İyunun 15-dən ölkə ərazisində çimərlik mövsümü rəsmən açılıb. Müvafiq strukturlar isə yenə də ənənəvi monitorinq nəticələrini açıqlayıblar.
Bu monitorinqə görə, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərindən başqa bütün çimərliklər çimmək üçün yararlı hesab olunur. Lakin çimərlik mövsümünün rəsmən açılmasından bir həftə keçsə də hələ çimərlik havası deyil, Bakıda havalar küləkli və sərin keçir.
Bəs bu il paytaxt çimərliklərində vəziyyət necədir? Sərin havalarda da dəniz sahilində dincəlməyə gedənlər varmı?
virtualaz.org Novxanı çimərliyinə baş çəkib, oradakı vəziyyətlə maraqlanıb.
Novxanı: təzə yol, köhnə tıxac
Novxanı çimərliyi təkcə qumu ilə deyil, həm də saatlarla çəkən tıxacı ilə məşhurdur. Binəqədidən qəsəbəyə dönən yolda ənənəvi tıxac hələ başlamasa da, təmir işlərinin aparılması çimərliyə gedən yeganə yolu sakinlər üçün demək olar ki, bağlayıb. Tıxacda qalmamaq üçün ya Sumqayıt, ya da Saray yolundan istifadə etməlisən. Biz də Saray qəsəbəsindən keçən yolu seçdik.
Novxanıda son illərdə tikilən bahalı istirahət mərkəzləri dənizi sakinlər üçün əlçatmaz etsə də, hələ də ümumi çimərliklər, xalq dili ilə desək, "kasıb çimərlikləri" qalmaqdadır. Çimərliyinin həm ən kütləvi, həm də ən çirkli hissəsinə yollandıq. Sumqayıt Göz Xəstəxanasının yaxınlığında yerləşən bu ərazi hələ Sovet dövründən Novxanının ən dəbli çimərlik zonası hesab olunur. Sarıqaya adlanan bu ərazini əslində məşhur edən özəlliyi yoxdur, sadəcə olaraq, xəstəxanaya gələn maşrutun son dayanacağı olduğundan avtomobili olmayan şəhər sakinləri burada sərinlənmək məcburiyyətində qalıblar. Daha çox insan gəldiyindən, zaman keçdikcə avtomobili olanlar da Sarıqayanı seçib. Reportaj hazırlamaq üçün gəzdiyimiz Novxanının sahil zolağında ən çox istirahət edənlər də məhz bu ərazidə idi.
Küləkli hava, tənha dəniz...
Çimərlik mövsümünün açılışından bir həftəyə yaxın vaxt keçsə də, havaların sərin və küləkli keçməsi dənizə gələnlərin sayını əhəmiyyətli dərəcədə azaltmışdı. Gələnlər də ya adrenalin həvəskarları olan gənclər idi, ya da uşaqlara söz verib sözünü tutmaq məcburiyyətində olan valideynlər. Ötən illərdən fərqli olaraq bu il özünü quma basdıran pensiyaçılar da gözə dəymirdi. Əslində hava soyuq keçdiyindən heç qum əməlli-başlı isinməmişdi.
Ümumi çimərliklərdən fərqli olaraq baş çəkdiyimiz əksər özəl istirahət mərkəzlərinin çimərlik zolağında səssizlik hökm sürürüdü. Hələ dənizə kütləvi axın olmasa da, ailəsilə, fərdi avtomobillə gələnlər üstünlük təşkil edirdi. Ümumi və girişi pulsuz olan çimərliklərdə istirahət edənlərin əksəriyyəti səliqə-səhmanın, şəraitin olmamasından gileylənirdilər.
Çimərliyə gələnlər özləri də əslində çimərlik havası olmadığını təsdiqləyirlər. Nəvələri ilə dincəlməyə gələn Əlheydər Məmmədov deyir ki, uşaqlar məcbur etməsə, belə havada dənizə girməzdi: "Nəvələrimi gətirmişəm, uşaqlara dəniz havası lazımdır. Əslində heç "dəniz havası" deyil, mənim 69 yaşım var, heç iyun ayında belə hava görməmişəm. Hər il bu vaxta qədər azı 10 dəfə dənizə gələrdik. İndi uşaqlar məcbur eləməsəydilər gəlməzdim. Bəlkə də, qocalıqdandır...", - deyə həmsöhbətimiz izah edir.
"Suda boğulan olsa, xəstəxanaya çatdıra bilməyəcəklər"
İstirahət edənlərin bəziləri isə hələ mövsüm başlamadan qiymətlərin yüksək olmasından şikayətlənirlər. Corat sakini Hacı Əzimov deyir ki, bəzi istirahət mərkəzləri girişə görə pul almasa da, ayrıca çay satmır: "Ailəmizlə gəlmişik, istəyirdik ki, çay içək. Ofisiant dedi ki, ayrıca çay satmırıq. Əgər çay içmək istəyirsizsə, gərək masa götürəsiz. Pul qazanmağın yolunu da bilmirlər. Onsuz da gələn yoxdur, bütün masaları da bomboşdur. Heç olmasa, masasız çay satsa, bəlkə də, "kliyenti" olar, deyə istirahətə gələnlərdən biri bildirir.
