azia.az
azia.az

Keçmiş döyüşçü Nazim Bayram: “Ordumuzun necə hazırlıqlı olduğunu dost-düşmənə göstərdik”

4-04-2016, 18:19

Keçmiş döyüşçü Nazim Bayram: “Ordumuzun necə hazırlıqlı olduğunu dost-düşmənə göstərdik” Müsahibimiz Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Nazim Bayramovdur. Peşəkar hərbçi olan Bayramov Lent.az-a müsahibəsində ordumuzun son hücumlarını, işğaldan azad olmuş yerlərin əhəmiyyətini dəyərləndirir.


- Bir neçə gündür Azərbaycan ordusu işğal olunmuş ərazilərimizdə uğurlu əməliyyatlar aparır. Peşəkar hərbçi kimi Azərbaycan ordusunun apardığı taktiki əməliyyatları necə qiymətləndirirsiz?


- Ordumuzun keçirdiyi son uğurlu əməliyyatlar taktiki vahidlərlə aparılsa da, hərbi baxımdan daha üstün əməliyyatdır. Bunu ilk növbədə azad olunan yüksəkliklərin hərbi əhəmiyyəti göstərir. Talış yüksəkliyinin düşməndən təmizlənməsi, Tapqaraqoyunlu- Borsunlu-Goranboy-Tərtər arası və daha cənubu əhatə edən böyük məkanı nəzarətimizə almaqla, düşməni bu məkanda müşahidə, atəş, cəmləşmə və irəli çıxma manevrlərindən etibarlı şəkildə məhrum edir. Bununla bərabər, ordumuzun Ağdərə istiqamətində hücum perspektivlərinə plasdarm imkanlarını təmin edir.


Horadiz yaxınlığında düşməndən təmizlənmiş Lələ-təpə yüksəkliyi ordumuza Horadiz qəsəbəsini və ətraf əraziləri bilavasitə müşahidə və atəş nəzarətinə almaq imkanını təmin edir və düşməni, gizli cəmləşmə və hərəkət imkanlarından məhrum etməklə, Horadiz şəhərinə, Horadiz və Qazaxlar kəndinə, habelə Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətində olan Azərbaycan Ordusunun mövqelərinə olan təhlükəni aradan qaldırmış oldu. Xüsusilə də region üçün həyati əhəmiyyət daşıyan Horadiz dəmir yolu stansiyasına yaranan təhdid sovuşdu. Lələ-təpə yüksəkliyinin digər əhəmiyyəti onun da Talış yüksəkliyi kimi gələcək mümkün hücumlarımız üçün əlverişli plasdarm olmasıdır.

Yuxarıda qeyd etdiyim məqamlara görə, son uğurlar taktiki deyil, məhz əməliyyat əhəmiyyətli kimi qiymətləndirilməlidir.


- Keçmiş hərbçi kimi hücum əməliyyatının hansı özəlliklərini qeyd edərdiz?


- Mən keçmiş deyil, ehtiyatda olan hərbçiyəm və hazırda hərbi çantam hazır vəziyyətdə orduya çağırılmağımı səbirsizliklə gözləyirəm. Əməliyyatların özəlliklərinə gəldikdə, ilk növbədə onların bütün hərbi göstəricilərinə görə ən minimal zaman və itkilərlə (12 şəhid) alınmasını qeyd edə bilərəm.

Düşmənin bu yüksəkliklərin qarşısında mina-məftil maneə sahələrini, yüksəkliklərin uzunmüddətli betonlaşdırılmış, möhkəmləndirilmiş müdafiə mövqelərini və digər mühəndis fortifikasiyasını ordu bölmələrimizin bir saat ərzində və minimal itkilərlə tutması döyüş əməliyyatlarının gedişini yaxından izləyən düşmənə və dost-düşmən xarici peşəkar müşahidəçilərə ordumuzun nə dərəcədə hazırlıqlı olduğunu, kəşfiyyatın, əməliyyat planlaşdırmasının və qarşılıqlı döyüş əlaqələndirməsinin nə dərəcədə yüksək olmasını aşkar edir.


- Keçmiş hərbçi deyəndə, sizin Birinci Qarabağ müharibəsində iştirakınızı qəsd edirdim. Azad edilmiş yüksəkliklərin və Seysulan kəndinin keçən müharibədə tarixçəsindən danışa bilərdizmi?


- Şəxsi qənaətimə görə, Seysulana son hücumumuz düşməni çaşdırmaq, onu əsas zərbə istiqamətindən yayındırmaq məqsədilə keçirilmişdi. Seysulanın müstəqil hərbi dəyəri yoxdu. Bu kənddə müharibədən əvvəl Azərbaycanın erməni əsilli vətəndaşları yaşayıblar. Seysulana ilk dəfə hücum, Xocalıya hücuma keçmiş düşmən qüvvələrini yayındırmaq məqsədilə 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə həyata keçirilmişdi. Hücumu Tərtərin o vaxtkı polis rəisi polkovnik Ələsgər Əliyev və müavini Rasim Vəliyev təşkil etmişdi. “Milli Qurtuluş” taborunun komandiri Cahangir Kərimov, müavini Fuad Rzayev, “Azadlıq” taborunun komandiri Ələmşah Məmmədovun dəstələrini qeyd edə bilərəm. Döyüşə Tərtər polis bölməsi və Seydimli, Cəmilli rotasının döyüşçüləri də qatılmışdılar. Kəndin alınması zamanı “Qurtuluş” taborunun komandiri Cahangir Kərimov, “Qurtuluşun” döyüşçüsü İlqar Hüseynov (Bakının Saray qəsəbəsindən) şəhid olub. Erməni yaraqlılarından təxminən 15-ə yaxın məhv edilmiş, dinc əhalidən əsir götürülmüşdü. Onlar sonralar Xocalı əsirlərinə dəyişdirildi.

Talış kəndi və indi alınan ətraf yüksəkliklər ilk dəfə 92-ci ilin iyunun 16-da “Şaumyan əməliyyatı”nın davamında Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun 1-ci Goranboy taboru və komandiri olduğum tank taborunun bölməsi tərəfindən Tapqaraqoyunlu istiqamətindən birgə sürətli hücum nəticəsində alınmışdı. Daha sonralar (səhv etmirəmsə, 1994-cü ildə) yüksəklik itirilib, yüksəkliyi qaytarmaq məqsədilə ordu bölmələrimizin 1994-cü ilin ilk yarısındakı şiddətli hücumları böyük itkilərimizə baxmayaraq, nəticə verməmişdi. Yeri gəlmişkən, bu da ordumuzun iki gün əvvəl keçirdiyi əməliyyatının nə dərəcədə mühüm və uğurlu olmasına göstəricidir.
Horadiz yaxınlığında tutulmuş Lələ təpə yüksəkliyi 1994-cü ilin Horadiz əməliyyatı zamanı Azərbaycan ordusunun nəzarətinə keçmiş, lakin sonra itirilmişdi.


- Bəzi xarici müşahidəçilərin cəbhədə baş verən hadisələri “Erməni ordusunun müqaviməti Azərbaycanın “ildrımsürətli müharibə” planını pozdu” qiymətləndirmələrinə münasibətinizi bilmək istərdik.


- Məsələni bu cür təqdim edənlərin elementar hərbi bilikləri yoxdur. Bunu daha çox siyasi-diplomatik və təbliğat, informasiya müharibəsi “mütəxəssisləri” edir. Ciddi müşahidəçilər anlayırlar ki, “ildrımsürətli müharibə” bu cür başlanmır. Düşmənə qarşı ölçülüb-biçilmiş zərbələr olmaqla, son əməliyyatların zərurəti və məqsədləri Ali Baş Komandan və müdafiə nazirimiz tərəfindən aydın şəkildə açıqlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi