Təhsil Nazirliyi "saxta diplom" verənlərə şərik olur - NAZİRLİK BİR AYDAN ÇOXDUR Kİ, SUSUR
Bu gün Azərbaycanın təhsil sahəsində çoxşaxəli islahatların aparılmasına baxmayaraq, bəzi problemlər hələ də öz aktuallığını qoruyur. Məsələn, hazırda təhsil sektorunda saxta və ya ixtisasına uyğun olmayan sənədlə işləyən şəxslərə rast gəlmək olar ki, bunu Təhsil Nazirliyində də etiraf edirlər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatların tərkib hissəsi kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində bu sahədə hüquqi və instusional baza daha da təkmilləşdirilmiş, eləcə də təhsil sahəsinin mühüm istiqamətlərindən biri olan ali və orta-ixtisas təhsil müəssisələrinə tələbə qəbulu proseduru tamamilə şəffaf və obyektiv meyarlar əsasında keçirilməklə beynəlxalq standartlar səviyyəsinə çatdırılıb.
Lakin bəzi hallarda ayrı-ayrı şəxslər və ya belə şəxslərdən ibarət təşkilatlanmış qruplar tərəfindən vətəndaşların məlumatsızlığından, inam və etibarından sui-istifadə etmə yolu ilə müəyyən pul məbləğləri müqabilində onların Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən kənar mövcud qanunvericiliklə nəzərdə tutulmuş prosedurlara zidd vasitələrlə müxtəlif təhsil müəssisələrinə qəbul edilmələri və təhsilin tamamlanmasını təsdiq edən sənədlərlə təmin edilmələrinə dair yalan vədlər verilərək vətəndaşların aldadılmasına yönəlmiş qanun pozuntuları hallarına da rast gəlinir ki, belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Son illərdək Azərbaycan təhsil sektorunda kifayət qədər saxtakarlığın olduğu, diplomların, elmi işlərin satın alındığı kimsəyə sirr deyil. Təəssüflə qeyd etməliyik ki, təhsildən xəbəri olmayan və pulla diplom alan insanların sayı son illər yetərincə artıb. Bu da dövlət qurumlarında kifayət qədər qeyri-peşəkar və diletant kadrların sayının təbii olaraq çoxalması deməkdir. Ölkə rəhbərliyi bu cür yarıtmaz kadrlara qarşı mübarizə aparsa da təəssüflə qeyd etməliyik ki, bəzi qurumlar bu xoş məramlı missiyasın qarşısında sipərə çevrilirlər. Onlar nəyinki saxtakarlığa qarşı mübarizə aparır, eyni zamanda təqdim edilən dəlilləri görməzdən gəlirlər.
Dəyərli oxucuların diqqətinə çatdıraq ki, bu günlərdə 1998-ci ildə Azərbaycan Aqrar-ekologiya İnstitutu tərəfindən Xəlilova Mahirə Ərşad qızına verilən diplomun saxta olması ilə bağlı redaksiyamıza məlumat daxil olub. Biz öz peşə vəzifəmizə uyğun olaraq, Təhsil nazirliyinə müraciət etdik. Təəssüflə qeyd etməliyik ki, Təhsil nazirliyi nəyinki bu saxtakarlıq iddiasını araşdırmaqda maraqlıdır, hətta "Hürriyyət"in sorğusuna cavab verməyi belə özünə "sığışdırmır".
Məlumat üçün bildirək ki, məsələylə bağlı dəfələrlə Təhsil nazirliyinə müraciət etsək də sorğumuza cavab verilməmişdir.
Dövlət İmtahan Mərkəzi isə sorğumuza cavab olaraq bildirib ki, diplomun araşdırılması Mərkəzin səlahiyyətlərinə aid deyildir.
Artıq bir aydan çoxdur ki, Təhsil Nazirliyinə sorğu göndərmişik. Təəssüf ki, Təhsil Nazirliyi susmaqda davam edir.
Görünür ki, Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır. Amma onların sayı həddən artıq çoxdur. Saxta diplomlara malik şəxslər məktəb direktoru da, bağça müdiri və digər vəzifəlilər də ola bilir. Əsas məqam ondan ibarətdir ki, kimsə iş tapanda, ondan diplom tələb olunarkən, o da həmin işbazlarla əlaqəyə girir. Yüksək vəzifə tutanların diplomları isə ümumiyyətlə araşdırılmır.
Ortada iddiaların olmasına baxmayaraq, Təhsil Nazirliyinin hələ də susqunluq nümayiş etdirməsi onu göstərir ki, nazirlik də baş verən saxtakarlığı ört-basdır edərək qanunsuzluğa birbaşa şərik olur.
Təhsil Nazirliyi niyə redaksiyamıza təqdim edilən faktı araşdırmaqda maraqlı deyil?... Hər dəfə diplomlarının saxta olması gündəmə gətirilir və quru statistika göstərilir. Saxta diplomu verən şəxslərin cəzalandırılmasının isə hələ də şahidi olmuruq. Təhsil Nazirliyi həmişə çox ümumi və abstrakt bir açıqlama verir. Düzdür, deyirlər ki, 2 min nəfərin diplomu saxtadır. Onların hər biri adbaad məlumdur. Amma bu adlar nədənsə, ictimaiyyətə açıqlanmır.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədovla həmsöhbət olduq. O diplomun saxta olub-olmasını araşdırmaq üçün Təhsil Nazirliyinin Nazirliyinin "böyük ixtira" həyata keçirtməyinə ehtiyac olmadığını vurğulayıb:
"Çox təəssüf ki, Təhsil Nazirliyi bu tipli məsələlərdə operativ deyil. Ümumiyyətlə baş verən proseslərə münasibəti və reaksiyası çox aşağı səviyədədir. Digər tərəfdən isə bunu yoxlamaq üçün, "Amerikanı ikinci dəfə kəşf etməyə" Təhsil Nazirliyinin "böyük ixtira" həyata keçirtməyinə ehtiyac yoxdur. Müvafiq olaraq, bunu araşdırmaq üçün diplom.edu.az və eyni zamanda e-gov.az portalı var. Yəni dövlət tərəfindən 2003-cü ildən bəri verilən bütün diplomların hamısı bazada yerləşdirilib. Hər bir kəsin təhsil sənədi orda qeyd edilib. Hazırda istər dövlət, istərsə də özəl sektorda çalışanların diplom sənədləri bazaya daxil edilib. Saxta diplom dediyimiz əsasən bir neçə istiqamətdə ortaya çıxır. Birincisi, müəyyən qəbul qaydalarından kənar ali məktəblərə qəbul olunanlardır. Məsələn, boş plan yerlərinə həmin şəxsləri rektorlar və ya kimsə universitetə təhsil almağa götürür. Yekunda verilən sənəd dövlət nümunəli olmur. İkincisi isə ABU-nun vaxtında baş verən köçürtmələr nəticəsində olub. Bu diplomlar da sistemə vurulmayıb. Daha sonra plandan kənar qəbullar da olub. Bu insanlar 4 il təhsil alıblar, sadəcə onların oxumağı ilə bağlı tələbə-məzunu sisteminə informasiya daxil edilməyib. Siz Dövlət İmtahan mərkəzinə sorğu göndərdikdə, onlar sistemə baxacaqlar. Həmin şəxsin qəbul imtahanında iştirak edib-etməməsi bilinəcək. Əgər iştirak edibsə, topladığı bal və daxil olduğu ailə təhsil müəssisəsi sistemdə göstəriləcək. Təhsil Nazirliyi də eyni zamanda sistemə baxmalıdır. Əgər bu şəxs TQDK vasitəsilə qəbul olunmayıbsa, onun köçürtmə və ya daxil qəbulla daxil olması araşdırılmalıdır".
Təhsil eksperti onu da qeyd edib ki, ola bilsin ki Təhsil Nazirliyinin əməkdaşları "selfi" və "stand up"lar etməklə məşğuldurlar deyə, cavab verməyə vaxtları yoxdur:
"Ümumiyyətlə "saxta diplom" ifadəsi yanlışdır. Dövlət nümunəli olmayan diplom ifadəsi var. Yəni dövlət tərəfindən verilməmiş diplomlar...Diplomlar seriya nömrəsi ilə verilir. 2012-ci ildə o vaxtı TQDK-nın rəhbəri olan Məleykə Abbaszadə demişdi ki, 20 mindən çox şəxs bizim vasitəmizlə ailə məktəblərə qəbul olunmayıb. Amma onların diplomları var. O vaxtı təhsil naziri olan Mikayıl Cabbarov isə demişdi ki, diplomları dövlət nümunəli olmayan şəxslər müəllim kimi çalışırlar. Həqiqətən də 2014-2017-ci illərdə keçirilən müəllimərin diaqnostik imtahanında məlum oldu ki, 8 min müəllimin diplomu dövlət nümunəli deyil. Onlar lisenziyası olmayan təhsil müəssisələrində təhsil alıblar. Yəgin ki, Təhsil Nazirliyinin başı qarışıqdır. Onlar "selfi" və "stand up"lar etməklə məşğuldurlar deyə, cavab verməyə vaxtları yoxdur".
PS. Təəssüf ki, Təhsil Nazirliyi sorğumuza heç bir cavab verməyib. Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə cərimə nəzərdə tutulur. Necə edək ki, məmurlar ictimaiyyətə xəbər çatdıran media qurumlarına cavab versinlər? Məlumat əldə etmək azadlığı haqda qanunda informasiya ombudsman qurumunu fəallaşdırmaq lazımdır. Qanunun 8-ci maddəsinə əsasən, KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Məlumatın əldə edilməsi barədə sorğudakı məlumat öz operativliyini itirərsə, dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir. Qanunda jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutulub. Jurnalistlərin qanuni fəaliyyətinə vətəndaşlar, dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, siyasi partiyalar, habelə ictimai birliklər və ya vəzifəli şəxslər tərəfindən hər hansı müdaxilə, o cümlədən senzura tətbiq etmək, peşə müstəqilliyini pozmaq, jurnalisti informasiyanı yaymağa və ya informasiyanı çap etdirməkdən imtinaya məcbur etmək, jurnalist sorğusuna qanunla müəyyənləşdirilmiş müddətdə cavab verməmək və digər hüquqlarını pozmaq mülki, inzibati, cinayət və digər məsuliyyətlə səbəb ola bilər.
Mənbə:My Webpage