Müsahibimiz deyir ki, 25 ildən çoxdur hər yay Novxanı çimərliyinə gəlir və çimərliyin hər qarışına yaxşı bələddir. Onun sözlərinə görə, 2000-ci il zəlzələsindən sonra dənizin Novxanı hissəsinin relyefində dəyişiklik olub, sualtı torpaq qatında iri çatlar yaranıb. O vaxtdan da bu zonada suda boğulma halları çoxalıb: "Şıx çimərliyində böyük bir ərazinin dərinliyi eynidir, adamlar orada rahat üzürlər. Amma burda zəlzələdən sonra torpaq qatı parçalanıb, ayrılıb. Üzdüyün yerdə bir də gördün ki, gedirsən. Neçə dəfə öz başıma gəlib. Üzə bilməsəydim çoxdan batmışdım. Elə ona görədir ki, neçə illərdir burada boğulma təhlükəsilə üzləşənlərin sayı çoxdur", -deyə H. Əzimov əlavə edir.
Elə çimərlikdə boğulmadan söz düşmüşkən, əslində bu zonada dənizdə boğulma təhlükəsilə üzləşən və ya xəsarət almış şəxsi xəstəxanaya çatdırmaq özü müşkül məsələdir. Xüsusən də, günortadan sonrakı pik saatlarda tıxacı keçərək xəstəxanaya çatınca xəstə ölməsə belə ölümcül vəziyyətə düşər.
Boş masa 10 manat...
Hava imkan verməsə də, sahil zolağı boyunca dənizin soyuq suyuna baş vuranlara rast gəldik. Amma çimənlərdən çox suyun kənarında süfrə açıb oturanlar var idi. Onların əksəriyyəti həm dəniz havası udmaq, həm də piknik etmək niyyətində idilər. Sahildə yerləşən bahalı retoranlarda müştərilər olsa da, kiçik və nisbətən ucuz istirahət mərkəzlərində demək olar ki, müştəri gözə dəymirdi.
Həqiqətən də, istirahət mərkəzlərinin bəzilərində müsahibimizin bildiridiyi vəziyyətlə qarşılaşdıq. Məsələn, "Narın" istirahət mərkəzinin əməkdaşından öyrəndik ki, burada çay içmək üçün gərək masa sifariş edəsən. Masanın qiyməti isə 10 manatdır. Təbii ki, çaya boş masaya ödənilən 10 manatdan əlavə azı 3 manat ödəməlisən.
Novxanı istirahət mərkəzlərində yerindən asılı olaraq bir çaydan çay 3-10 manat arasında dəyişir. Əksər istirahət mərkəzlərində "şezlonq"olmasa da, çətir kirayələmək mümkündür. Çətirin qiyməti də yerdən asılı olaraq 3-5 manat, "şezlonq" 6-7 manat, koteclərin qiyməti isə 30-50 manat arasında dəyişir.
Novxanı çimərliyində girişi 20-25 manat olan özəl istirahət mərkəzləri də var ki, burada adi çimərlikdən fərqli olaraq hovuz və akvaparkdan istifadə etmək üstünlüyü var.
Novxanı çimərliyinə gələnlər bir də sahil boyu o baş-bu başa vurnuxan atlıları görməmiş deyillər. Bu çimərliyə gələnlərə daha bir xidmət - at xidməti də təklif olunur. Atla kiçik məsafəyə gəzintiyə görə isə 3 manatdan keçmək lazımdır. İstirahət mərkəzində sadəcə duşdan istifadənin qiyməti 1-2 manatdır. Eyni zamanada əksər ümumi sayılan, əslində isə yarıxüsusiləşmiş çimərliklərə avtomobillə daxil olmaq üçün 1 manat ödəniş olunmalıdır.
"Bizim istirahət mərkəzində çimmək qadağandır"
Novxanıda yerləşən "Amor", "Diana" kimi istirahət mərkəzlərində isə sahil zolağında çimməyə icazə verilmir. "Amor" istirahət mərkəzinin mühafizəçisi bildirdi ki, bura yalnız yeməyə və dincəlməyə gələnlər üçündür. Mühafizəçi ümumiyyətlə, istirahət mərkəzinin içərisindən keçərək dəniz sahilinə getməyə icazə verilmədiyini dedi. Suyun içərisinə qədər hasarlanan bu istirahət mərkəzinin sahil ərazisində təmizlik gözə çarpsa da, kənar ərazilər zibilliyi xatırladırdı. Doğrudur, əvvəlki illərdən fərqli olaraq çimərlikdə dincələn mal-qara görmədik. Amma hələ mövsüm qızışmamış yerdə içki şüşələri, selofan torbalar, qida qalıqları, hətta "pampers"ə də rast gəldik.
Çimərlikdən çıxmaq istəyirdik ki, əlimdəki dondurma kağızını xatırladım. 40 dəqiqəyə yaxındı ki, onu əlimdə gəzdirirdim, atmağa zibil qutusu tapmadım. Kağızı çantama qoyub gəldiyimiz yolu geri qayıtdıq. Bayaqdan dənizdə üzənlərdən heç kim qalmamışdı, hava daha da soyuduğundan çimərlikdəkilər yığışıb getmişdilər. Dəniz tək qalmışdı. Lap qışdakı kimi...