Çelyabinskdə kazaklar azərbaycanlı biznesmenin ailəsini şil-küt etdi
Rusiyanın Çelyabinsk vilayətinin Verxniy Ufaley şəhərində yerli kazak stanitsasının üç nümayəndəsi, o cümlədən Uralda tanınmış əlbəyaxa döyüş ustası Sergey Kalinin azərbaycanlı biznesmen Eminəli Musayevi, onun oğlanları İlqarı və Elfəti xüsusi amansızlıqla döyüb. Virtualaz.org xəbər verir ki, bu əhvalat haqda Znak.com yazır.
Saytın yazdığına görə əvvəlcə iyulun 2-də yerli kafelərdən birində Eminəli Musayevin 24 yaşlı oğlu İlqarı qəddarcasına döyüblər, onun əlini qandallayıblar, qumbara ilə partlatmaqla hədələyiblər. Ertəsi gün iyulun 3-də İlqar atası və qardaşı ilə birlikdə məsələni dinc yolla həll etmək üçün kazaklarla görüşəndə onlara bir dəstə kazak birbaşa yerli kazakların lideri İqor Sıqanovun evinin yanında hücum edərək xüsusi amansızlıqla döyüblər.
İlqar danışır ki, o yarım il əvvəl keçmiş xüsusi təyinatlı döyüşçü, döyüş əməliyyatlarının veteranı İvan Spiridonovla yüngül mübahisə edib. Mübahisə deyəndə masadan qalxıb və stulu ayağı ilə itələyib. Bu da Spiridonovun xoşuna gəlməyib, amma tərəflər bir-biri ilə danışıb ayrılıblar. O vaxtdan İlqar İvanı görməyib.
“Bir müddət əvvəl mən də onlarla birlikdə kazak dəstəsinə üzv olmaq fikrinə gəldim. Lakin ümumi tanışlarımız dedilər ki, məni kazak dəstəsinə götürməzlər. Çünki müsəlmanam, onlar isə pravoslavdır, üstəlik özlərini slavyan sayırlar. Bu haqda kazakların özləri ilə də danışdım. Lakin iyulun 1-də mənə kazakların liderlərindən biri, əlbəyaxa döyüş üzrə çempion Sergey Kalinin zəng vurub soruşdu ki, kazakların sıralarına daxil olmaq fikrimdə qalırammı. Mən dedim ki, yox, məsələ bağlandı. O cavab verdi ki, deməli mən onları ələ salıram və ertəsi gün görüşməyi təklif etdi. Dedim telefonda danışmaq bəs eləmir? Dedi “yox”...”-zərərçəkən deyir.
Ertəsi gün Sergey yenidən İlqara zəng edir və “Sozvezdiya” kafesində görüşməyi təklif edir, deyir ki, görüşə qardaşı ilə gələcək. İlqar isə İlya adlı dostu ilə gedir.
“İçəri girəndə gördüm ki, masa arxasında Kalinin, onun yaxşı tanıdığım qardaşı Rodion və həmin İvan Spiridonov oturublar. Hamıyla salamlaşdım. Kalinin başladı ki, “sən bilmirsən kiminlə danışırsan? Biz sənə necə danışmaq lazım olduğunu başa salarıq”. Bundan sonra Spriridonov məni söyməyə başladı, ona cavab verməyə cəhd edən kimi Kalinin qalxıb mənə zərbələr endirdi, stuldan yıxdı. Dərhal Rodion başladı məni döyməyə. Sergey isə başıma zərbələr endirirdi. İvan isə tapançanı çıxarıb kafenin içində havaya atəş açmağa başladı. Dostum İlya məni qorumağa çalışdı, amma alınmadı. Kalinin qamçını götürüb məni döyməyə başladı, sonra qoluma qandal keçirdi, döşəmədən qaldırıb boğmağa başladı. Bu vaxt kafenin sahibi müdaxilə etməyə çalışdı, dedi davanı başqa yerdə edin. Sergey qışqırmağa başladı: “Səni əvvəldən meşəyə aparmaq lazım idi”. O məni küçəyə sürüdü, başımı döşəməyə vurdu, artıq nə görə, nə eşidə bilirdim...”
İlqar deyir ki, onu küçəyə sürüyəndən sonra həmin üç nəfər yenə hədələməyə başlayıb. Sergey deyib ki, bura onların şəhəridir, azərbaycanlı isə özünü yaxşı aparmır. Bu vaxt onun əlində qumbara olub.
“Sonra Kalinin qumbaranı İvana verdi və o Rodionla çıxıb getdi. Kalinin də gedəndən sonra mən gördüm ki, qaça bilərəm. Və qaçdım. Maşına oturub uzaqlaşdı. Qandalı evdə çıxardılar...”,-azərbaycanlı gənc deyir.
İlqarın arvadı bütün gecəni ona yalvarıb ki, baş verənlər haqda polisə şikayət etsin. Sonra qardaşı Elfət zəng vurub və deyib ki, həmin adamlarla münaqişəni dinc yoluna qoymaq lazımdır.
“Mən Sergeyə zəng vurub dedim ki, danışmaq lazımdır, münaqişə istəmirəm. Dedi ki, yox, başqa şəhərdədir. Sonra atama kimsə tanımadığı adam zəng vurdu, deyəsən diaspordan Rauf adlı hörmətli adam idi, yaxud kazak stanitsasının lideri İqor Sıqanov. Atam bizsiz onlarla görüşə getdi, biz isə polisə ərizə yazmağa. Ərizə yazmağa təzə başlamışdıq ki, atam gəldi. Xahiş etdi ki, gedək kazaklarla məsələni yoluna qoyaq, əl sıxaq. Biz üçümüz atamın maşınında getdik”,-İlqar deyir.
Onlar Sıqanovun evinin yanında maşından düşüblər, həmin Rauf və Sıqanov özü də orada olub. İlqar hər şeyi danışıb. Sıqanov isə tez-tez Kalininə zəng vururmuş. Bir neçə dəqiqə sonra Sergey Kalinin, qardaşı, xüsusi təyinatlı İvan və daha beş nəfər qəfildən peyda olaraq Musayevlərə hücum ediblər. Onların hamısı kazak formasında və silahlı olub.
“Kalinin gələn kimi soruşdu: “Kimdi bizimlə danışmaq istəyən?” və dərhal qılıncın qını ilə Elfətin sifətindən vurdu. Ardınca hər tərəfdən 15-20 kazak toplaşdı, kimisi formada idi, kimisi yox. Mühasirəyə aldılar, bizi sadəcə olaraq öldürürdülər. Yerlə sürüdülər, necə gəldi vurdular. Sonra havaya atəş açdılar. Spiridonov əlindəki tüfənglə atamın əlindən yaraladı. Hadisə yerin polislər gəlsə də müdaxilə etmədilər, baş verənləri telefona çəkməyə başladılar...”,-İlqar Musayev deyir.
Hadisə ilə bağlı Kalinin qardaşları və Spiridonov saxlanılıblar, onların barəsində qrup halında xuliqanlıq etmə maddəsi ilə cinayət işi qaldırıblar. Lakin İlqar deyir ki, kazaklar onu və qardaşını, atasını ölümcül döyüblər, bu maddə yüngüldür.
Yerli sakinlər də deyirlər ki, kazaklar dəstəsi əsl millətçilərdir, xüsusən də Sergey Kalininin qrupu. Onlar şəhərdə tamamilə özbaşınalıq edirlər.
“Bizdə heç vaxt kazaklar olmayıb, proletar şəhəri olub. Son beş ildə isə onları kütləvi şəkildə bizə yeridirlər. Bizim pullarımızla özbaşınalıq, harınlıq edirlər. Tamamilə avaralardan və cinayətkar ünsürlərdən ibarətdir, polisin sağ əlidir. Əsasən idmançılar dəstəyə daxil olur, üstəlik millətçilərdir. Bunlar mütəşəkkil cinayətkar qruplaşmadır və qarşısı alınmasa hamımızı şəhərdən qovacaqlar”,-sakinlər deyir.