İraq və Azərbaycan beynəlxalq tribunalarda bütün dövrlərdə həmrəylik nümayiş etdirib, bir-birini qarşılıqlı şəkildə dəstəkləyib
Mahirə Hüseynova, professor, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya fakültəsinin dekan v.i.e
Azərbaycanın Ermənistan üzərindəki tarixi qələbəsindən sonar ölkəmizin dünya miqyasındakı mövqeyi daha da möhkəmlənmiş, son illər Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmışdır. İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin bir neçə gün əvvəl Azərbaycana səfəri diplomatik əlaqələr tarixi boyunca ilk rəsmi səfər olmasına baxmayaraq İraq və Azərbaycan beynəlxalq tribunalarda bütün dövrlərdə həmrəylik nümayiş etdirib, bir-birini qarşılıqlı şəkildə dəstəkləyib.
Bu gün Azərbaycan bütün beynəlxalq siyasi platformaların nüfüzlu üzvü və super dövlətlərin belə etibarlı tərəfdaşıdır. Zəfər savaşından sonra dövlətimizin artan qüdrəti və regional liderliyi xarici siyasət kursunun nə qədər mükəmməl və dəqiq həyata keçirildiyini təsdiqləyir.
Ölkəmizin aktiv iştirakçısı olduğu beynəlxalq platformalardan biri də şübhəsiz İslam Əməkdaşlıq Təşkilatıdır. İslam dünyasının tərkib hissəsi olan dövlətlərin həm ittifaqdaxili, həm də ikitərəfli əlaqələrinin inkişafında Azərbaycan əsas rol oynamaqla özünün beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, Asiya ilə Avropanın əlaqələrinin möhkəmlənməsində də mühüm aktora çevrilir.
Dövlətimizin başçısı İraq Prezidenti ilə görüş zamanı Ermənistan – Azərbaycan münasibətlərinin hazırki vəziyyəti, ümumiyyətlə, 1990-cı ildən bəri baş verənlər barəsində məlumat verdi. Prezident İlham Əliyev Qarabağdakı qeyri-qanuni rejimin süquta uğramasından da söhbət açıb: “Azərbaycan 28 il sonra beynəlxalq səviyyədə tanınmış ərazilərini döyüş meydanında, hərbi güclə beynəlxalq hüququn bizə verdiyi imkandan istifadə edərək işğaldan azad etdi”. Azərbaycanın müharibə istəmədiyini bildirən Prezident İlham Əliyev ölkəmizin regionda sülhün tərəfdarı olduğunu söylədi və dövlət olaraq marionet imicli Ermənistanı yeni münaqişəyə cəlb edən Fransanın Cənubi Qafqazda destruktiv siyasətindən, regional sabitliyə ciddi təhlükə ola biləcək fəaliyyətindən söhbət açdı.
Ölkəmizin başçısı İraq Prezidenti ilə görüşündə Azərbaycanın qəti mövqeyini bir daha ortaya qoyaraq bildirmişdir ki: “Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Azərbaycan sülhə hazırdır. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq”.
İraq Prezidentinin ölkəmizə səfəri zamanı diqqətçəkən məqamlardan biri də iki ölkə arasında imzalanan sənədlər oldu. Ölkələr arasında birbaşa aviareyslərin təşkil olunması, vizaların verilməsi prosesinin sadələşdirilməsi ilə bağlı müzakirələr, sosial, turizim sahələrində Anlaşma Memorandumunun imzalanması ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaqdır.