Köhnə yüzlüklərin aqibəti necə olacaq?
Azərbaycan Mərkəzi Bankı 15 iyul 2026-cı il tarixdən etibarən dizaynı və mühafizə sistemləri ən müasir texnologiyalar əsasında təkmilləşdirilmiş yeni 100 manatlıq əskinasları dövriyyəyə buraxır.
Xəbər verilir ki, yenilənmiş pul nişanı mövcud konsepsiya saxlanılmaqla, innovativ təhlükəsizlik elementləri ilə təmin edilib. Yeni banknotun üzərində üçölçülü mikrogüzgü effektli və rəngini dəyişən holoqram, həmçinin dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu – “Spark Flow Prime” elementi yer alıb. Əskinas işığa tutulduqda Dövlət Gerbi və nominalın rəqəmi su nişanı olaraq aydın görünür. Görmə qüsuru olan şəxslərin pulun həqiqiliyini və nominalını rahatlıqla təyin edə bilməsi üçün ön tərəfin sağ və sol kənarlarında xüsusi qabarıq xətlər yerləşdirilib. Qlobal banknot istehsalı trendlərinə uyğun olaraq, pul nişanının arxa tərəfi şaquli üslubda dizayn edilib. Bundan əlavə, əskinasın mühafizəsində xüsusi sap, mürəkkəbsiz çap və mikromətnlərdən istifadə olunub.
Yeni 100 manatlığın ön tərəfinin sol yuxarı küncündə Mərkəzi Bankın sədri Taleh Kazımovun imzası əks olunub.
Hazırda ölkədə fəaliyyət göstərən nağd pul sistemlərinin və müvafiq avadanlıqların yeni banknota uyğunlaşdırılması istiqamətində işlərə başlanılıb. Yenilənmiş pul nişanı hazırda dövriyyədə olan eyni nominallı əskinaslarla bərabər şəkildə tədavüldə olacaq və ödənişlərdə heç bir məhdudiyyət qoyulmadan istifadə ediləcək.
Demokrat.az