituriyentlərin aqraryönümlü fakultələrə marağını daha da artırır. Ölkədə aqrar sahənin mütəxəssislərinə ehtiyac çoxdur. Əmək bazarında mövcud tələbləri dəyərləndirən abituriyentlər aqronomluq, baytarlıq və digər kənd təsərrüfatıyönümlü ixtisasları seçərək gələcək karyera həyatını indidən təmin etmiş olurlar. Qəbul imtahanlarında 500 və daha yüksək bal toplamış abituriyent ADAU-nun kənd təsərrüfatı ixtisaslarını seçərsə, ayda təxminən 350 manata yaxın təqaüd almış olur. Universitetin 4 ulduz təsnifatına uyğun, hər cür şəraitə malik yataqxanasında qalacaq, ayda 350 manata yaxın təqaüd alacaq tələbə həm yüksək ali təhsil almış olur, həm ailə büdcəsinə qənaət edir, həm də əmək bazarında böyük tələbat olan, yüksək maaşlı işlə təmin olunmağa qarantiya verən ixtisasa yiyələnir".
Nazirlik rəsmisi bildirib ki, ADAU-nun kənd təsərrüfatı ixtisaslarını seçmiş tələbələr təhsil dövründə digər stimullaşdırıcı imkanlardan, mübadilə proqramlarından yararlanmaq imkanına sahibdirlər.
axar.az