azia.az
azia.az

Afaq Bəşirqızı üçün özəl gün

15-08-2016, 14:27

Afaq Bəşirqızı üçün özəl gün
Bu gün xalq artisti Afaq Bəşirqızının doğum günüdür
Axşam.az-ın məlumatına görə, o, 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub. 1974-1979-cu illərdə İncəsənət Universitetində təhsil alıb. Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb.

1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşirqızı Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Eyniadlı filmin xalq tərəfindən sevilməsində də aktrisanın xidmətləri böyükdür.

1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub. Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Bunlardan "Bəxt üzüyü", "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Nekroloq" və.s. adlarını qeyd etmək olar.

Hazırda o, uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışır. Afaq Bəşirqızı, 1989-cu ildə "Əməkdar artist", 1993-cü ildə "Xalq artisti" fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Prezident mükafatçısıdır. 2013-cü ildə "Şöhrət” ordeni 2015-ci ildə Prezidentin fərdi təqaüdü ilə təltif olunub. 13 avqust 2015-ci ildə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi