İslamda su içmə ədəbi
Allah rəsulu - sallallahu aleyhi və səlləm - həyatın bütün sahələrini, hətta ən adi şeyləri də bizə öyrətmiş, bütün əməllərimizdə Allahın razılığını qazanmaq və şərdən qorunmaq üçün yollar göstərmişdir. Allah rəsulu su içmək haqqında demişdir: "Dəvə kimi bir nəfəsə içməyin.
İki və ya üç nəfəsə için. Bir şey içəndə "bismilləh", içəndən sonra isə "əlhəmdulilləh" deyin!" (Tirmizi, "Əşribə", 13).
Həmçinin buyurmuşdur: "Sağ əlinizlə yeyib-için, çünki şeytanlar sol əli ilə yeyib-içərlər". (Muslim, "Əşribə", 105).
Çatlamış və ya kənarı qırılmış qablardan istifadə etmək bəyənilmir. Peyğəmbər buyurmuşdur: "Qabın qırıq (çatlaq) tərəfindən su içməyin və suya üfürməyin!" (Muslim).
Bu hədislərin hər birinə əməl etməyin tibbi faydasını müasir elm də təsdiqləmişdir. Məsələn, qabların çatlamış yerlərinə mikrob yığışır və yumaqla təmizlənmir. Ona görə də sınıq və ya çatlaq qablardan istifadə etməmək daha yaxşıdır. İsti yeməyə və suya üfürüb soyudarkən isə nəfəslə birlikdə çıxan zərərli maddələr onlara qarışır.