azia.az
azia.az

DƏRZİ GÜLƏBƏTİN

26-09-2019, 11:36

DƏRZİ GÜLƏBƏTİN

[Oçerk]


qış gecəsi idi. Göyün üzünə qaranlıq çökmüşdü. Hər tərəfi qaranlıq cilovlamışdı. Sanki göy üzü qara kələğayı örtmüşdü başına. Bir neçə də ulduzlardan xalları vardı. Qaraxanlı kəndinin işıqları ertədən sönmüşdü. Bəzi evlərdə lampa közərirdi. Kənd sükuta qərq olmuşdu. Heç yerdən səs-səmir gəlmirdi. Hamı elə bil div yuxusuna getmişdi. Heç itlər də hürmürdü. Güləbətin eyvanın dirəyinə söykənərək göy üzünü seyr edirdi. Evdə var-gəl etməkdən yorulmuşdu deyə eyvana çıxmışdı. Havası çatmırdı. Ağrıları get-gedə artırdı. Arada bir dayanırdı. Ona elə gəlirdi ki, artıq keçdi. Lakin bir anlıq yenə də başlayırdı. Yadına düşdü ki, qonşuları Məsmə arvad üçüncü uşağı dünyaya gətirəndə anası ona tez-tez dərindən nəfəs al deyirdi. O da dərindən nəfəs almağa başladı. Elə bildi o an ağrılardan canını qurtara biləcək. Bədənini soyuq tər basırdı. Tər damcıları qulağının dibindən axaraq boynuna tökülürdü. Bircə səhər açılsaydı bəlkə rahatlanardı. Elə bilirdi səhər açılan kimi hər şey yoluna düşəcək. Eyvanda yenidən o baş-bu baş gəzməyə başladı. Lap darıxırdı, köynəyinin yaxasını bir az da açdı. Elə bildi ordan nəfəs alacaq. İndi başa düşdü ki, gəlinlərin doğumqabağı dar köynəkdə olması bu demək imiş. Artıq yükünü yerə qoymaq istəyirdi. İlki olduğu üçün belə şeyləri anlamazdı. Həyat yoldaşı çoxdan yatmışdı. Onu oyatmağa ürəyi gəlmirdi. Qıymırdı ona. Birdən ürəyindən keçdi ki, görən qızdı, oğlan? Bu dəm lap uzaqdan, sanki qonşu kənddən bir xoruz banladı. Bu səs onu sevindirdi. Yəqin bir işarədir deyə gülümsədi. Yaşlı arvadlardan eşitmişdi ki, uşaq ya malayağı doğular, ya sübh çağı mal çölə gedəndə. Bunun mənasını bilmirdi, amma belə eşitmişdi. Elə belə də oldu. Sübhçağı mal çölə gedəndə körpənin səsi damı başına götürdü. Adını Arif qoydular. Hamı atalı-analı, adı ilə böyüsün diləyini etdi. Sonra dalbadal dörd uşaq da dünyaya gətirdi. Namazalı, Ceyran, Xanım, Tərlan. Hər birində də ilk uşağı qədər təlaşlı, sıxıntılı günlər yaşadı.
Həyat yoldaşı Nəsir müəllim işləyirdi. O məktəb direktoru idi. Halal maaşı ilə uşaqlarını böyütməyə çalışırdı. Ailə böyüdükcə çətin günlər də böyüməyə başladı. Güləbətin uşaqları böyütmək üçün həyat yoldaşına kömək edirdi. Onun əlindən hər şey gəlirdi. Çox zəhmətkeş idi. Heç kimə məhəl qoymadan zəhmətə qatlanırdı. Həyətdə balaca bir "əl damı" vardı. Ora onun iş otağı idi. Otağın bir tərəfi dolu idi. Kilim toxumaq üçün dəzgah, bir tərəfində paltar tikmək üçün maşın, stolun üstündə paltar tikmək üçün "əl maşını", bir tərəfdə isə yorğan sırımaq üçün taxt vardı. Bu balaca otağa hər şeyi sığmışdı. Cəhrə, ip