azia.az
azia.az

Əhaliyə bayramqabağı gözlənilməz sürpriz

15-02-2016, 10:58

Əhaliyə bayramqabağı gözlənilməz sürpriz Qiymət artımı əsasən kənd təsərrüfatı məhsullarında hiss olunur.

Novruz Bayramının yaxınlaşması ilə əlaqədar artıq bazarlarda qiymət artımı hiss edilir. Bahalaşma əsasən kartof, xiyar, pomidor, qoz, fındıq, üzüm və digər bu kimi kənd təsərrüfatı məhsullarında hiss olunur. Satıcılar bildirdilər ki, qiymət artımı həm mövsümlə, həm də bayramın yaxınlaşması ilə əlaqədardır.
“Bir neçə ay əvvəl almanı 60-80 qəpiyə alırdım. Amma indi qışla əlaqədar qiymətlərdə 20-50 qəpik arası bahalaşma var. Buna görə də mən yerli almanı 1.30-1.60 manat arasında satıram. Novruz bayramı yaxınlaşdıqca qiymətlərdə müəyyən qədər artım olacaq”, - deyə satıcı Arif Əmirov bildirdi.
Satıcılar dollar qalxdıqdan sonra ən çox xaricdən gətirilən məhsullarda bahalaşma olduğunu bildirdilər. “Məsələn, süd məhsulları və nar xaricdən gətirilmədiyi üçün onların qiymətində ciddi dəyişikliklər baş verməyib. Amma xaricdən gətirilən meyvə və tərəvəzlərdə 30 faizə yaxın bahalaşma var", - deyə satıcılar bildirdilər.
Müşahidə apardığımız Təzə Bazar və Yasamal bazarında satıcılar alıcılıq qabiliyyətinin çox aşağı olmasından da şikayətləndilər. Buna görə də məhsulları bəzən aşağı qiymətə satmağa məcbur olduqlarını deyirlər.
“Əvvəllər quzu ətini 10-11 manata satırdım. Gün ərzində gələn alıcılara bu qiymətdən aşağı vermirdim. Amma indi alıcılıq qabiliyyəti aşağı olduğu üçün məcbur olub 9.50-9 manata da satıram. Məhsulu da baha alsaq da üzərinə çox pul qoya bilmirik. Qorxuruq ki, qiymətləri qaldırsaq alıcılarımızı tamamilə itirərik ”, - deyə qəssab Nurlan Tahirov bildirdi.
Bazarlarda rəyini soruşduğumuz alıcıların əksəriyyəti qeyd etdi ki, əvvəlki qədər maddi imkanları yaxşı olmadığı üçün bəzi məhsulları almaqdan imtina edirlər və ya təxirə salırlar.
“Məsələn, əvvəllər evdə meyvə qurtardıqda bir gün keçməmiş gedib bazarlıq edirdim. Amma idi isə daha çox gündəlik ərzaq mallarının alışına pul xərcləyirəm. Digər kənd təsərrüfatı məhsullarının alışını isə təxirə salıram və ya təcili lazım olanları alıram”, - deyə alıcı Elnarə Abdullayeva bildirdi.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının nisbətən bahalaşması Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdə də görünür. Komitənin məlumatına görə, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,3 faiz bahalaşıb. Yanvar ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,5 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,2 faiz bahalaşıb.
Komitənin açıqlamasında bitkiçilik məhsullarından buğdanın, noxud və lobya dəninin, fındığın, qozun, xiyarın, pomidorun, kələmin, soğanın, yerkökünün, çuğundurun, heyvanın, narın, xurmanın, almanın, yumurtanın, ev quşlarının, mal və qoyun ətinin istehsalçı qiymətlərində bahalaşma qeydə alınıb.
Həmiçinin heyvandarlıq məhsullarından südün istehsalçı qiyməti ucuzlaşıb. Digər məhsulların qiymətlərində ciddi dəyişiklik müşahidə olunmayıb. Azərbaycanda ötən il dekabrın 21-də baş verən devalivasiyadan sonra ərzaq və kənd təsərrüfatı məhsullarında bahalaşma baş vermişdi.
Bahalaşmadan sonra prezident İlham Əliyevin tapşırıqları əsasında İqtisadiyyat Nazirliyi Baş Prokurorluqla birgə süni qiymət artımına qarşı mübarizəyə başladı. Nəticədə qiymətləri süni şəkildə qaldıram bir neçə nəfər həbs edildi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi