Telekanallardakı biabırçılıqlar: MTRŞ rəsmisinin məqaləsi ciddi müzakirə mövzusuna çevrildi
Zeynal Məmmədli MTRŞ sədrinin müavini Qafar Cəbiyevin yazdığı məqaləyə münasibət bildirdi
MTRŞ sədrinin müavini Qafar Cəbiyev: “Model göstərmək səlahiyyətləri bizə aid deyil”
Milli Televiziya və Radio Şurası sədrinin müavini, tarix elmləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyev “Xalq qəzeti”nin son sayında geniş məqalə ilə çıxış edib.
Musavat.com xəbər verir ki, Qafar Cəbiyev məqaləsində əsas sitat kimi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ və hərtərəfli məlumatlandırma teleradio yayımı həyata keçirən qurumun müvəffəqiyyətinin əsas şərtləridir” fikrini önə çıxarıb. Yada salaq ki, Prezident Administrasiyasının rəhbəri də vaxtilə televiziyalardakı real vəziyyətlə bağlı sərt mövqe sərgiləyib.
Q.Cəbiyev “Xalq qəzeti”dəki məqaləsində bəzi teleaparıcıların efirimizin ciddi probleminə çevrildiyini bildirib: “Nədənsə teleradio qurumlarının rəhbərləri insanların gözünü qabar etmiş olan bu cür başabəla aparıcılardan əl çəkmək istəmirlər. Məgər onları daha bacarıqlı, daha istedadlı və daha peşəkar insanlarla əvəz etmək olmaz?! Yəni atalar demişkən, ”xoruz olmasa, sabah açılmayacaq?!"
Q.Cəbiyev son vaxtlar bəzi telekanallarda insanlar üzərində şoular qurulmasını da sərt dillə tənqid edib: “Sosial şəbəkələrin populyarlaşdırdığı, əslində isə əxlaqi və psixi durumunda problemləri olan insanlar üzərində şoular qurması, cəmiyyətimiz və mənəviyyatımız üçün əsla səciyyəvi olmayan tək-tək halların daha da şişirdilərək əcaib tərzdə tamaşaçıya təqdim olunması da çox ciddi ictimai narazılıq doğurur.
Teleradio yayımçılarının işi və qayğısı təkcə baxımlı proqramlar hazırlamaqla tamaşaçıların rəğbətini qazanmaqdan ibarət deyil. Bununla yanaşı, onlar hazırladıqları efir materiallarından həm də qazanc əldə etmək barədə düşünürlər. Yəni reytinq gətirən verilişlər hazırlanmalıdır ki, yaxşı reklamı da olsun. Özəl yayımçılar bu yolda az qala hər qəpik uğrunda çarpışmalı olurlar. Çünki onlar məhz özlərinin qazancı hesabına maddi-texniki bazalarını təkmilləşdirir, işçilərin sosial təminatını yaxşılaşdırır, həm də dövlət büdcəsinə ödəmələr həyata keçirirlər”.
Bu və bunun kimi fikirlər Azərbaycanın teleməkanı barədə ictimaiyyətdə formalaşmış fikirlərin bir növ təsdiqi idi. Yetərincə diqqət çəkməsi də məhz bundan irəli gəlirdi.
Bəs, media ekspertləri bu barədə nə düşünürlər? Bu iradlar vəziyyəti düzəltmək üçün yetərlidirmi?
Media eksperti Zeynal Məmmədli hesab edir ki, MTRŞ-nın - televiziyalarda olan duruma cavabdeh bir qurumun önəmli vəzifə tutan bir nümayəndəsi belə bir məqalə ilə çıxış edirsə, bu, ciddi məqamdır.