əyirməyə yun daramaq üçün daraq, xanası, hörgü hörmək üçün iplər, iynələr, qapının arxasına səhəng vardı. Ən əsası isə yarı hisli lampa pəncərənin üstündədir. O lampa onun çörək ağacı idi. Lampa gah evə çıxırdı, gah da "əl damına" gəlirdi. Kənddə tez-tez işıqlar sönürdü. Uşaqlar yatandan sonra lampanı götürüb "əl damına" gedər, orda işləyərdi. İşləməkdən yorulmaq bilmirdi. Allah ona tükənməz güc vermişdi. Qadın işini də görürdü, kişi işini də. DƏRZİ GÜLƏBƏTİN
Uşaqlar bir-birinin paltarını geyinərək böyüyürdülər. Onların məktəb paltarını özü tikərdi. Köynək, şalvar, qızların şaldonların, fartuxlarını da özü tikərdi. Məktəbdə hər kəs onların paltarına baxardı. Çox gözəl zövqü vardı. Sanki tikiş tikmirdi, əsər yaradırdı. Onun tikdiyi paltarlara hamı heyran qalırdı. Qışda uşaqlara jaket, papaq, corab, şarf da toxuyardı.
Gündüzlər bağda işlər, bağ əkər, gecələri tikiş tikərdi. Gecələr "əl damına" çəkilərək lampa işığında gənc qızlar üçün cehizlik yorğan sırıyardı. Əlinin zəhməti ilə balalarını dolandırardı. Güləbətinin toxuduğu xalça hər kəsinkindən seçilərdi. Qonum-qonşuya da xana qurmağı, xalça toxumağı öyrədərdi. Uşaqlarına da xalça toxumaq öyrətmişdi. Bu işdə ən çox Arif və Xanım ona kömək edərdi. Sonra da toxuduğu xalçanı satıb Arifə, uşaqlara əyin-baş alardı. O, bütün işlərin öhdəsindən gəlməyi bacarırdı. Paltar tikirdi, hövsələsi daralanda xananın arxasına keçərdi, bir az xalça toxuduqdan sonra yorğan sırımağa başlayardı, səbri tükənəndə ip əyirərdi, onu da bir az əyirdikdən sonra yemək bişirməyə başlayardı. Bir əldə neçə işi birdən görərdi. Heç birini də bir-birinə qatmazdı. Övladlarına da vaxt ayırmağı unutmazdı. Onları bir-birinə sevgi ilə böyüdərdi. Uşaqlar bir-birinə bacı-qardaş deyə müraciət edərdilər. Qızlarına tez-tez qulağınızda sırğa edin: hamıya yaxşılıq edin ki, "Qardaşların sağ olsun" desinlər,- deyərdi. Hər biri ali təhsil aldılar. İlk övlad Arif olduğu üçün ailənin ağırlığı onun çiyinləri üzərinə düşürdü. Beləcə uşaqlar böyüdü, hərə bir iş sahibi oldu.
Dərzi Güləbətin övladlarının barını yeməyə başladı. O, 1920-ci ildə doğulmuşdu. Artıq yaşlanmışdı. Nəvə-nəticələri var. Həyat onun üzünə çox da gülmədi. Öncə qızı Xanım 41 yaşında üç övladını anasız qoydu. Xanımın üç övladını sinəsinə çəkərək onlara həm nənə, həm ana, həm ata oldu. Xanım dünyasını dəyişəndə üç körpənin harayı ürək dağladı. Güləbətin uşaqları sinəsinə sıxıb bu ağır dərtdən yaşamaqdansa ölmək istəyirdim, amma bundan sonra yaşayacam, sizin üçün yaşayacam dedi. Bu azmış kimi sonra gözünün ilk oyu Arifi itirdi. Hər çətinliyə sinə gərən bu zəhmətkeş qadın heç vaxt Allaha asi olmadı, əksinə, həmişə "buna da min