Noyabrın 14-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Əvəz Salamovun “Abşeron yarımadasının müasir geodinamik şəraiti: təhlükəli geoloji proseslərin modelləşdirilməsi və monitorinqi” adlı elmi məruzəsi dinlənilib.
Bildirilib ki, son illər AMEA-nın Geologiya və Geofizika İnstitutunda və Respublika Seysmoloji Xidmət Mərkəzində Abşeron yarımadasında müasir geodinamik və seysmik şəraitin monitorinqi, geoloji dərinlik quruluşlu modellərinin tərtibi və təhlükəli geoloji proseslərin müasir metodlarla öyrənilməsi və proqnozlaşdırılması istiqamətində fundamental elmi tədqiqatlar aparılır.
Məruzədə Abşeron yarımadasının müasir seysmo-geodinamik şəraiti, azdərinlikli təhlükəli geoloji proseslərin geoloji quruluşunun modelləşdirilməsi və monitorinqinə dair aparılmış fundamental elmi tədqiqat işlərinin nəticələri şərh edilib. Həmin nəticələrin bir çox təhlükəli geoloji proseslərin məkan paylanmasının və dinamik rejiminin öyrənilməsində xüsusi praktik əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd edilib ki, Bakı şəhəri üçün təhlükə yaradan Bayıl-Padamdar zonasında əldə edilən məlumat bazasının sürüşmə yamaclarında qruntun xassələrini dəyişməsi və hərəkət dinamikasının izlənilməsində istifadəsi sürüşməyə qarşı strateji tədbirlərin hazırlanması işlərinin nəzəri əsasını təşkil edir.
Məruzədə o da qeyd olunub ki, 2000-2018-ci illərdə Bayıl-Badamdar zonasında baş verən sürüşmə hadisələrinın dinamikası, sürüşmə dərinliklərinin öyrənilməsi elektro tomoqrafiya, seysmik kəşfiyyat və kosmo-geodeziya üsullarının tətbiqi ilə həyata keçirilib. Həmçinin seçilmiş profillər üzrə aparılmış tədqiqatlar nəticəsində bu zonada paleo sürüşmə prosesslərinin izləri müəyyən edilib.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında suallar cavablandırılıb.
İclasda Rəyasət Heyətinin qərarına əsasən AMEA-nın Geologiya və Geofizika İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə birgə geodinamik şərait nəzərə alınaraq Bayıl-Badamdar zonasının sürüşmə doğuran dərinliklərini əhatə edən geoloji kompleksin 3D geoloji-geofiziki modelinin yaradılması üçün elmi tədqiqat işləri proqramının layihəsinin hazırlanması məqsədəuyğun hesab edilib. Bundan başqa, AMEA, Milli Aviasiya Akademiyası və “Azərkosmos” ASC ilə birgə dünya təcrübəsinə əsaslanaraq yer səthində olan sürüşmə və digər təhlükəli proseslərin monitorinqinin aparılmasına dair təkliflərin müzakirə edilməsi tövsiyə olunub.
AMEA Rəyasət Heyətinin aparatı
İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsi
İctimaiyyətlə əlaqələr şöbəsi