Kolleclərə qəbul çətinləşir: 150 bal toplayanlar belə kənarda qala bilər
9 illik baza üzrə kolleclərə ixtisas seçiminin başlaması fonunda abituriyentlər arasında rəqabətin daha da artacağı gözlənilir.
Bunu Modern.az-a açıqlamasında təhsil sahələri üzrə tədqiqatçı, AzEdu.az təhsil portalının direktoru Elmin Nuri deyib.
Ekspert bildirib ki, son illərdə 9 illik baza üzrə kolleclərə qəbul getdikcə çətinləşir. Onun sözlərinə görə, bunun əsas səbəbi plan yerlərinin azalması, müraciət edənlərin sayının isə artmasıdır.
Elmin Nuri qeyd edib ki, bu il 9 illik baza üzrə qeydiyyatdan keçənlərin sayı 24 min 545 nəfərdir ki, bu da ötən illə müqayisədə daha yüksək göstəricidir. Buna baxmayaraq, plan yerləri 1934 vahid azaldılıb və cəmi 6210 yer ayrılıb. Halbuki ötən il bu göstərici 8 mindən çox idi.
Ekspert hesab edir ki, müraciətlərin sayı artdığı halda plan yerlərinin azaldılması tələb və təklif prinsipi ilə uzlaşmır və bu, həm abituriyentlərdə, həm də valideynlərdə narazılıq yaradır.
Onun sözlərinə görə, gələn il müraciətlərin sayının daha da artaraq 25 minə çatacağı gözlənilir. Elmin Nuri bildirib ki, son illər peşə təhsili, kolleclər, ali məktəblər və magistratura üzrə müraciətlərin sayında ümumi artım müşahidə olunur ki, bu da təhsilə tələbatın yüksəldiyini göstərir.
Ekspert əlavə edib ki, bəzi kolleclərdə dövlət sifarişi üzrə cəmi 2, ödənişli əsaslarla isə 3-4 plan yerinin ayrılması vəziyyətin nə qədər kritik olduğunu göstərir. Onun fikrincə, tələbə marağının artdığı bir dövrdə plan yerlərinin bu qədər məhdud saxlanılması düzgün yanaşma deyil.
Elmin Nuri vurğulayıb ki, əvvəllər kolleclər və peşə məktəbləri şagird cəlb etmək üçün məktəblərdə təbliğat aparırdı, indi isə əksinə, müraciət edənlərin sayı kifayət qədər çoxdur. Buna baxmayaraq, mövcud tələbat plan yerlərində öz əksini tapmır.
Ekspertin proqnozuna görə, mövcud vəziyyət davam edərsə, 9 illik baza üzrə kollec təhsili daha da formal xarakter alacaq.
O, həmçinin abituriyentlərə xəbərdarlıq edərək bildirib ki, bu il rəqabət çox yüksək olduğundan kollec üçün kifayət qədər yaxşı nəticə hesab edilən 150 bal belə bəzi ixtisaslarda qəbul üçün yetərli olmaya və həmin abituriyentlər kənarda qala bilərlər.