Müdafiə naziri: "Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir"
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi hissənin açılışı olub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərciyin ərazisindəki qərargah, zabit, gizir və əsgər yataqxanaları, xidməti, tədris və istirahət otaqları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlər ilə tanış olub.
Şəxsi heyət qarşısında çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib:
"Ali Baş Komandan tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqətin nəticəsində biz bu gün növbəti hərbi şəhərciyin açılışında iştirak edirik. Cari ildə ilk yeni tikilmiş və bütün infrastrukturla təmin olunmuş hərbi hissənin açılışını həyata keçiririk. Bu quruculuq işləri və orduda həyata keçirilən islahatlar mərhələli surətdə davam etdiriləcəkdir.
Planlaşdırdığımız kimi ötən il ərzində on hərbi şəhərciyi istifadəyə verdik. Bu il də plana uyğun olaraq ondan çox müasir hərbi şəhərciyin inşa edilib şəxsi heyətin istifadəsinə verilməsini nəzərdə tutmuşuq. Xüsusi qeyd etmək istəyirəm ki, dövlətimiz Silahlı Qüvvələrimizin bütün istiqamətlər üzrə inkişafını ciddi nəzarətdə saxlayır. Ordunun döyüş hazırlığı yüksəlir, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunur, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, daimi və xidməti mənzillər istifadəyə verilir. Ordunun yüksək dağıdıcı gücə malik silahlarla təmin olunması işini biz bu il də davam etdirəcəyik. Şəxsi heyət dövlətin, xalqın etimadını doğrultmaq üçün gecə- gündüz durmadan çalışmalı və xidməti döyüş hazırlığını yüksəltməlidir.
Qarşımızda torpaqlarımızı işğaldan azad etmək kimi müqəddəs vəzifə dayanır. Cəbhədə, ön xətdə, səngərlərdə xidmət edən əsgər və zabitlərimiz yüksək qəhrəmanlıq, peşəkarlıq göstərirlər. Düşmənin başını qaldırmağa belə imkan vermirlər. Qarşı tərəf böyük itkilər verir. Bu haqq işimizi davam etdirəcək və düşməni darmadağın edəcəyik. Xocalı soyqırımını həyata keçirən, günahsız insanları qətlə yetirən mənfur düşmənlərimizi məhv edərək bütün şəhidlərin qisasını alacağıq və torpaqlarımızı işğaldan azad edəcəyik.
Mən bütün şəxsi heyəti yeni hərbi şəhərciyin açılışı və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm. Əminəm ki, əsgər və zabitlərimiz Azərbaycan xalqının, ölkə rəhbərliyinin etimadını doğruldacaq, döyüş hazırlığını yüksək səviyyədə nümayiş etdirməklə qələbəmizi yaxınlaşdıracaq".
Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar ediblər.
Hərbi hissədə fəaliyyət göstərən çörəkbişirmə sexi ilə də tanış olan nazir, çörəyin istehsal şəraiti, keyfiyyəti ilə maraqlanıb və burada çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə bağlı müvafiq göstəriş və tövsiyələrini verib.
Sonda hərbi hissəyə xatirə olaraq ərazidə çinar ağacları əkilib.