azia.az
azia.az

Niyazi Bayramovdan Rusiya bayrağı ŞOUSU: Zabelin nə vaxtdan Duma deputatıdır?

7-09-2021, 23:11

Niyazi Bayramovdan Rusiya bayrağı ŞOUSU: Zabelin nə vaxtdan Duma deputatıdır?
Dünən Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyasının dəstəyi, Azərbaycan Rus İcmasının, Rusiya səfirliyinin, Mədəniyyət və İnformasiya Mərkəzinin, “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyinin, habelə “VTB” Bankın təşkilatçılığı ilə Gəncə şəhərində “Uşaqların məktəbə hazırlığına dəstək ol!” aksiyası çərçivəsində tədbir keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin və digərləri iştirak edib.
Tədbirdən yayımlanan fotolarda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelinin qarşısında Azərbaycan və Rusiya bayraqları qoyulub.
Niyazi Bayramovdan Rusiya bayrağı ŞOUSU: Zabelin nə vaxtdan Duma deputatıdır?
Mixail Zabelin Azərbaycanda, Bakı şəhərində doğulub, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. Milliyətcə rus olsa da, Mixail Zabelinin Rusiyaya heç bir aidiyyatı yoxdur. Zabelin Azərbaycan Rus İcmasının sədri olsa belə, o Milli Məclisdə hansısa icma yox, Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən seçilib. Zabelin hətta Rusiyada rəsmi səfərdə olsa, onun qarşısına Rusiya yox, məhz Azərbaycan bayrağı qoyulmalıdır və qoyulur da. Çünki Zabelin Azərbaycanı, Azərbaycan xalqını təmsil edir, Rusiyanı yox. İrad oluna bilər ki, tədbir Rusiya səfirliyinin və “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyinin, habelə “VTB” Bankın təşkilatçılığı keçirilib, bu səbəbdən masanın üzərində Azərbaycan və Rusiya bayraqları qoyulub. Bu da yalnışdır. Rusiya bayrağı masanın üzərində olacaqsa, bu məhz həmin nümayəndələrin qarşısında olmalı idi. Tədbirdən yayımlanan foto və videolara baxdıqda məlum olur ki, iki ölkənin bayrağı məhz Niyazi Bayramov və Mixail Zabelinin qarşısına qoyulub. Rusiya bayrağı da Zabelinin qarşısında dayanıb. Zabelin tədbirdə Rusiyanı təmsil edirdi? Niyazi Bayramov bilmir ki, Zabelin Rusiya Dövlət Dumasının yox, Azərbaycan Milli Məclisinin deputatıdır?



Məmurlarda bu rus sevgisi haradan qaynaqlanır? Niyazi Bayramov bilmir ki, bayraqlar milliyətə görə yox, vətəndaşlığa, təmsil etdiyi dövlətə görə qoyula bilər? Rusiya səfirliyindən nümayəndə tədbirdə iştirak edərdisə, Rusiya bayrağı onun qarşısında qoyula bilərdi. Ancaq məhz onun qarşısında. Mixail Zabelinin yaxasında Azərbaycan bayrağı olan yaxa sancağı var, qarşısında isə Rusiya bayrağı. Təbii ki, bu cür səhvlər qonağın yox, kraldan daha çox kralçılıq edən ev sahibinin olur.

Niyazi Bayramov Rusiyaçılıq etməkdən daha çox niyə icra başçısı olduğu şəhərlə maraqlanmır, bu da ayrı bir mövzudur. Azərbaycanda ən çox tənqid edilən icra başçısı Elmar Vəliyev idi. Onun zamanında Gəncə şəhəri bu səviyyədə deyildi. İndi Niyazi Bayramov Elmar Vəliyevin ölənlərinə rəhmət oxutdurmaqla məşğuldur.

Elmar Vəliyev güllələndikdən sonra onun qardaşı Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev açıqlamasında qardaşını güllələyən şəxs haqqında bunları demişdi: “O adamın özünün anası ermənidi və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır”. Xanlar Vəliyev qardaşının güllələnməsində Rusiya xüsusi xidmət orqanlarının əli olmasını dolayısı ilə açıqlamışdı. Elmar Vəliyevin yerinə təyin edilən icra başçısı, yoxsa Rusiya xüsusi xidmət orqanlarından qorxur?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi