azia.az
azia.az

Bizim heç vaxt doğrulmayan proqnozlar

11-11-2016, 09:25

Bizim heç vaxt doğrulmayan proqnozlar
Təvazökarlıqdan Kapitoli təpəsi və Potomak çayı qədər uzaq olsa da, deməliyəm ki, ABŞ-da kimin prezident olacağına dair ən düzgün proqnozu özüm vermişdim: demişdim ki, ya Klinton olacaq, ya da Tramp

Göründüyü kimi, proqnozum yüzdə-yüz doğrulub, proqnozun “ya da Tramp” hissəsi tutub: Tramp triumf qazanıb, “Vaşinqton post” qəzetinin sözü olmasın, “Trump triumphs”.

Zarafatsız, ortada ölkəmizin politoloq və siyasətşünaslarının, ekspert və müşahidəçilərinin bu qədər kütləvi şəkildə yanılqıya məruz qalması faktını var. Biz yekdilliklə (kiçik istisnaları nəzərə almasaq) xanım Klintonun prezident olacağına əmin idik və yekdilliklə yanıldıq.

Əslində mən özüm yayda (iyunun 14-də) yazdığım bir yazımda “belə getsə, Tramp prezident olacaq” yazmışdım, amma səmimi şəkildə etiraf edirəm ki, işlərin belə getməyəcəyini, Klintonun prezident olacağını düşünürdüm.

Bəlkə də bizim proqnozumuz düz idi, sadəcə, amerikalı seçicicilər düzgün seçim etmədilər.

Yəni normalda belə olmamalıydı, amma gəldi oldu.

Bu durumu nəyə bənzətmək olar? Hesab edin ki, “Barselona” ilə “Rubin” (Kazan) oynayır, dünyanın bütün bukmeker kontorlarında mərc qoşanlar ın 90 faizi “Barsa”nın qələbə qazanacağını proqnozlaşdırırlar, amma “Rubin” vurub “Barsa”nı udur.

Belə yerdə azarkeşlər adətən nə edirlər? Heç nə, kütləvi şəkildə düşünürlər ki, “Barsa” oyunu satıb, qəsdən uduzub ki, “Rubin”in qələbəsinə pul qoyan öz adamları külli miqdarda pul-para qazansınlar.

Amma eyni şeyi Tramp-Klinton yarışmasına aid etmək olmaz. O baxımdan ki, ortalıqda milyardların söhbəti olsa da, Klinton Trampa qəsdən uduzmazdı.

Ona görə də mən milli proqnozçularımızı növbəti qlobal proqnozlarının yanlış çıxması münasibətilə qınamıram.

İndi bəziləri müdrik-müdrik deyirlər ki, hər şey əvvəlcədən düzülüb-qoşulmuşdu, ABŞ-ın “dərin dövləti” Trampı prezident etmək istəyirdi, onu da etdi.

Bəlkə də elədir. Amma hörmətli teoretiklər, üç gün öncə siz deyildinizmi, “ABŞ-ın ”dərin dövləti" Klintonu prezident etmək istəyir və edəcək" deyən? Siz idiniz. Demək ki, ya ABŞ-ın “dərin dövlət”inin addımlarını düzgün proqnozlaşdıra bilmirsiniz, ya da bu məsələləri “dərin dövlət” yox, “dayaz düşünən” seçicilər həll edir.

Hərçənd bir məsələ də var. ABŞ-ın Federal Təhqiqat Bürosunun şefi Ceyms Kominin seçkiyə bir həftə qalmış Klintonu “vurması” və Trampa yaşıl işıq yandırmasını “dərin dövlət”in seçimi saymaq olar. Bununla belə, yenə də seçkinin taleyini məhz seçicilər həll edib. Bu quşqusuz belədir.

Bir oxumuş adam var, deyir ki, Tramp “təklənmişlik sindromu”na görə qalib gəlib. Yəni bütün dünya itli-pişikli adamın üstünə tökülmüşdü, necə deyərlər, hamı bir fağır Tramp tapmışdı, sağdan da vururdu, soldan da, ABŞ camaatı isə bu təklənmiş adama qahmar çıxdı.

Ola bilər. Doğrudan da Trampı o cür palazarası etmək, üzünə qadınlar durğuzmaq, bisavadlıqda, ağılsızlıqda, dəlilikdə ittiham etmək lazım deyildi. Birincisi, bir dəli o qədər milyardı qazana bilməz, ikincisi, bir neçə mərhələdən keçib gəlib o boyda partiyanın vahid namizədi olmağı bacarmaz. Demək, nəsə bir şey varmış.

Bəzi proqnozçu dostlar var, hazırda yeni proqnozlarla çıxış edirlər. Tramp hələ Ağ Evə köçməyib, işə başlamayıb, bunlar deyirlər ki, o, müddətinin sonunadək prezident olmayacaq və əvvəl-axır yerinə vitse-prezident postuna seçilmiş Maykl Pens keçəcək.
Bəs bu necə baş verəcək? Bir proqnozçu deyir ki, Trampı impiçment edəcəklər. Yəni prokurorluğa verəcək, barəsində cinayət işi açacaqlar, o da məcbur qalıb “istefa verirəm” deyəcək. Bu, ən yaxşı variantdır.

İkinci variant isə ondan ibarətdir ki, Tramp özünü pis aparsa, onu Dallasa (yaxud da Kanzasa, Arkanzasa, Nevadaya, Koloradoya) aparacaqlar, Osvald kimi bir snayper tapacaq, əlinə durbinli tüfəngi verib deyəcəklər: “O uzun, ağbaş kişini görürsənmi, bax, rəhmətlik odur”.

Bunlar, əlbəttə ki, dünyanın altını, üstünü, hər şeyi bilən azərbaycanlıların proqnozudur. Ümid edək ki, bu proqnozlarun axırı da o birilərinki kimi olacaq.

Hərçənd Maykl Pens ciddi kişiyə oxşayır, ondan yaxşı prezident olar. Əgər o, prezident olsa, bu yazını bir daha oxuyacaqsınız.(musavat.com)

Yazar : Samir SARI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi