azia.az
azia.az

“Qaçqınkom”un yeni sədri kəlbəcərli girovların məsələsini qaldırdı

8-06-2018, 07:17

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşdə müzakirə olunan məsələlərdən biri girovlar oldu

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Xanım Elena Aymone Sessera ilə görüşüb. Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə qarşılıqlı əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və humanitar əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Dövlət Komitəsinin sədri işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün doğma yurdlarına getdikləri zaman Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də girovluqda saxlanması ilə bağlı narahatlığını ifadə edib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera təmsil etdiyi qurumun ümumi iş prinsipi və Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə danışıb. Cəbhə xəttinə yaxın ərazilərdə yerləşən kəndlərdə təşkilat tərəfindən həyata keçirilən layihələr barədə geniş məlumat verib və bu işdə yerli strukturların da fəaliyyətini yüksək qiymətləndirib.

Xatırladaq ki, 2014-cü ilin yayında erməni işğalı altında olan doğma rayonları Kəlbəcərə gedərkən Ermənistan ordusu tərəfindən girov götürülən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi hələ də mümkün olmayıb. 4 ilə yaxındır hər iki girov qanunsuz olaraq Dağlıq Qarabağda Şuşa həbsxanasında işgəncə altında saxlanır. Onların azad edilməsi üçün indiyə qədər bir sıra tanınmış siyasi xadimlər, diplomatlar, peşəkar hərbçilər tərəfindən müxtəlif təkliflər, variantlar səslənib. Daha çox cəlbedici təklif isə Azərbaycan sərhədlərini pozduğu üçün ələ keçirilən erməni hərbçilərin, hazırda Azərbaycan həbsxanasında saxlanan erməni diversant Arsen Baqdasaryanla dəyişdirilməsi olub.

Ermənistan hakimiyyəti bir sıra beynəlxalq təşkilatların, Azərbaycan tərəfinin kəlbəcərli girovlarla bağlı müraciətlərini bütün beynəlxalq konvensiyaları pozaraq qulaqardına vurur. Beynəlxalq Qırmızı Xaç Komitəsinin də girovlarla bağlı üzərinə düşən işi lazımınca yerinə yetirə bilmədiyi ortadadır. Bu təşkilatın fəaliyyəti girovlar barədə hərdən bir məlumat, onlardan məktub gətirməkdən o tərəfə keçmir. Kəlbəcərli girovların isə sağlıq durumunun yaxşı olmadığı bildirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi