azia.az
azia.az

Süni qiymət artımı nədir? – İqtisadçı izah VERDİ

Bu gün, 10:10

Yay mövsümündə istirahət məkanlarında qida və içkilərin qiymətlərinin kəskin bahalaşması yenidən müzakirə mövzusuna çevrilib. Bəzi obyektlərdə yeməklər fərqli adlarla bir neçə dəfə baha qiymətə təklif olunur, hətta adi suyun qiyməti belə diqqət çəkən həddə çatır.

 

Bəs bu cür süni qiymət artımının qarşısını almaq mümkündürmü?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu, süni qiymət artımı deyil.

 

O qeyd edib ki, bu təbii, adi monopoliyaların qoyduğu qiymətlərdir: “Hansısa restoranın qoyduğu qiymət süni qiymət hesab edilmir. İstər qiyməti 100 qat baha qoysun. Süni qiymət bazar şərtləri əsasında formalaşmayan qiymətdir. Bazar şərtləri əsasında formalaşmayan qiyməti isə təbii inhisar subyektləri qoya bilir. Gedib bütün restoranlarla razılaşıb eyni adlı məhsulun adını dəyişib başqa qiymətə qoysalar, bu süni qiymət olar. Ancaq şəxsi restoranda qiyməti baha edirsə, bunun süni qiymət artımına aidiyyatı yoxdur. Tarif Şurasının qoyduğu qiymətlər süni qiymətlərdir. Dövlət idarələrinin təyin etdiyi, internetə qoyduğu süni qiymətdir. Həmçinin dəmiryolunun qatarlar üçün müəyyənləşdirdiyi süni qiymətdir. Bazarda başqa alternativ yoxdur... Monopolistdir və qiymət təyin edir. Həmin restoranın qiyməti xoşumuza gəlmirsə, həmin yerə getməyə məcbur deyilik ki... Ona görə də bazar iqtisadiyyatıdır. Sahibkar olaraq məhsuluna istədiyi qiyməti qoya bilər. Əgər monopolist deyilsinizsə, razılaşdırılmış şəkildə digərləri ilə birgə şaquli, üfüqi sazişlər bağlamamısınız, uyğunlaşdırılmış qiyməti digərləri ilə  birlikdə həyata keçirmirsinizsə, süni qiymət deyil və dövlətin sahibkarın qiymət təyin etməsinə müdaxilə etməsi mümkün deyil, qanunsuzdur”.

 

İqtisadçının sözlərinə görə, bir məkanda süni qiymət artımı hesab edilirsə, qarşısını almaq istənilirsə, həmin məkana gedilməməlidir: “Başqalarına da qiymətini baha olduğunu deyərək digərlərini də çəkindirə bilərsiniz. Belə qiymətlər turist axınının azalması üçün səbəb deyil, ictimai bir təhlükəsi də yoxdur. Hansısa restoranın 7 manatlıq məhsulu 9 manata və ya daha baha satmasının heç bir təsiri yoxdur. Sahibkarla heç kimin işi ola bilməz. Sahibkar öz qiymətini özü təyin edir. Müştəriyə qiyməti əvvəlcədən deyirsə, müştəri də razı olursa, burada heç bir qanunsuzluq yoxdur və müştəri də pulunu ödəməlidir”.

 

Şəhanə Qədirli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi