MTN və RYTN-dəki korrupsiya digər nazirliklərdə də varmı?
Fəzail Ağamalı: “Baş vermiş hadisədən digər qurumlar da nəticə çıxarıblar”; Fərəc Quliyev: “Əli Abbasovun yerində bir başqası olsaydı...”
Ötən ilin sonlarında Milli Təhlükəsizlik (DTX) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində baş verən məlum proseslər son bir ilin əsas müzakirə mövzusu oldu.
Hazırda da hər iki nazirliklə bağlı gedən müzakirələr səngimək bilmir.
İctimaiyyət arasında müzakirələrdə MTN və Rabitə Nazirliyi daxilindəki özbaşınalığın, yeyinti hallarının digər nazirliklərdə də olduğunu, sadəcə, hədəfə bu qurumların gəldiyini deyirlər. Hətta qarşıdakı zamanlarda hər iki nazirliyin taleyini yaşayacaq rəsmi qurumların da olacağı istisna edilmir. Bununla bağlı daha bir fikir də var ki, o da hakimiyyətə son bir ildə dəyən zərbə ilə bağlıdır. Qeyd olunur ki, MTN və Rabitə Nazirliyindəki proseslər ölkə iqtidarının da nüfuzuna ciddi zərbə vurdu. Bunun əksini deyənlər də var. Onlar hesab edirlər ki, baş verənlərdən digər qurumlar ibrət dərsi aldılar və özbaşınalıqların qarşısı müəyyən qədər alındı.
Image result for Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı hər iki nazirlikdə baş verənlərə ilk reaksiya verənlərdən olduğunu söylədi: “Mətbuat səhifələrində bu barədə fikirlərim çox olub. Bu hadisələri dövlətçiliyimiz üçün pis hadisə kimi qiymətləndirə bilərəm. Eldar Mahmudov və onun yaratmış olduğu banda bu quruma ciddi zərbə vurdu. Ona xalqımızın illərdir göstərdiyi etimad zədələndi. İndi orada dövlətçiliyimizə sadiq olan insanlar həmin etimadı yenidən qaytarmaq, qurumu gücləndirmək üçün çox səylər göstərirlər. İstintaq və məhkəmənin gedişində çox ciddi məsələlər üzə çıxır. Düşünürəm ki, cinayətlərin təşkilatçısı Eldar Mahmudov və onun yaratmış olduğu banda idi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbəri MTN bandasının qurbanına çevrildi. O, bandanın yaratmış olduğu durumun içərisinə düşdü. Nəticədə bu vəziyyət yarandı. Dövlətin bütün qurumları, strukturları baş vermiş hadisədən nəticə çıxarmalı, dövlətçiliyimizə xidmət göstərməli, bu cür hallar bir daha təkrar olunmamalıdır. Məncə, belə də olacaq. Bundan sonra belə hadisələrin baş verməməsi üçün qabaqlayıcı addımlar atılır və atılacaq da. Digər qurumlarda da belə halların olması ilə bağlı iddiaları ciddi qəbul etmirəm. Çünki bunlar gümanlardır. Hər halda, baş vermiş hadisədən digər qurumlar da nəticə çıxarıblar. Əgər MTN-in avantürasına digər qurumlar və şəxslər də daxil olsaydı, indi çoxdan məsuliyyətə cəlb olunmuşdular. İndi görürsünüz ki, ayrı-ayrı epizodlarda digər şəxslərin də adları çəkilir. Onlar da istintaqa cəlb olunur, zərərçəkmiş qismində dindirilir. Güman etmirəm ki, baş vermiş hadisələr bu və ya digər nazirliklərdə təkrar olunsun”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bu hadisələrdən hakimiyyətin zərbə aldığını istisna etmir: “MTN-in bu hadisələrdə adının keçməsi böyük rüsvayçılıqdır. Ölkənin bütün sahələrində təhlükəsizliyə təminatçı qalmaq zorunda olan bir qurumun bu cür fəaliyyət göstərməsi, talançılıq etməsi, ölkənin maliyyə resurslarına ağır zərbə vurması çox böyük bir rüsvayçılıqdır. Hakimiyyətin imici baxımından nə qədər böyük zərbə alsa da, onun üstünə getməsi onu göstərir ki, prezident bu məsələlərin qarşısını almaq iradəsi nümayiş etdirir. Nə olursa-olsun bu məsələlərin tam açılmasının tərəfindədir. Bu, çox mühüm məsələdir. İkinci bir tərəfdən, Rabitə Nazirliyi ilə MTN-i bərabər tutmuram. Açığı budur ki, Rabitə Nazirliyinin yerində başqa bir nazirlik olsaydı, MTN ona təhdidlər etsəydi, göstəriş versəydi, çox az hallarda bu dövlət üçün az əhəmiyyəti olan hal kimi dəyərləndirilərdi. Belə götürəndə tabe olmağa məcbur olardılar. Burada daha çox MTN-in günahkar olduğunu düşünürəm. Hesab etmirəm ki, Əli Abbasovun yerində bir başqası olsaydı, bu cür hallar baş verəndə qarşısını alıb deyəsi idi ki, bunları etmə. MTN ölkənin təhlükəsizliyinin təminatçısıdır.
Düşünürlər ki, bəlkə bu lazımdır. Orada baş verənləri yumşaltmaq məqsədilə bunları demirəm. Yəni hər iki nazirliyi bərabər tutmaq olmaz. MTN məsələsini araşdırdıqca ola bilsin ki, digər qurumlarla bağlı da məsələlər ortaya çıxa bilər. Təhdidetmə və digər hallar. Amma yenə deyirəm ki, ölkə başçısının bu məsələlərdəki qətiyyətli mövqeyi korrupsiya və digər özbaşınalıqlara qarşı üsyan xarakterli addımlardır və təqdir olunmalıdır”. (musavat.com)