Gələn aydan 15 regionda Ərazi Maliyyə Hesablaşma Mərkəzləri fəaliyyətə başlayacaq
Təhsil Nazirliyi tərəfindən ölkənin 15 regionunda Ərazi Maliyyə Hesablaşma Mərkəzləri yaradılıb.
Bunu Nazirliyin maliyyə mərkəzinin əməkdaşı Ramil Orucov jurnalistlər üçün keçirilən təlimdə deyib. Onun sözlərinə görə, yaradılmış mərkəzlərdən 13-ü hazırda tam fəaliyyət göstərir. Digər 2 mərkəzin - Masallı və Balakən rayonu üzrə mərkəzlər mayın 1-dən fəaliyyətə başlayacağını deyən R.Orucov qeyd edib ki, bununla da gələn aydan etibarən ölkənin 15 regionunda - Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı və Astara bölgələrində Ərazi Maliyyə Hesablaşma Mərkəzləri fəaliyyət göstərəcək. Mərkəzlərin yaradılmasında məqsəd təhsil sahəsində maliyyə, inzibati resursların istifadə edilməsi, təkmilləşdirilməsi və mərkəzləşmiş maliyyələşməni həyata keçirməkdən ibarətdir: “2015-ci ilə kimi yerlərdəki bütün təhsil müəssisələri yerli təhsil şöbələrinin xətti ilə yerli maliyyə orqanları tərəfindən maliyyələşdirilirdi. 2016-cı ildən maliyyənin icrası mərkəzləşdirilmiş qaydada aparılır və bununla bağlı qarşıya problemlər çıxır. Mərkəzlər fəaliyyətə başlayandan sonra böyük nöqsanlar var. Sayğaclaşdırma sistemində, məktəbləri qızdırılması, istilik sistemində nöqsanlar aşkarlanıb. Hazırda nazirlik rəhbərliyi istiliklə bağlı iş aparır ki, bu məsələ tam təmin olunsun. Mərkəzlər fəaliyyətə başlayandan sonra iki eyni məktəbin kommunal xərclərində fərqli rəqəmlər aşkarladıq. Araşdırma zamanı bəlli oldu ki, buna səbəb qanunsuz müdaxilələrdir. Bundan başqa, məktəblərdə əməyin ödənişi, təmirlə bağlı xərclərdə pozuntular aşkarlanıb”.
Nazirlik rəsmisi qeyd edib ki, artıq bütün təhsil işçilərinin əmək haqqının təmin olunması da mərkəzlər tərəfindən həyata keçiriləcək. Yeni mexanizmin tətbiqi ümumilikdə regionlarda 4134 təhsil müəssisəsini, o cümlədən 3875 ümumi təhsil və 259 məktəbdən kənar təhsil müəssisəsini və həmin təhsil müəssisələrində çalışan 175 minə yaxın təhsil işçisini əhatə edib.
R.Orucov əlavə edib ki, maliyyələşmənin mexanizmi başlayanda sonra regionlarda əmək haqlarından tutulma halları ilə qarşılanıb. Onun sözlərinə görə, bu problemlər gündən-günə artır. Mərkəzlər yaradılandan sonra müəllimlərdən müəyyən fondlara tutulmaların qarşısı alınıb və gələcəkdə alınacaq.