Aşağı balla yüksək reytinqli ixtisaslara ümid etməyin - XƏBƏRDARLIQ
"Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə I və II ixtisas qrupları üzrə 150 ballıq ixtisasların yeni siyahısını açıqlayıb. Həmin siyahıya əsasən, ümumi nəticəsi 150 bal olan və blok imtahanından ən azı 50 bal toplayan abituriyentlər bu ixtisasların seçimində iştirak edə bilərlər. Lakin bu ixtisaslar üzrə qəbul yalnız ödənişli əsaslarla aparılır. Dövlət sifarişi əsasında qəbul olunmaq üçün isə abituriyentlərin blok imtahanından minimum 100 bal toplaması tələb olunur. Təbii ki, bu istiqamətlər üzrə təhsil almaq istəyən abituriyentlər ixtisas seçimi zamanı diqqətli olmalı və real qəbul şanslarını nəzərə almalıdırlar. Məsələn, maliyyə və ya kompüter mühəndisliyi kimi ixtisaslar bəzi dövlət universitetlərində 150 ballıq ixtisaslar sırasında təqdim olunsa da bu, həmin balla həmin universitetlərə qəbulun mümkün olduğu anlamına gəlmir. Belə bir gözlənti real deyil. Abituriyentlər qəbul ballarını və əvvəlki illərin statistik göstəricilərini düzgün təhlil etməlidirlər. Praktikada həmin balla qəbul şansları daha çox bölgə universitetlərində və ya Bakıda fəaliyyət göstərən özəl ali təhsil müəssisələrində olur. Buna görə də seçim zamanı bu amil mütləq nəzərə alınmalıdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi 150 ballıq ixtisasların artırılmasından danışarkən səsləndirdi.
O qeyd etdi ki, belə bir qərarın qəbul edilməsi ali təhsilə çıxış imkanlarını genişləndirir və təhsilin əlçatanlığına xidmət edir:
"Bununla yanaşı, əsas məqsəd əmək bazarı üçün ixtisaslı kadrların hazırlanması olmalıdır. Təcrübə göstərir ki, 150 balla qəbul olunan abituriyentlər arasında yüksək akademik göstəricilər əldə edərək peşəkar mütəxəssis kimi formalaşanlar olsa da, bu hallar daha çox istisna təşkil edir. Böyük əksəriyyət isə akademik göstəricilərinin aşağı olması səbəbindən əmək bazarının tələblərinə tam cavab verən ixtisaslı kadr kimi formalaşa bilmir. Bununla belə, bu qərar həm ölkə iqtisadiyyatı baxımından, həm də vətəndaşların ali təhsilə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Nəticədə həmin gənclər təhsil almaq üçün xarici ölkələrə üz tutmaq əvəzinə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alırlar. Əks halda, minlərlə gəncin müxtəlif xarici ölkələrdə, bəzən də qeyri-qanuni yollarla ali təhsil almağa üstünlük verməsi üçün zəmin yarana bilər ki, bu da ölkənin prioritetlərinə uyğun hesab edilmir", - deyə müsahibimiz səsləndirdi.
Xədicə BAXIŞLI