"Universitetlər gözlərini yalnız təhsil haqlarına dikiblər" - Deputatdan ETİRAZ
Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze dövlət universitetlərində yeni maliyyələşmə modeli ilə bağlı açıqlama verib.
Nazirin sözlərinə görə, yeni modelə əsasən, dövlət universitetlərində təhsil alan tələbələrin ilk iki semestr ərzində təhsil haqqı tam olaraq dövlət tərəfindən qarşılanacaq. Lakin üçüncü semestrdən etibarən 100 faizlik maliyyələşməni davam etdirmək üçün tələbə əvvəlki semestrdə nəzərdə tutulan kreditlərin ən azı 80 faizini toplamalıdır.
Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov qeyd etdi ki, son vaxtlar Gürcüstanda təhsil sahəsində çox ciddi islahatların həyata keçirildiyinin şahidiyik:
"Gürcüstanda real təhsil islahatları həyata keçirilir və bunun nəticələri də çox ciddi bir formada hiss olunur. Bakalavr pilləsinin 3 illiyə endirilməsi, magistraturanın 1 illik olması ilə bağlı atılan addımlar çox əhəmiyyətli məsələdir. Nəhayət, Gürcüstan növbəti bir uğurlu addıma imza atdı. Bu da təhsilin dövlət tərəfindən maliyyələşməsidir. Bu addım çox əhəmiyyətli addımdır. Mən parlamentdə də bu məsələni dəfələrlə qaldırmışam".
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda universitetlər bütün gözlərini yalnız təhsil haqlarına dikiblər:
"Yəni daha çox təhsil haqqı almaq və universiteti maliyyələşdirmək. Düşünürəm ki, biz də bu sistemi dəyişməliyik. Gürcüstanın bu modeli uğurlu bir modeldir. Çox doğru bir qərardır ki, bu maliyyələşmə həm də bir motivasiya, təşviq xarakteri daşıyır. Burada təşviq elementləri də var ki, tələbələr oxumağa, öyrənməyə, inkişaf etməyə çalışsınlar. Yəni hesab edirəm ki, Azərbaycanda da belə bir addımın atılması çox yaxşı olardı. Biz də belə bir prosesə getməliyik. Ümumiyyətlə, maliyyələşmə elə bu sahədə dəyişməlidir. Bir qədər müzakirələr getdi, amma məsələ qaldı".
Ceyhun Məmmədov vurğuladı ki, maliyyələşmənin ciddi bir formada Azərbaycan təhsil sistemində dəyişməsinə ehtiyac var:
"Bu, bizim təhsilin inkişafına, təhsilimizə ciddi formada maneçilik törətməkdədir. Ona görə biz də bu prosesə keçməliyik və bu istiqamətdə müəyyən addımları atmalıyıq. Uğurlu bir modeldir. Yəni bu formada həyata keçirilməsi bizim də təhsilimizə öz töhfəsini verə bilər. Ümumiyyətlə, Azərbaycanda da həm bakalavr, həm magistratura istiqamətində ciddi islahatlara ehtiyac var. Təhsilin milliləşdirilməsinə, yəni təhsilin dövlət hesabına həyata keçirilməsinə yönəlmiş addımların gücləndirilməsinə ciddi ehtiyac var. Biz bunu edərək təhsilimizdə müəyyən uğurlara nail ola bilərik. Bu, çox vacib, olduqca əhəmiyyətli, məsləhətli bir prosesdir".
Aytəkin TOFİQQIZI