Onun sözlərinə görə, bu qurum Azərbaycan televiziyalarında proqram siyasətindən narazıdır: “Amma narazılıq kifayət deyil. Onlar ya vəzifələrindən istefa verməli, ya da deməlidilər ki, biz özümüzü doğrultmadıq, bizə ancaq texniki vəzifələr verilib. Mən bu məqaləyə acizliyin etirafı, “Biz bacarmırıq, amma elə bilməyin ki, xəbərimiz yoxdur” mesajı kimi baxdım. Müəllif oradakı fikirlərini çox səmimi deyə bilər. Amma mən bu məsələni şəxsiləşdirmək istəmirəm. Bu tipli yazılar tez-tez Prezident Administrasiyası rəhbəri tərəfindən də yazılıb. Amma hər dəfə yazılandan, iradlar deyiləndən sonra vəziyyət əvvəlkindən də daha pis olur. Narazılıqlar deyilir. Amma çıxış yolu nədədir, bunu necə yoluna qoymaq olar? Düzdür, Teleradio Şurası telekanallara birbaşa göstəriş verə bilməz. Əvəzində isə örnəklərin hazırlanması üçün fəaliyyət göstərə bilər. İdeal xəbər, sənədli film, diskussiya proqramı belə hazırlanmalı, serial səhnələrinin belə nümunələri var deyə telekanalların qarşısına konkret faktlar qoya bilər. Bunlar olmayandan sonra bu məqalə nə deməkdir?”
Z.Məmmədli bildirdi ki, ümumiyyətlə, məqalə bir rəydir. Onun sözlərinə görə, bunu bir tamaşaçı desəydi, onun şəxsi fikri kimi qəbul etmək olardı. Və ya Q.Cəbiyev sözügedən yazını MTRŞ sədrinin müavini kimi yox, adi tamaşaçı kimi yazsaydı, yenə də anlaşılan idi.
Ekspert hesab edir ki, bu məqalə acizliyin etirafıdır: “Onlar bu məsələni çox ciddi sayırlarsa, diskussiyaya çevirə bilərlər. Əllərində dövlət büdcəsindən maliyyələşən telekanallar var. Özləri hansısa vəsait hesabına bu mövzuda müzakirələr keçirə, süjetlər hazırlaya bilərlər. Bu halda diqqət cəlb edəcəklər. Çünki ictimai təsir mexanizmlərinin çoxlu formaları var. Amma yayımına icazə verdikləri kanallara baxın. Tezlik almış kanalların siyahısı hər şeyi göstərir. Onlar nəyə xidmət edirlər? Ancaq musiqilər, kliplər, filmlərin nümayişi... Məqsəd əhalini kütləşdirmək, əyləndirmək, mala, əşyaya həris insanları yetişdirməkdir. Son dövrlərdə yaranan televiziyaların içində yalnız REAL TV-də ixtisaslaşmış informasiya proqramı var”.
Media eksperti onu da dedi ki, MTRŞ proqram tövsiyyələri versə, proqram formatları hazırlasa, daha faydalı olar. Z.Məmmədlinin fikrincə, MTRŞ sədrinin müavini bu mövzuda yazdığı halda, şuranın bu mövzuda yazışmalarını, cəhdlərini qabartmır, əvəzində səlahiyyətlərinin artırılmasını istəyirsə, bu, yaxşı hal deyil: “Ancaq deyir ki, səlahiyyətlərimizi artırın. Az qala yasaqlarla bağlı quruma çevrilmək istəyirlər. Özləri lisenziya verirlər, sonra da bu formada narazılıqlar gündəmə gəlir. İctimaiyyəti bu müzakirələrə cəlb etmək olar. Veriliş nümunələri yayırsan, sonra ictimai müzakirə yaradırsan”.
Z.Məmmədlinin fikrincə, bundan öncə də dəfələrlə sözügedən mövzuda yazılar yazılıb. Əgər bu yazıların nəticəsi olmursa, məntiq aydındır: “Sanki bu yazılar ona görədir ki, nəyi tənqid edirəmsə, onu artırın. Bu cür yozma da ona xidmət edir. Mesajı belə oxuyun: dediklərimizin tərsinə edin. Bunun düzü edilmirsə, niyə bu məqalələr yazılır? İctimai müzakirəyə çevrilmir. Bütün hallarda çarə ancaq demokratiyadır”.
Q.Cəbiyev isə musavat.com-a açıqlamasında dedi ki, dəfələrlə bu mövzuda yazdığı halda, indi cəmiyyətin belə rəy verməsi teleməkandakı durumun onları da çox narazı saldığını sübut edir. Amma o, model göstərmək səlahiyyətlərinin MTRŞ-ya aid olmadığını da vurğuladı.