Dalğalan bayrağım, əs Turanımda, dalğalan yol eylə Qarabağıma!
Şərafət Şəfa
CƏBHƏ TƏƏSSÜRATLARIM
Mən atəş tək alovlanıb vətən üçün
Sərhədləri aşıb keçmək istəyirəm.
Qan ağlayan ürəyimi sökə-sökə,
Turanıma sipər çəkmək istəyirəm.
Tarixlərin yalan olan rəflərini dağdaraq,
Minniliyin düşməninə hayqıraraq,
Gur səsimlə şimal-cənub sədlərini uçuraraq
Bütövləşmək istəyirəm.....
TURAN olmaq istəyirəm!
Və bu istəyimlə də aprelin 4-ü Qarabağa doğru yol aldım. Qəlbimdə böyük vüqar, alnımda nigarançılıq qırışları Vətənin gözəl havasını uda-uda gəlib çıxdım Ağdama. Kəlbəcər rayonunun işğal gününə təsadüf edən atışma bəlkə də ermənilərin bizə meydan oxumaq istəyi idi. Lakin onlar 90-cı illərin ordusundan çox-çox fərqlənən rəşadətli ordumuzun gücündən bixəbər kimi görünmələri ikrahediciydi. Milli Ordumuzun şir biləkli əsgərləri ermənilərin burunlarını elə ovdu ki, hətta Qarabağda məskunlaşan ermənilər belə qaçmağa üz tutdular. Bu uzun illərin davam edən münaqişəsində ilk həmlə idi ki, nəinki Azərbaycanda, hətta bütün dünyadakı azərbaycanlıları həmrəy etdi. Bütün dünya ölkələrinin küçələrində Azərbaycan bayrağı dalğalandı. Yolboyu könüllülər dəstələri, əllərində şanlı bayraq olan gənclərin “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ bizimdi, bizim olacaq!” sədaları altında yol getməkdən gözəl nə var ki..?! Mən də rastlaşdıqca onlara qoşuldum bayraq şeirimlə.
Dalgalan, Bayragım, əs Turanıma..
köksümdə alısan közüm var mənim.
dalgalan, yol eylə Qarabagıma,
Ona deyiləsi sözüm var mənim..
Kəfənim biçilsin sənin rənginlə,
Himn ilə tapsirin məni torpaga.
Qələbə əzminlə xos ahənginlə,
Dalgalan bayragım, əs Qarabaga..
Göylərdə qanadlı mənim bayragım,
Çingiz, Mübarizin ruhundadı o.
vətən sevgisiylı coşan çagların,
Şəmşir, Ədalətin sazındadı o.
Dalgalan, Bayragım, əs Turanıma..
köksümdə alısan közüm var mənim.
Dalgalan, yol eylə Qarabagıma,
Hələ deyiləsi sözüm var mənim.
Zaman-zaman baş verən savaşlar yalnız torpaq uğrunda olmuşdur ki, hal-hazırda da “Qarabağ” adıyla davam etməkdəydi. “Canımızı verərik, amma Vətəndən keçmərik”- deyə döyüşlərə atılanlar sırasında neçə-neçə igidimizin adı var. Hər bir Azərbaycan övladının xoş sorağı qəlbimizi fərəhlə doldurur, ürəkləri riqqətə gətirir. Şəhadət kürsüsünə qalxanları belə “Şəhidliyin mübarək!” –şüarlarıyla qarşılayırdıq.
Daha bir könüllü ilə rastlaşıram. 1983-1985-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olan, 1988-ci ildən xalq hərəkatına qoşularaq 1990-cı ilin 20 Yanvarinda yaralanaraq I qrup əlil olub. Daha sonra 1992-1994-cü illərdə Qarabağda döyüşüb. 1994-1998-ci illərdə Çeçenisatanda döyüşlərdə iştirak edib. 1997- ci ilə Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə Çeçenistanın Milli Qəhrəmanı fəxri adını alan Arif Məhərrəmov. Əl ağaclarına dayaqlanaraq maşınının hər iki tərəfində bayraq dalğalanan qəhrəmanı xəstə yatağından döyüş bölgəsinə aparan məhz əsgərlərimizin şücaəti və düşmənin müqavimətini qıraraq öz torpaqlarımızın bir hissəsini geri qaytarması olub. Kövrək notlara köklənən Arif Məhərrəmov: -“Bu gün qürur günümüzdü, bu gün fəxr günümüzdü. Bir baxın rayonlarımızın küçələrinə, yollarına, nə qədər könüllü, nə qədər vətənsevər həmrəydi bu gün. Bakının bütün binalarında, şütüyən maşınlarda bayrağımız dalğalanır. Mən xəstə olsam belə necə yata bilərdim? Orda oğullar qəhrəmanlıq dastanı yazırlar, yatmaq vaxtı deyil, yolum qəhrəman Tərtərədi!”-dedi.
Bütün yollarda asayiş keşikçiləri sevinclə uğurlayır, xoş xəbərlə dönməmi arzulayırdılar. Sosial şəbəkədən səfərimi bilən rayonlardakı dost-tanış zəng vurur, qonaq dəvət edirdilər.Bunun qüruru isə duyğuların kulminasiyasıdı.
Bu da bizim Qarabağın gözü Ağdam. Burda insanlar öz həyatlarını yaşayır sanki müharibə, atəş səsləri yoxmuş kimi. Kimi əkin-biçində, kimi atışma tərəfə yol almaqda, kimi mal-heyvanını otarmaqda... Yolda rastlaşdığım Məryəm anadan hansı kənddən olduğunu belə soruşmaq ağlıma gəlmədi. Çünki bu zonada hamı eyni, birevli kimiydilər. Mən də özümü burada doğulmuş kimi hiss eləyirdim. O qədər doğmalıq, o qədər mehribanlıq vardı ki... Ortaq dərd hamını eyni xarakterə malik etmişdi. Hamıda böyük ruh yüksəkliyi vardı. Bu dava əvvəlki davalara bənzəmirdi. Bu əslində dava yox, ümidlərin közərən işartısı, sönən ocaqların alovlanması, yurd vüsalının qovuşmaq istəyinin qanadları idi. Bu o an idi ki bütün dünya azərbaycanlıları sinələrini sipər etməyə hazırdılar. Bütün azərbaycanlıların bu coşğusu baharla birgə Qarabağ əhlinə də yeni ruh, coşqu gətirmişdi. inam gətirmişdi. Ali Baş Komandana, Müdafiə nazirinə, Milli Orduya böyük güvən gətirmişdi!!! Artıq hamıda bir inam formalaşmışdı. Qarabağ bizimdi!!!
Keçmiş Qarabağ döyüşçüsü Ramiz İsmayılovla müsahib oldum. O, keçmiş xatirələrindən danışaraq müharibənin dəhşətlərindən söz açdı. Aprel hadisələrindən qürurla danışan döyüşçü, Milli Ordumuzun gücündən, nizamından da fəxrlə danışdı. “Azərbaycan əsgəri bu gün qətiyyətli, güclü və tam praktikaya sahibdi. Məhz Ali Baş Komandanımızın hərb sahəsinə olan diqqətinin təzahürüdü bu qələbə. Bu gün bizim güclü və nizami ordumuz var. Təbii ki, müharibə varsa, qazilik də var, şəhidlik də. Allahdan yaralı əsgərlərimizə şəfa, şəhidlərimizə rəhmət diləyirəm!”- deyə vurğuladı.
Daha bir müsahibim əslən Ağcabədi rayonundan olan Tofiq Sultanovdu. Ömrünün 56-cı baharını yaşayan ağsaqqalımız Qarabağın keçmişindən söz açarkən qəhərləndi. Dedi: -İllərdir uşaqlığımızı keçirdiyimiz, xatirələrlə dolu o yurda qədəm qoya bilmirik. Qarabağın azad olunduğu günü görsəydim dünyada başqa dərdim olmazdı. Bu gün mən də hazıram döyüşə getməyə! Vətən uğrunda vuruşmağa. Bu yurd bizim dədə-baba yurdumuzdu! Torpaqlarımızı qan bahasına da olsa düşmən tapdağından azad etməliyik. Bu bizim vəzifəmiz, bu bizim borcumuzdu!! Bu gün ordumuz öz gücünü, öz şücaətini göstərdi! Bütün türk dövlətləri bu qələbəylə qürur duydular. Bu Azərbaycan əsgərinin bir daha özüntəsdiqidi! Var olsun dövlətimiz, var olsun millətimiz, milli ordumuz! Biz Ali Baş Komandan və Milli Ordumuzla fəxr edirik!”.
Ağdam-Tərtər yolu könüllülərlə qaynayırdı. Siqnallarla, şüarlarla cərgələnən maşınlar döyüş ruhunu artırırdı.
5 aprel Tərtərə üz tutdum. Hər gün ermənilər tərəfdən atəşə tutulan Tərtər rayonunun sakinləri məğrur və qorxmazdılar. Onlar öz yurdlarını tərk etmək fikrində belə deyildilər. Qaraqoyunlu kəndinə post qoyulub. Heç kəs kəndə buraxılmır kənar adamlardan. Eləcə də Ağdamın atəş altında olan kəndlərinə. Əhalidə yüksək əhval-ruhiyyə var. Gözləyirlər! Atəşkəsin elanı hamıya kədər versə də ümidlə qələbəni, əzmlə arzularının həyata keçməsini gözləyirlər.
Könüllülər ordusunun karvanı qürur verir insana. Gənclər parçalamağa hazır olan şirə dönüblər. Burda yalnız bir duyğu hakimdi qəlbə.
Eşq olsun Azərbaycan oğullarına!!!
6 aprel yolum Füzuliyə idi, dostlar!!!
Cəbhəboyu əhalimizin dövlətə böyük etimadı var. Ali Baş Komandanla, Müdafiə nazirilə və əsğərlərlə qürur duyduqlarını vurğulayırlar. Qarabağlılar böyük sevinclə, tezliklə bizi evlərində qonaq görmək istədiklərini vurğulayırlar. Bir ağsaqqal ata söz verdi ki, torpaqlarımız azad edildikdə ilk işi Şuşa qalasında mənə qurban kəsmək olacaq. İnşaallah, ata, öpürəm nisgilli gözlərindən!!!!
Burda da dostlarımız vardı. Gəlişimi eşidib yola çıxıb gözləyirdilər. Qonaqpərvərlik xalqımızın qanındadı, qədim adətlərindəndi. Füzulidə məni ilk qarşılayanlar müğənni Fazil Qurbanlı və Elşən Abdullayev oldu. Füzulinin baharı könül oxşayırdı. Söhbətə böyük həvəslə başlayan müğənninin ilk sözü:-” Bu barlı bərəkətli yaz fəslində xoş gəldin Füzuli torpağına, dəyərli dost Şərafət xanım.. Qarabağ alınan kimi ilk işim Şuşa qalasında zəngulə vurmaq olacaq!”- sözü oldu. “Son günlərdə baş verənlər hər birimizə məlumdur. Şəhidlərimiz oldu, bu təbii haldır. Çünki torpaq - əgər uğrunda ölən varsa Vətəndir! Çox sevindirici haldır ki, uğurlarımız da var. Bu uğurlar da hər birimizə bəllidir. Bir Qarabağ müharibəsi veteranı olaraq ilk atəş səslərində ön xəttdə oldum döyüşlərə atılmaq istəyiilə və orada gördüklərim, eşitdiklərim bir döyüşçü, bir Qarabağlı, bir Azərbaycanlı olaraq məni hədsiz dərəcədə sevindirdi, çox qürurlandırdı. Bir-birinin ardınca döyüşmək istəyi ilə döyüş bölgəsinə gələn keçmiş döyüşlərin döyüşçüləri, Qarabağ müharibəsi əlillərini necə darıldıqlarını, “Ana torpaq!”- deyib düşmən üstünə getmək qətiyyətinin şahidi olduqca ürəyim Azərbaycan boyda olurdu. Artıq ordumuz da təsdiq etdi ki, biz bu hisslərimizdə haqlıymışıq! İnsanlarımızın necə döyüşmək əzmində olmağının şahidi olduq. Atəskəsin pozulmağı, döyüşlərin başlamağı, düşünürəm ki, bizim zəhmətimizi, uğurumuzu, əldə etdiyimiz nailiyyətləri heçə saymaq istəyənlərə tutarlı bir sillə vuraraq qəflət yuxusundan oyatmış oldu. Xüsusiylə laqeyid təkəbbürlü ortada yeyib qıraqda gəzən, bir mərmi səsindən dizləri əsən, ancaq sinəsini düşmən gülləsinə sipər etmiş oğullara yuxardan aşağı baxanlar qınlarına girdilər!! Bir çox qanlı döyüşlərdə iştirak etmiş vətəndaş kimi hər bir kəsi əmin etmək istərdim ki, Ordumuz bütün döyüş şəraitində düşməni darmadağın etməyə qadirdi və mən Azərbaycan silahlı qüvvələri ilə hər zaman fəxr edirəm, qürur duyuram”- deyə fəxrlə vurğuladı.
Elşən Abdullayev də coşğun duyğularla söhbətə qoşuldu. Əğər imkanı olsaydı bu an silahı qapıb ermənilərin üstünə cumardı. Həyəcanlı danışığı nə qədər əzmkar olmasından xəbər verirdi. Dedi:”İrəliyə doğru tam uğurlar! Bu yollar vaxt olacaq bomboz yox, çiçəkli olacaq. Siz sag olun ki, o insanlarla unsuyyətdə olur, onlarin acısına şərik olursuz. Allah sizə böyük ürək verib. Sağ olun ki, yanımızdasız! Bütün Azərbaycan xalqı sağ olsun! O qədər gələn-gedənimiz var ki, bu istilik, bu münasibət ürəklərimizi riqqətə gətirir. Allah sizi qorusun!
Bu gün bizi döyüşə ruhumuz yox, qisasımız aparır. Təkcə bu günün deyil zamanın, tarixin qisası aparır.
Bütöv Azərbaycana qayıtmağın yeganə yolu Qarabağdan keçir, çalışıb tək yumruq olmaqla öz yolumuzu özümüz təyin edək! İmkan verməyək daxilimizdə və xaricimizdə olan təxribatçılar öz yolumuzda bizlərə maneçilik etsin! Allah hər zaman bizim xalqımıza sevinc göz yaşları qismət eləsin.!!! Şəhidlərimizin ruhu şad olsun!”
Bu da mənim qəhrəmanım! Komandirimiz Daşqın Abbasov. Gənc nəsil qəhrəman övladlarımızı tanımalı, örnək götürməlidir. Əslən Zəngilan rayonundandı. Həddən artıq təvazökar və çox danışmağı sevməyən sadə bir insan. Onu da qeyd edim ki, mən uzun illər mətbuat sahəsində çalışdığımdan insanları yaxşı tanıyıram. Onun sadəliyi, insanpərvərliyini görmüş və alqışlayıram.
Bu cür zəngin tarixi olan ölkənin övladı, vətəndaşı olmaq özü də şərəfdi. . Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Son döyüşlərdə dağlar qartalı Daşqın Abbasov da silahdaşları ilə bunu bir daha sübut etdi. Əziz oxucu, mənim qəhrəmanım indi, mən bu sətirləri yazarkən gözünü bir an belə qırpmadan vətən keşiyindədi və onun bu yazıdan xəbəri yoxdu. Bilsəydi, həmişəki kimi yenə mane olacaqdı. Atası Rafael kişi həmişə onunla fəxr edərdi. Ruhun şad olsun, əziz ata, gözün arxada qalmasın! Vətənə layiq övlad böyüdə bilmisən! 90-cı illərdən bu yana cəbhədə xidmətdə olan komandir hal-hazırda da Horadizdə xidmətdədi. Füzuli avqustun 23-ü 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Hazırda 51 kənd və rayon mərkəzi ermənilər tərəfindən işğal olundu, 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovuldu. Lakin Azərbaycan ordusunun həmin ilin dekabr ayında başlatdığı əməliyyat nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. Azərbaycan ordusu daha sonra Füzuli şəhərinin işğaldan azad olunması üçün hücuma keçsə də, bu əməliyyat uğursuzluqla nəticələndi. Hal-hazırda işğaldan azad olunmuş torpaqlarda əhali öz doğma torpaqlarına qayıtmışdır. 1995-1997-ci illərdə Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə 40.000 dinc sakin qayıdaraq öz normal həyatlarını bərpa ediblər. Atəşkəs müqaviləsi imzalanmasına baxmayaraq, cəbhənin bütün istiqamətlərində olduğu kimi Füzuli rayonu ərazisində də tez-tez atəşkəs pozulurdu. Bu ilin aprelində isə rayonun ərazisinin bir hissəsi də işğaldan azad olundu və şanlı bayrağımız o ərazilərdə dalğalanmağa başladı.
Komandirə sualım çox olsa da qısa cavab aldım. “Mən nə edirəm Vətən üçün edirəm”- ifadəsi təvazökarlığı ilə birləşib məni susmağa vadar etdi. Bu möhtəşəm tablo qarşısında mən sussam da ürək susmadı. Onun qara gözlərində atəş-alov içindən boylanan nisgilə sanki qanla bu sözlər yazılmışdı:”İndi qisas zamanıdı! Gözəl Qarabağım! Ürəyimdə fırtınalar, qəlbimdəsə bir lal sükut. Gözlərimdə şimşək oynar. Kitab-kitab söz yazsam da bitməz həsrət. Hamisinin bir adı var.. Sənsizlikdi - QARABAĞIM!!! Bu yanğıdı, bu atəşdi, bu alovdu, sönməz oddu... Ürəklərə həkk olunan doğma yurdddu!!! Bu bizlərik, mənəm, sənsən və onlardı. Soy kəsilməz, adı itməz QARABAĞDI”. Bu lal haray, onun vətəndaş təəssübkeşliyi misralara dönüb barmaqlarıma süzülərək böyük bir poemaya çevriləcəkdi. Deyirlər ki, yüzlərcə günahsız insanın qanı ilə suvaran, başı qarlı, sinəsi dağlı Qarabağ üzərində gecə-gündüz narahat ruhlar dolaşmaqdadır. Elə bil onlar da özlərini əsirlikdə hiss edir, xilas olmağa çalışır, insanlardan kömək umurlar. Məhz bu günlərdi ki, neçə-neçə şəhidimizin ruhu sevinir, neçə-neçə şəhidimiz əvvəlkilərə xəbər götürür..Bu gün bütün Azərbaycanımızın hər yerində şəhid uğurlanır. Bu şəhid balalar bizim öz balalarımızdı, Vətən balalarıdı...Bizim uğrumuza, Vətən yolunda şəhid düşüblər...
Əziz qarabağlılar!!!
Əziz hərbçilərimiz!!!
Əziz komandirim!!!
Biz hər an sizinləyik!!
Mən ürəyimi orda buraxıb gəldim!!
Aramızdakı ayrılıq sadəcə 4-cə saatdan ibarətdi!!!
Biz həmişə sizinləyik!!
Birgəyik!!
Sizin hər birinizi ürəyimizin hərarətində gəzdiririk!!!!
7 aprel.
Bu gün bir neçə komandir, əsğərlərlə söhbətim oldu. Onlar xalqın dəstəyindən çox ruhlandıqlarını, gənclərin və keçmiş döyüşçülərin cəbhəyə axınından, coşğunluqlarından qürurla danışdılar. Və yeganə xahişləri bu oldu, təbliğat aparaq ki, cəbhə boyu ərazidə telefonla danışarkən ehtiyatlı olsunlar, yanlış məlumatlarla çaşqınlıq yaratmasınlar..sosial şəbəkələrdə nəyi necə gəldi paylaşmasınlar..
Bizim nizami, güclü ordumuz və planlaşdırılmış döyüş taktikamız var! Ona görə də hər şey planlaşdırılmış formada həyata keçirilir.
Ali Baş Komandan və Müdafiə Nazirliyi nizami ordunun gücünə güvəndiyi üçün könüllüləri cəbhəyə buraxmır. Son günlər ordumuz öz qüdrətini bir daha göstərdi..
Əzizlərim! Mən gəlişimlə cəbhə bölgəsindəki əhaliyə də, əsgərlərə də yeni ruh, stimul vermək, xalqın onlara sevgisini bir daha göstərmək istədim!!
Məni bayraq və maşının arxa şüşəsində "Qarabağ bizimdi, bizim olacaq!" şüarıyla görən hər bir sürücü siqnallarla və əllərini cütləyib həmrəy olduqlarını bildirərək bütün yol boyu müşayiət etdilər. Postlardakı polislərimiz xeyir duayla uğurladılar..Ağdamda, Tərtərdə isə addımbaşı patrullar yaxınlaşıb tək olduğum üçün polislərimizin biriylə gəzməyimi tövsiyyə etdilər. Sosial şəbəkədən tanıyanlar ard-arda qonaq çağırdılar. Görüşümə gəldilər.Və bütün günü Rusiyadan, Bakıdan susmayan zənglər...
Bu bir daha Azərbaycan polisinin, Azərbaycan vətəndaşının Azərbaycan qadınına olan hörmətinin, ehtiramının təcəssümüdü..
Bütün bunların əvəzində mən gözüm dolmuş halda yalnız və yalnız bircə söz deyə bilərəm!
Mən vətənimi və əziz xalqım, sizləri çox-çox sevirəm!!!
Yaşa, Azərbaycan, canım sənə fəda olsun, Vətənim!!!