azia.az
azia.az

Bu gün Avropa Liqasında yarımfinalçılar bəlli olacaq

14-04-2016, 09:55

Bu gün Avropa Liqasında yarımfinalçılar bəlli olacaq Bu gün Avropa Liqasında 1/4 finalın cavab görüşləri keçiriləcək.
Eyni vaxtda başlayacaq 4 qarşılaşma ilə bütün yarımfinalçıların adlarına aydınlıq gələcək.
Gecənin ən maraqla gözlənilən qarşılaşması “Liverpul”la “Borussiya” arasında olacaq. İlk oyunda hərəyə bir qol vuraraq bərabərliyə razılaşan tərəflər bu dəfə kimin güclü olmasına aydınlıq gətirəcəklər. Mersisaydlılara öz meydanlarında qolsuz heç-heçə də sərf edir. Dortmundlular isə səfərdə ya qalib gəlməli, ya da 2:2 və ya daha çox qollu bərabərliyə nail olmalıdılar. Türkiyəli hakim Cüneyt Çakırın idarə edəcəyi qarşılaşma futbol ictimaiyyəti tərəfindən erkən final olaraq da dəyərləndirilir.
Mərhələnin digər maraqlı oyunu isə İspaniya derbisidi. “Atletik”i qəbul edəcək “Sevilya” səfərdə qazandığı 2:1 hesablı qələbənin üstünlüyü ilə çıxacağı matçda doğma azarkeşlər önündə sevinmək istəyir. Ancaq Əndəlüs təmsilçisinin üstün olmasına baxmayaraq, bilbaolular da asan təslim olan rəqib deyil.
Səfərdə sevinmiş bir digər komanda “Şaxtyor” isə yarımfinala daha yaxın olan tərəf kimi “Braqa”nı əliboş yola salmaq istəyir. Mirça Luçeskunun komandası 2:1-lik üstünlüyü əldən buraxmaq fikrində deyil. Hər iki komandanın heyətlə bağlı problemləri olsa da, futbol azarkeşlərini gərgin qarşılaşma gözləyəcəyini demək olar.
İspaniyanın turnirdəki daha bir təmsilçisi “Vilyareal” isə Çexiyada “Sparta”nın qonağı olacaq. “Sarı sualtı qayıq” öz meydanında qələbə qazanmış olmasına baxmayaraq, praqalıların səfərdə vurduğu qol onlar üçün əsas ümid yeridi. Meydan sahiblərini hətta 1:0 hesablı qələbə də qane edəcəyindən, ispanlar mümkün qədər diqqətli oynamalıdılar.
Avropa Liqası, 1/4 final mərhələsinin cavab oyunları
14 aprel
23:05. “Liverpul” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)
İlk oyun – 1:1
23:05. “Sevilya” (İspaniya) – “Atletik” (İspaniya)
İlk oyun – 2:1
23:05. “Şaxtyor” (Ukrayna) – “Braqa” (Portuqaliya)
İlk oyun – 2:1
23:05. “Sparta” (Çexiya) – “Vilyareal” (İspaniya)
İlk oyun – 1:2


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi