“Mançester Yunayted”dən 60 milyon avroluq transfer
“Latsio”nun gənc futbolçusu Felipe Anderson gələn mövsümdən karyerasını İngiltərədə davam etdirəcək.
Gün.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Roma klubunun prezidenti Klaudio Lotito deyib.
Klub rəhbəri yerli mətbuata açıqlamasında 23 yaşlı yarımmüdafiəçinin yeni klubunun adını da açıqlayıb. O bildirib ki, Braziliya millisinin debütantı yayda “Mançester Yunayted”lə müqavilə imzalayacaq:
“Üç il əvvəl Andersonu “Santos”dan 8 milyon avroya transfer etmişdim. Amma onu indi “Mançester Yunayted”ə 60 milyon avroya satdım. Anderson gələn mövsümdən İngiltərə klubunun formasını geyinəcək”.
Qeyd edək ki, hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edən Felipe Anderson ötən ildən Braziliya millisinə dəvət alır və yığmanın heyətində 1 oyun keçirib.