şükür" kəlməsi dilindən düşmədi. Qızı Xanıma baxanda Arifin 65 il yaşamasına da şükür edir. Bir əsri haxlamış Güləbətin ana gəlimli-gedimli dünyanın hər üzünü görüb. Keçmişini qurdalayıb xatirələri oyadanda söylədiyi bu oldu: Arif çox tərbiyəli, sakit, ağıllı, savadlı uşaq idi. Bir əlində kitab, bir əlində çomaq heyvan otarmağa gedərdi. Əla qiymətlərlə oxuyurdu. Riyaziyyatı gözəl bilirdi. O əsl müəllim idi. Gördüyü bütün uşaqlara da dərs öyrədirdi. Gənclərə necə oturub-durmağı, ədəb qaydalarından danışmağı sevirdi. Hamının dostu idi. Bütün bacı-qardaşlarını Bakıda sinəsinə çəkib oxutdu. Gecə oxuyub, gündüz işləyirdi. Hamısına atalıq etdi. Balamın 12 il övladı olmadı. Rəhmətlik atasına dedim ki, əgər gəlini boşasanız, mən özümü öldürərəm. Çünki onların bir-birinə olan sevgisini görürdüm. Ayrılmalarına razı ola bilməzdim.
Arifim heç kimin qəlbini qırmadı, heç kimi incitmədi bu dünyada. Balam kür adam deyildi, heç kimlə işi olmazdı. Çox sakit uşaq idi. Allah ona bu qədər ömür yazıbmiş. Hər gün xəstəxanadan mənə telefon açardı. Halımı soruşardı. Balam özü ağır xəstə idi, yenə də məndən nigaran idi. Allah onu məndən tez aldı. Yəqin canım fəda olduğumun məsləhəti beləymiş. Bu qədər yaşadığına da min şükür. Güləbətin nənənin indi 98 yaşı var. Nəvələri-nəticələri, oğlu, gəlinləri, qızları onun qayğısına qalırlar...Onların qayğıları ananı sevindirə bilmir... gözləri elə hey yol çəkir...
İki il sonra...
Güləbətin nənə artıq 100 haxlamışdı. Onun üçün ömür hər gün geriyə doğru sayırdı. Doğmalar onu tək buraxmasalar da sanki bu dünyada tək qalmışdı. Özünə yer tapa bilmirdi. Hey axşamın düşməsini, sabahın açılmasını gözləyirdi.
Onun səsi qulağımızdan ömür boyu getməyəcək. Əzəmətli səs idi, o səs. Qüdrətli səs idi, o səs. Əzimkarlıq vardı, qürur vardı, mətinlik vardı, o səsdə, bir az da əzab-əziyyət. İti hafizəsi adamı heyran edirdi. Əsl folklor yaddaşı vardı onda. Gəncliyindən, qurduğu xanalardan, toxuduğu xalçalardan, bayram adət-ənənələrindən, toy-yas mərasimlərindən, milli yeməklərdən sevə-sevə danışardı. Açıb bükə bilmədiyi, söyləməyə cəsarət etmədiyi sözlər də çox idi. Sinəsi sirlə dolu idi. Sirli dünyası vardı. Bəlkə də ona görə haqlı olaraq müdrüklər insanı Allahın kitabı adlandırırlar. Hər adam isə bizə görə Allahın kitabı ola bilmir. Allahın kitabı olan insan cəmiyyətin üz tutduğu, nur saçan işığıdır.
Gəncliyinin gözəlliyi yanağından getməmişdi. Gözəl qadın olduğu cöhrəsindən bəlli idi. İndi onun üçün fəsillər yerini dəyişmiş, dünya bir zərrəcik olmuşdu. Bu dünyada hər nə dəyişsə də, dəyişməz qalan onun cöhrəsi, qəlbi, həyata baxışı, Yaradana şükür etməsi idi. İki övlad payi itirən, övlad acısından köksünə sal yara salan Ana heç vaxt Yaradana ası düşmədi. Viktor Hüqo yazır ki, Uşağını itirən bir ana üçün hər gün ilk gündür, bu iztirab qocalmır. Onun da zitirabı qocalmadı. Qızı Xanımı, oğlu Arifi hər gün yeni itirdi. Qızı Xanımın üç övladını sinəsinə basıb ana əvəzi böyütdü. Onların qayğısı, əzab-əziyyətləri qarşısında əyilməz oldu. Atasız-anasız qalan üç uşaq ona böyük hərflərlə ANA-dedilər. Onlar üçün ata da,ana da Güləbətin nənələri oldu.
Dünyada ən müqəddəs varlıq olan ana övladı üçün canından can ayıran, qanından qan ayıran, ömründən-günündən kəsib övladına calayandır. Heç bir şey qadını analıq sevgisi qədər gözəlləşdirə bilməz. Yaranışın möcüzəsi olan Güləbətin ana Cənnəti ayaqları altına sərmişdir. Hər adam qocala bilmir, qocalsa da ucala bilmir. Qocalıb ucalan, ucalıb müdrük olanlardan idi Güləbətin nənə.
Bilmirəm, Güləbətin nənə hansı fəsli daha çox sevirdi, hansı rəngi daha çox sevirdi. Bircə onu bilirəm ki, insanlığı sevirdi, aliliyi sevirdi, humanistliyi sevirdi. Ədaləti, haqqı, yaxşılıq etməyi, qonaq qarşılamağı, süfrə açmağı sevirdi Güləbətin nənə. Belə olmasaydı, bir nəsil, bir kənd onu bu qədər əziz tutmazdı.
Övlad neçə yaşında olur olsun ana itkisi ağır olur. Namazəli müəllim üçün də ana itkisi ağır oldu. Hər gün sabahın xeyir ana, gecən xeyirə qalsın ana deyən övlad indi onun yataq otağına gedib boş çarpayı ilə qarşılaşır. Ana nəfəsi ilə isinən otaq indi soyuqdur.
Fərqsizdir ana yaşı,
İtkisi gözüm yaşı,
Bir öpüşünə dəyməz,
Qızıl olsa baş daşı. [Rəhman Mustafayev]
Türk Anasının övladı neçə yaşda olur olsun onun üçün hələ uşaq sayılır. Ana övladını gözündə böyütsə də, yaşını böyüdə bilmir. Övlad üçün də ananın yaşı olmur. Ana hansı yaşda dünyadan köç edirsə övladı üçün gənc sayılır. Aida Şirinova şeirlərindən birində “Anaların yaşı olmur” ifadəsi ilə fikrimizi tam təsdiqləyir.
Çaşdırıbdı fələk məni,
Söyləyibdi: “çək bu qəmi”
Tüstülənir həsrət dəmi,
Harda olsam, hara getsəm,
Neyləsəm də,
Bu itkinin yeri dolmur.
Ey insanlar!
Anaların yaşı olmur.
Ömrün payız çağı, çovğunlu-boranlı, qarlı qışa dönərək Güləbətin nənəni hər an Yaradana doğru yaxınlaşdırırdı. O Yaradanına qovuşmağa tələsirdi. Orda, cənnətdə övladlarını görmək arzusuyla yanırdı hər gün.
Güləbətin nənənin ömrü 100-ə çatmağa vəfa etmədi. Sentyabrın 12 də ömrünü başa vurdu. Doğmaları onu Qaraxanlı kəndində son mənzilə uğurladılar.
Doğmalarına, əzizlərinə, oğlu Namazəli müəllimə dərin hüznlə baş sağlığı veririk. Məkanı cənnət olsun, ruhu çad olsun. Allah rəhmət etsin.
İlhamə Qəsəbova,
Filologiya üzrə fəlsəfə doktoru, dosent

DƏRZİ GÜLƏBƏTİN


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi