azia.az
azia.az

TƏHSİL NAZİRİ MİKAYIL CABBAROVA AÇIQ MƏKTUB

13-02-2017, 18:19

Azərbaycan Respublikasının Təhsil

naziri cənab Mikayıl Cabbarova

BakuNews.Az internet portalının

Təsisçisi Mirkənan Seyidov TƏRƏFİNDƏN

TƏHSİL NAZİRİ MİKAYIL CABBAROVA AÇIQ MƏKTUB

Cənab Nazir!

Nəzərinizə çatdırım ki, rəhbərlik etdiyim saytda “Təhsil Nazirliyinə qarşı İTTİHAM – Sınaq imtahanına nazirlik 6 manat yığır” sərlövhəli məqalə dərc edildikdən sonra, Tərtər rayonu, Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd orta məktəbinin direktoru Elmira Hüseynova mənə telefon açaraq məktəb və müəllim etikasından kənar ifadələrlə təhqir etdi. Halbuki hörmətli E.Hüseynovanın “Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri” haqqında qanununda Maddə 44-də “Təkzib, düzəliş və cavab vermək hüququ” bölməsində deyildiyi kimi:

  • Kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.


Lakin, Tərtər rayonu, Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd orta məktəbinin direktoru Elmira Hüseynova bunların heç birini etmədən məni dayanmadan təhqir və təhdid etməyə başladı. Xatırladım ki, onunla telefon danışığının xəbərdarlıq etmək şərti ilə audio qeydi də aparılıb. (http://bakunews.az/gundem/24869-mekteb-direktoru-ve-40-quldur-.html - http://bakunews.az/sechilmish/24861-mekteb-direktoru-sayt-rehberini-hedeledi-.html) (https://youtu.be/ShykM3Ycwv0) həmin ifadələrə bu linkdən daxil olub qulaq asa bilərsiniz.

Cənab nazir!

Məktəb direktoru telefon danışığı zamanı bütün etik normaları aşmaqla yanaşı, rəhbər statusundan istifadə etməklə, məktəb kollektivinə təzyiq edəcəyini və mənim ondan guya məqalənin dərc edilməməsi üçün müvafiq miqdarda pul istədiyim haqqında rayon prokuroruna kütləvi ərizə ilə müraciət etdirəcəyini gizlətmədən deyir. Əslində bu hal Azərbaycan Respublikası KİV haqqında qanunun Maddə 1-in “Kütləvi informasiya azadlığı” bölməsinin:

- “Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.”

– tələblərini pozmaqla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Maddə 163-də “Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma” bölməsində qeyd olunur ki:


  • 163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə —

    — yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

    163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə —

    — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.




Bundan başqa Tərtər rayonu, Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd orta məktəbinin direktoru Elmira Hüseynova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsini kobud şəkildə pozmaqla mənə dəfələrlə hədə - qorxu gəldi. Halbuki biz mətbuat nümayəndələri olaraq KİV haqqqında qanunun 7-ci Maddəsinə - “Senzuranın yolverilməzliyi” bölməsinə uyğun olaraq: “...dövlət orqanlarının, bələdiyyələrin, idərə, müəssisə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur.” – peşə borcumuzu yerinə yetirmişik.

Cənab Nazir!

Xahiş edirəm,Tərtər rayonu, Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd orta məktəbinin direktoru Elmira Hüseynova haqqında yuxarıda qeyd etdiyimiz faktları əsas götürərək, qanun çərçivəsində ölçü götürəsiniz. Əks halda həmin xanım tərəfindən fəaliyyətimizə mane olunmayacağı ilə əlaqədar hər hansı qarantiyamız yoxdur.


Hörmətlə BakuNews.Az internet portalının
Təsisçisi: Mirkənan Seyidov

Mob: 070/055 402 02 85
13.02.2017-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi