azia.az
azia.az

“Zelenskinin mesajı Azərbaycan-Ukrayna dostluğunun təsdiqidir” - Tahir Rzayev

Bu gün, 08:09

"Azərbaycan-Ukrayna dostluğu və qardaşlığı tarixi köklərə, ortaq milli-mənəvi dəyərlərə söykənir. Bu iki dövlət tarix boyu bir-birinə dəstək verib. Azərbaycan da çətin günlər yaşayıb. Torpaqlarımız 30 il işğal altında olub və həmin dövrdə Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bir çox mötəbər beynəlxalq tədbirlərdə Ukrayna Azərbaycanın mövqeyindən çıxış edib, ölkəmizin haqlı tələblərinə dəstək verib. Bu gün isə Ukrayna ağır və çətin günlərini yaşayır. Təəssüf ki, müharibə uzanır və getdikcə daha ağır itkilərə səbəb olur. Belə bir dövrdə Azərbaycan Ukraynanın yanında olduğunu dəfələrlə nümayiş etdirib və bu ölkəyə göstərdiyi maddi dəstəyi əsirgəməyib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Rzayev səsləndirdi.

"Ukrayna Prezidenti Volodimir Zelenskinin "Müstəqil Azərbaycanla güclü münasibətlər qurmalıyıq" fikri də məhz bu dostluğa, qardaşlığa, qarşılıqlı etibara və sədaqətə əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev də ən mötəbər beynəlxalq tədbirlərdə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib və Ukraynanın haqlı çağırışlarına dəstək verib. Bu baxımdan Zelenskinin səsləndirdiyi fikir, sözsüz ki, Ukrayna xalqına göstərilən dəstəyin ifadəsidir. Azərbaycan xalqı dünyada sülhün və əmin-amanlığın tərəfdarı olduğunu hər zaman nümayiş etdirir. Dövlətimizin başçısı da xalqımızın milli maraqlarını əsas götürərək sülhə və təhlükəsizliyə daim böyük önəm verir. O, mötəbər beynəlxalq tədbirlərdə və çıxışlarında regionda, eləcə də dünyada təhlükəsizliyin və əmin-amanlığın bərpasının vacibliyini vurğulayır. Təkcə Cənubi Qafqazda deyil, bütövlükdə dünyada sülhün bərqərar olması dövlətlərin inkişafı və xalqların rifahı üçün mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə atılan hər bir addımı alqışlamağa dəyər", - deyə millət vəkili yekunlaşdırdı.

Xədicə BAXIŞLI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi