Bağçaya getməyən uşaqları hansı problemlər gözləyir? – Pedaqoqdan AÇIQLAMA
"Son illər bağçalarla bağlı çoxsaylı neqativ hallarla üzləşən valideynlər uşaqlarını bağçaya yazdırmaq istəmirlər. Amma mənim bu məsələdə mövqeyim birmənalıdır: uşaq mütləq bağçaya getməlidir. Təbii ki, söhbət hər hansı bağçadan getmir. Burada valideyn mütləq düzgün seçim etməlidir. Seçilən bağça həm keyfiyyətli, həm də təhlükəsiz olmalıdır. Valideyn yalnız bağçanın zahiri görünüşünə və binasına deyil, eyni zamanda oradakı insani amillərə də diqqət yetirməlidir. Dayələr və müəllimlər peşəkar seçilməli, düzgün pedaqoji yanaşma tətbiq olunmalı, onların peşəkarlıq səviyyəsi yüksək olmalıdır. Ən əsası isə uşaqların həm əyləncəsi, həm də öyrənmə və təlim prosesi düzgün təşkil edilməlidir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında pedaqoq, Valideyn Məktəbinin təsisçisi, "Green Start Academy" Təlim və İnkişaf Mərkəzinin rəhbəri Aysel Rəsulzadə səsləndirdi.
O bildirdi ki, uşağın bağçaya getməsi vacibdir:
"Çünki uşaq həyata ilk adaptasiyasını məhz bağçada, məktəbəqədər dövrdə qazanır. Valideynlərin əsas vəzifəsi uşaqları həyatdan qorumaq deyil, onları həyata hazırlamaqdır. Bu hazırlığın ilk mərhələlərindən biri də məhz bağçada başlayır. Valideyn evdə uşaqla nə qədər məşğul olsa da, onun sosial və inkişaf bacarıqlarının formalaşması baxımından bağçanın rolu tamamilə fərqlidir. Bağçada uşaq təkcə danışmağı deyil, dinləməyi də öyrənir, kollektiv davranış qaydalarına yiyələnir, oyuncaqlarını paylaşmağı mənimsəyir. Halbuki bir çox uşaqlar evdə oyuncaqlarını heç kimlə bölüşmür. Bağçada isə növbə gözləməyi, digər uşaqlarla ünsiyyət qurmağı və kollektiv davranış qaydalarına əməl etməyi öyrənir. Bu baxımdan bağça uşağın həyatında çox mühüm əhəmiyyət daşıyır.
Müraciət edən uşaqların və valideynlərin timsalında bununla bağlı çoxlu həyati nümunələrlə qarşılaşırıq. Məsələn, bəzi valideynlər uşaqlarının məktəbə adaptasiyada çətinlik çəkdiyini bildirərək bizə müraciət edirlər. Araşdırdıqda isə məlum olur ki, həmin uşaq heç vaxt bağçaya getməyib".
Müsahibimizin sözlərinə görə, bağçaya göndərilməyən uşaqların valideynlərindən səbəbi soruşulduqda onlar bildirirlər ki, "özümüz daha yaxşı baxarıq" və ya "narahat olmasın" deyə uşaqlarını bağçaya qoymayıblar.
"Nəticədə isə uşaq məktəbə uyğunlaşmaqda çətinlik çəkir, müəllimi qəbul edə bilmir, adi növbə gözləməyi və kollektiv davranış qaydalarına əməl etməyi bacarmır. Bir sözlə, yaşıdları ilə ayaqlaşmaqda çətinlik yaşayır.
Valideyn əslində övladını qorumaq istəyir, lakin bununla yanaşı, onu həyatındakı ilk sosial təcrübələrdən biri olan bağça mühitindən məhrum edir. Diqqət yetirilməli digər məqam isə uşağın bağçaya başlamazdan əvvəl müəyyən qədər valideyndən ayrı qalmağa alışdırılmasıdır. Eyni zamanda, onun bəzi sadə ehtiyaclarını özünün qarşılamasına imkan yaratmaq lazımdır. Çünki valideyn hər şeyi özü etdikdə, sonradan uşağın müstəqilləşməsi və sosiallaşması ilə bağlı müəyyən çətinliklər yarana bilər".
Aysel Rəsulzadə qeyd etdi ki, bağça uşağın sosiallaşmasının ilk və ən sağlam mərhələlərindən biri hesab olunur:
"Uşaq bu mühitdə həmin bacarıqları qazandıqda, gələcəkdə məktəbdə, universitetdə və iş həyatında kollektiv münasibətlərə daha rahat uyğunlaşır. Bu bacarıqların təməli məhz məktəbəqədər yaş dövründə formalaşır. Buna görə də valideynlər bağça seçimini düzgün etməli və övladlarını bu mühüm mərhələdən məhrum etməməlidirlər. Çünki uşağın gələcək sosial həyatının möhkəm təməli məhz bağçada qoyulur".
Xədicə BAXIŞLI