Yasamal rayonu, Hüseyn Cavid prospektində gərgin anlar yaşanıb.
Musavat.com xəbər verir ki, adıçəkilən ünvanda bir müddətdir ki, söküntü işləri ilə bağlı danışıqlar gedirmiş, amma sakinlər onlara təklif edilən qiymətlə razılaşmayıblar. Buna baxmayaraq, bu gün, axşam saatlarında iş maşınları əraziyə gələrək, binaları sökməyə cəhd ediblər. Bu zaman sakinlərlə söküntü işlərini aparanlar arasında qarşıdurma yaşanıb. Sakinlərin musavat.com-a verdiyi məlumata görə, ərazini almaq istəyən "Olympus Park" yaşayış kompleksinin sahibidir. Həmin şəxs sakinlərin evi üçün ödənişi etmədən evləri sökmək istəyir.
Əldə etdiyimiz məlumata görə, söküntü işlərini aparmağa gələn şəxslər həm sakinlərə, həm də çəkiliş aparmaq üçün əraziyə gələn jurnalistlərə daş atırlar və fiziki güc tətbiq ediblər. Son dəqiqə aldığımız məlumata görə, artıq evlərdən biri tamamilə uçurulub. Mənzildən ev sahibləri heç bir əşyalarını çıxara bilməyiblər. Söküntü isə davam edir.