azia.az
azia.az

Nəticəsi ilə rekord vuran məzunun topladığı 400 balın sirri

Bu gün, 19:34

Hüseyn Şükürov Masallı rayonu Lürən kənd tam orta məktəbinin builki məzunlarından biridir. O, IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən məzunlar arasındadır.

Buraxılış imtahanında 271,2, qəbul imtahanının birinci cəhdində 394, ikinci cəhdində isə bütün sualları düzgün cavablandıraraq maksimum – 400 bal, ümumilikdə 671,2 bal toplayan Hüseyn əldə etdiyi uğurun uzunmüddətli hazırlığın nəticəsi olduğunu vurğulayır. 

Xəbər verilir ki, “Azərbaycan müəllimi” ilə söhbətində o, həm uğurunun sirrindən, həm də məktəb illərində qazandığı nailiyyətlərdən danışıb. Öyrənirik ki, Hüseynin uğurları yalnız qəbul imtahanları ilə məhdudlaşmır. O, məktəb illərində müxtəlif olimpiada və müsabiqələrdə fəal iştirak edib. Riyaziyyatçı ailəsində böyüdüyünü deyən məzun bu fənnə sevgisinin uşaqlıq illərindən formalaşdığını bildirir: “Riyaziyyatçı ailəsində – atamın və dayılarımın bu sahədə fəaliyyət göstərdiyi bir mühitdə böyümüşəm. Buna görə də uşaq yaşlarımdan riyaziyyat fənnini çox sevmişəm. Bu yolda ən böyük dəstəyi atamdan görmüşəm. O, eyni zamanda mənim riyaziyyat müəllimim olub”.

Məktəbli olduğu dövrlərdə bir sıra uğurlara imza atan Hüseyn VI sinifdə Respublika fənn müsabiqələrində riyaziyyat fənni üzrə final mərhələsinə yüksəlib. VII sinifdə həmin müsabiqənin fizika fənni üzrə final mərhələsində iştirak etmək hüququ qazanıb. VIII sinifdə Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadasının final mərhələsinə vəsiqə əldə edib. X sinifdə isə Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkil etdiyi Zəfər Olimpiadasında riyaziyyat fənni üzrə II yerə layiq görülüb. Bundan əlavə IX və XI siniflərdə buraxılış imtahanlarında riyaziyyat fənni üzrə maksimum nəticə göstərib.

Hüseyn yüksək nəticənin arxasında uzunmüddətli və sistemli hazırlığın dayandığını qeyd edir: “Düşünürəm ki, bu nəticəni əldə etmək üçün çox çalışmaq lazımdır. Eyni zamanda vacib mövzuları daha dərindən öyrənmək də böyük əhəmiyyət daşıyır. Uğurumun əsas sirri bir dəqiqə belə kitabdan ayrılmamağım olub”.

Tibb sahəsi üzrə təhsil almağı planlaşdıran məzun bu istiqamətə marağının sonrakı illərdə yarandığını qeyd edir: “Tibb ixtisasını seçməyi düşünürəm. Düzünü desəm, X sinfə qədər bu peşəyə elə də xüsusi marağım olmayıb. Məndə tibb sahəsinə marağın yaranmasında dəyərli kimya-biologiya müəllimim Fərasət İbadullayevin böyük rolu olub”.

Hüseyn qazandığı uğurda müəllimlərinin dəstəyini xüsusi qeyd edir: “Bütün müəllimlərimin üzərimdə əməyi böyükdür. Düşünürəm ki, bu nəticəmin əsas memarları elə müəllimlərimdir. Fizika müəllimim Emil Bayramov başda olmaqla bütün müəllimlərimə təşəkkür edirəm.

Adətən nəticələrin açıqlandığı an hər zaman çox həyəcanlı olur. Amma bu dəfə çox da həyəcanlı deyildim. Çünki nəticəmin 400 bal olacağını düşünürdüm”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi