azia.az
azia.az

Oğullarına qız almaq üçün Azərbaycana gəldi, 45 min TL pulları getdi

22-05-2020, 14:29


Türkiyənin Manisa bölgəsində yaşayan ailənin başına “Şaban filmləri”nin ssenarisini xatırladan hadisə gəlib.
Oğullarına qız almaq üçün Azərbaycana gəldi, 45 min TL pulları getdi
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Manisanın Yunusemre rayonuna bağlı ucqar Süngüllü məhəlləsində yaşayan Kadir Uslu, arvadı Nazife Uslu oğulları Halil İbrahim Usluyu evləndirmək üçün onlara “qız tapdığını” deyən azərbaycanlı qadına inanıb, həmin qadının vasitəçiliyi ilə Azərbaycana gəlib.

Lakin 10 gün Azərbaycanda qalandan və 10 min TL pulları gedəndən sonra sonra oğullarını burada evləndirə bilməyəcəklərini anlayan ailə Manisaya geri dönüb. Və yolda avtobusda qarşılaşdıqları şəxs onlara İğdırda “qız tapacağını” deyərək aldadıb.



Başlarına gələnləri jurnalistlərə danışan ata Kadir Uslu deyir: “Bizə bir azərbaycanlı qadın tövsiyə etdilər. Apardılar qadının yanına. Qadın Azərbaycanda oğlumuzla evləndirmək üçün qız tapdığını dedi, bizdən 10 min TL pul istədi. Xarici pasportlar aldıq, qadına bir miqdar pul verdik, Azərbaycana getdik. Azərbaycanda 10 gün qaldıq, amma işimiz alınmadı. Azərbaycandan dönərkən avtobusda müavin (sürücünün yardımçısı) mənə tərəf gəldi. Mən də ona başımıza gələnləri danışdım. Bizə qız tapa biləcəyini dedi. Manisaya döndükdən təxminən ay yarım sonra Murad adlı həmin adam mənimlə əlaqə saxladı. “Sizə qohumlardan qız tapdım. İğdıra gəlin” dedi. Yanvarın 7-də biz buradan İğdıra getdik. Orada “rus bazarı” deyilən yerdə bizi qarşıladılar. Bir evə götürdülər, qızı göstərdilər. Həmin gecə o evdə qaldıq...”

Ertəsi gün həmin şəxslər ailəni qızıl mağazasına aparıb, toy üçün qızıl-zinət əşyaları aldırıb. Uslu ailəsi qızıl üzük, sırqa, qolbaq, saat üçün 16 min 700 TL xərcləyib.



Halil Uslu əhvalatın gerisini belə nəql edir:

-“Başlıq pulunu Manisada versək olarmı?” dedik. Əvvəlcə “olar” dedilər. Sonra qızın qardaşlaır kimi təqdim etdikləri iki nəfərə 2 min 600 və 2 min 500 TL olmaqla pul verdik. 600 TL isə avtobus sürücüsünün yardımçısı olan həmin Murada verdik, 400 TL yengəsinə verdik. Sonra dedilər ki, başlıq pulunu burada vermək lazımdır. Zərgərə gedərək 20 min TL-yə 10 ədəd qızıl külçə hazırlatdıq. Bunlar bizi oradan maşın tutub Manisaya gətirəcəklərini demişdi. Maşına 305 TL-lik yanacaq da aldıq. Yola çıxdıq, amma çox keçmədən nəyisə yaddan çıxardıqlarını deyib geri qayıtmağı istədilər. İğdıra geri döndük. İğdırda bizi bir yerdə düşürdülər. “Bizim buralarda dava edərlər, siz burada gözləyin” dedilər. Biz də gözləməyə başladıq...

Uslu ailəsi orada xeyli gözləsələr də adamlar, yəni “qız və qohum-əqrəbası” gəlib çıxmır. Aradan bir müddət keçəndən sonra özünü qızın qardaşı kimi təqdim edən Ercan adlı şəxs ona zəng vurur. “Biz Ərzuruma tərəf gedirik, siz də taksiylə ora gəlin, qızı alın” deyir. Sonra qız da zəng vurdu, “qurtar məni” deyir.



“Mən də “dövlətəm ki, səni qurtarım?” dedim. O arada yaxınlıqdakı mağazalardan birinin sahibi bizdən nə baş verdiyini soruşdu. Başımıza gələnləri danışandan sonra bizə aldadıldığımızı dedi. Dərhal polis bölməsinə gedib ifadə verdik. Polislər bizi alış-veriş etdiyimiz zərgərlik mağazasına apardı, oradakı görüntülərə baxanda Murad, Ercan və Serap adlı şəxsləri tanıdıq. Məlum oldu ki, bu şəxslər dələduzluğa görə əvvəllər də məhkum olunublar”, -Kadir Uslu deyib.

Uslu ailəsi oğullarını evləndirmək üçün qoyunlarını girov qoyub cəmi 45 min TL kredit götürübmüş və həmin pulların hamısı dələduzlara yem olub.

“Bizi ələ saldılar. İndi isə “biz terrorçuyuq, sizi öldürərik” deyə zəng vururlar. Adamlar bizə zəng vurub “dövlət tanımarıq biz, öldürərik” deyirlər. Həm pullarımız getdi, həm oğlumuzu evləndirmək xəyallarımız puç oldu. Bu adamların dərhal mühakimə olunmasını istəyirik...”-sadəlövh kəndli deyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi