azia.az
azia.az

Azərbaycanın İsraildən aldığı milyardlarla dollarlıq silahlar

1-04-2019, 09:55

Azərbaycanın İsraildən aldığı milyardlarla dollarlıq silahlar
İsrail silahlarının ən iri idxalçıları arasında Azərbaycan Hindistan və Vyetnamdan sonra üçüncü yeri tutur. Müxtəlif mənbələrin məlumatlarına əsasən, 2017-ci ildə Tel-Əviv Bakıya azı 140 milyon dollarlıq silah-sursat ixrac edib. Bu ixracatın tərkibində ən müxtəlif tipli pilotsuz uçuş aparatları, o cümlədən fəaliyyət radiusu 1000 kilometrə çatan ən yeni zərbə modifikasiyaları əhəmiyyətli yer tutur. İxracatına 2015-ci ildə başlanmış ən güclü İsrail dronlarından biri lisenziya əsasında Azərbaycandakı zavodlardan birində istehsal edilir. Virtualaz.org xəbər verir ki, bunu Rusiyanın “Nezavisimaya qazeta” nəşrində dərc edilmiş məqaləsində kimya və fəlsəfə elmləri doktoru, professor Zaxar Gelman bildirib.Müəllif qeyd edir ki, Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən eyni zamanda gecə müşahidəsi cihazları və elektron nişanalma sistemləri alınıb. İsraildən müdafiə məqsədli kibernetik sistemlərin ixracatı perspektiv istiqamət hesab oluna bilər. Çox ola bilsin ki, yaxın zamanlarda çoxprofilli uçuş aparatlarının istehsalı üzrə Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin “Aeronautics” konserni arasında müqavilə gerçəkləşsin.Azərbaycanın İsraildən aldığı milyardlarla dollarlıq silahlar
Zaxar Gelman məqaləsində yazır ki, Azərbaycanın Milli Ordusunun cəbbəxanasında həmçinin “Barak-8” zenit raket kompleksləri var ki, bunlar “İldırım” adlandırılır və bu, əslində “Barak” sözünün ivritdən tərcüməsi ilə eyni mənanı verir. Həmin komplekslər rəqibin təyyarələrinin ələ keçirilməsi, eyni zamanda dənizdən və qurudan buraxılmış raketlərin vurularaq məhv edilmsi məqsədini güdür. Onlar hava hədəflərini səs sürətindən aşağı və yüksək sürətlərdə hərəkət edərək, ən müxtəlif hündürlükdə və məsafədə vururlar. Raket iki pilləlidir və bərk yanacaqla işləyir, 4,5 metr uzunluğa malikdir və aktiv özüyönləndirmə sistemi ilə təchiz olunub.
Azərbaycanın İsraildən aldığı milyardlarla dollarlıq silahlar
İsrailin ən iri özəl şirkəti olan “Elbit Systems” Azərbaycana məxsus bir neçə T-72 tankını modernləşdirib. Maraqlıdır ki, tenderdə İsrail şirkətindən əlavə, Türkiyənin “Aselsan” şirkətinin də iştirak etməsinə baxmayaraq, Azərbaycan Müdafiə Nazirliyi üstünlüyü israillilərin təklifinə verib. Modernləşdirmə çərçivəsində “Elbit Systems” Azərbaycan tanklarında yeni atəşin idarə olunması sistemləri və müasir zireh quraşdırıb.
Elə həmin İsrail konserni Bakıya 120 millimetrlik özüyeriyən CARDOM (Computerised Autonomous Recoil Rapid Deployed Outrange Mortar – ingilis dilindən tərcümədə “artırılmış atəş məsafəsi olan, tez açılan kompüterləşdirilmiş avtonom minaatan”) minaatanları ixrac edir. Bu minaatan müasir atəşin idarə olunması sisteminə, naviqasiya blokuna, avtomatik yönləndirmə sisteminə və özünəməxsus güc qurğusuna malikdir. Başqa adı ilə “Raduqa” adlandırılan bu minaatan müxtəlif tipli zirehli texnikaların döyüş bölməsində yerləşdirilmək üçün yararlıdır.
Azərbaycanın İsraildən aldığı milyardlarla dollarlıq silahlar

Azərbaycan Milli Ordusunun sərəncamına İsraildə istehsal edilmiş “Green Pine” (“Yaşıl şam”) raket əleyhinə radiolokasiya sistemi də verilib. Bu sistem “Israel Aerospace Industries” konserninin törəmə strukturu olan “ELTA Systems” şirkəti tərəfindən istehsal olunub. Bu mobil radiolokasiya sistemi avtonom şəkildə rəqib tərəfindən radioelektron mübarizə vasitələrindən istifadə edildiyi şəraitdə onlarla taktiki ballistik raketi izləmək və aşkar etmək üçündür. Məqalənin müəllifi iddia edir ki, bu cür radiolokasiya stansiyalarından müəyyən qədəri Azərbaycan-İran sərhədində yerləşdirilib.

İsrail Azərbaycan Milli Ordusuna həm də daşına bilən POMINS-2 məsafədən minaların zərərsizləşdirilməsi sistemləri də verilib ki, bunların köməyi ilə yarım dəqiqə ərzində minalanmış ərazilərdə eni 1,5 metr, uzunluğu isə 50 metr olan keçidlər yaratmaq olar. Bu məqsədlə raket buraxılır və o, bütün minalanmış ərazi üzrə partıayıcı qurğusu olan kabel dartır, onun partlamasından sonra isə bütün piyadalar əleyhinə minalar partlayır, məftil sədlər isə dağılır.

Dərc olunmuş məqalədə göstərilir ki, azərbaycanlı hərbçilərin cəbbəxanasında İsraildə istehsal edilmiş “Mikro-uzi” kiçik həcmli tapança-pulemyotlar, “Tavor-21” şturm tüfəngləri və “Neqev” əl pulemyotu da var ki, bunları “Israel Military Industries” istehsal edir. Yeri gəlmişkən, İsrail ordusu “Tavor-21”dən piyada bölmələrində istifadə edir.



Azərbaycanlı hərbçilər İsrail istehsalı olan B-300 qumbaraatanı ilə təchiz olunublar ki, bu silah 400 mm-ə qədər qalınlığı olan homogen zirehi dəlib keçmək qabiliyyətinə malikdir. Eyni zamanda, İsrailin “Rafael” şirkətinin istehsalı olan “Spayk” çoxfunksiyalı raket kompleksləri də Azərbaycana ixrac olunur. 2016-cı ildə Britaniyanın “Military Balance” illik nəşri məlumat verib ki, Azərbaycana İsrailin istehalı olan beş ədəd 155 mm-lik özüyeriyən “ATMOS 2000” (Autonomous Truck MOunted System – “yük maşınının şassisində avtonom sistem”) artilleriya qurğusu ixrac edilib. “Tatra T815 VVN 6x6” şassisində bu özüyeriyən sistem canlı qüvvənin, artilleriya batareyalarının, uzunmüddətli atəş nöqtələrinin vurulması, həmçinin minalanmış ərazilərdə və səhra sədlərində keçidlərin təmin edilməsi üçündür.

2000-ci illərin ortalarında Azərbaycan bir neçə ədəd İsraildə istehsal edilən “Storm” kəşfiyyat-patrul versiyasında yolsuzluq avtomobilləri alıb ki, bunlarda əlavə yanacaq, su və digər avadanlıq yerləri, o cümlədən kuzov hissəsində pulemyot quraşdırılması imkanı nəzərdə tutulub.

2013-cü ildə İsrail və Azərbaycan raket hücumundan müdafiə məqsədli “Dəmir günbəz” kompleksinin təchizatı haqqında danışıqlara başlayıblar. Bu sistem atəş məsafəsi 80 kilometrə qədər olan idarə olunmayan raketlərlə mübarizədə effektivliyini göstərib. Bu cür komplekslər batareyası 200 kvadrat kilometrə qədər sahəsi olan ərazini örtə bilər.

Mütəxəssislərin apardıqları sınaqlar nümayiş etdirib ki, “Dəmir günbəz” istənilən operativ-taktiki raket kompleksıləri, o cümlədən Rusiya istehsalı olan “İskəndər” komplekslərinə qarşı kifayət qədər effektiv mübarizə aparır.

Müəllif onu da qeyd edir ki, “İsrael xa-yom” qəzetinin məlumatına görə, Azərbaycanın müdafiə naziri Zakir Həsənovla İsrailin keçmiş müdafiə naziri Aviqdor Libermanın Bakıda keçirdikləri görüşdə “Dəmir günbəz” raket əleyhinə müdafiə komplekslərinin Azərbaycan Milli Ordusuna təchizatının davam etdirilməsi müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi