azia.az
azia.az

8 Noyabr zəfəri son 200 illik tariximizdə qazandığımız ən böyük qələbədir

Bu gün, 12:37

Səmyar Abdullayev, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində igidlik, mərdlik, böyük qəhrəmanlıq göstərərək, Dağlıq Qarabağ da daxil olmaqla, işğal altındakı ərazilərimizi azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Uzun illər beynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan Azərbaycan Prezidentinin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Bu unudulmaz zəfərin əsas müəllifi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun rəhbərlik etdiyi Azərbaycan Ordusudur.  

Əldə olunan bu tarixi qələbə eyni zamanda  Ulu öndər Heydər Əliyevin memarı olduğu, Prezident cənab İlham Əliyevin ölkəmizdə bütün sahələr üzrə böyük  uğurla həyata keçirdiyi inkişafın, xüsusilə də ordu quruculuğunda əldə olunan böyük nailiyyətlərin nəticəsidir. Vətən müharibəsində qazanılan möhtəşəm qələbə tariximizin ən parlaq səhifəsidir. 

Qazanılan tarixi qələbə uğrunda şəhid olan igidlərimizin ailələri, qazilər və veteranlar daim dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Göstərilən diqqət və bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət siyasətində prioritet təşkil edir.

Qeyd edim ki, 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. 

2023-cü ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatı ilə ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edilməsinin, Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dövlət bayrağımızın qaldırılmasının qürurverici bir an olduğunu, daha sonra Zəfər Paradının Xankəndidə keçirilməsi xalqımızın qüdrətinin, ordumuzun rəşadət və hünərinin bir daha nümayişi idi. Xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin artıq dövlətimizin bir rəmzinə çevrildiyinin şahidi oluruq. 

Vətən müharibəsində qazanılan hərbi-siyasi qələbədən sonra dövlətimiz və xalqımız öz tarixinin tamamilə yeni və qürur doğuran mərhələsinə qədəm qoyub. İndi dünya birliyi, beynəlxalq ictimaiyyət Azərbaycanı yalnız müxtəlif sahələrdə uğurlara imza atan bir məmləkət deyil, həm də qüdrətli bir dövlət kimi tanıyır. Vaxtilə Ümummilli Lider Heydər Əliyevin qurtuluş bəxş etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənərək, yüksələrək, ən ağrılı problemini həll etməyə qadir olan mütləq gücə çevrilib. 

Son iki yüz illik Azərbaycan tarixinə nəzər salarkən şahidi oluruq ki, davakar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulması Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrünün başlanmasına təkan vermişdir. Yenilməz sərkərdəsinin və uzaqgörən liderinin rəhbərliyi ilə möhtəşəm qələbəni əldə edən xalqımız, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə  bəyan  etmişdir.

Bu bir faktdır ki, Zəfərə gedən yol xalqımıza çox böyük itkilər hesabına başa gəlmişdir. On minlələ azərbaycanlı qətlə yetirilmiş, yaralanmış və şikəst edilmiş, kütləvi etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və köçkünlük həyatı yaşamağa məhkum edilmişdir. Hələ Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bugünədək məlum deyildir...

Qeyd edim ki, qalib Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi uğurlar özünü Qarabağda, Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işlərində də göstərir. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. Məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönələn nəhəng layihələr həyata keçirilir. 

Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti Vətən müharibəsində qazanılmış tarixi Zəfərin nailiyyətlərini qorumaq, xalqımıza və dövlətimizə qarşı yeni düşmənçilik hərəkətlərinin qarşısını almaq üçün bundan sonra da bütün zəruri tədbirləri görəcək.   



 

  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi