Pentaqon nəşrindən ŞOK: Moskva və Tehran Bakının güclənməsini əngəlləmək istəyir
ABŞ Müdafiə Nazirliyinin rəsmi nəşri olan Stars and Stripes yazır ki, İranın zəifləməsi Vaşinqton və onun müttəfiqləri üçün Cənubi Qafqazda strateji üstünlüklər yaradır.
NOCOMMENT.az xəbər verir ki, məqalədə vurğulanır ki, Tehrana təzyiq ən çox onun daxili qeyri-sabitlik dövrlərində effektiv olur.
Yazının müəllifi qeyd edir ki, İran husilərdən “Hizbullah”a qədər müttəfiq qruplaşmalar şəbəkəsi vasitəsilə təsirini yaymağa və “zorakılıq ixracı”na çalışsa da, Cənubi Qafqazdakı rolu tarixən məhdud və dolayı xarakter daşıyıb. Bu kontekstdə enerji marşrutları və tranzit dəhlizlərinə görə əsas strateji qovşaq kimi qiymətləndirilən Azərbaycana xüsusi diqqət ayrılır.
Nəşr bildirir ki, Azərbaycan dünya bazarına gündə təxminən 500 min barrel neft tədarük edir, Avropanın qaz təminatında mühüm rol oynayır və İsraillə təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edir. Məhz bu amillərə görə Rusiya və İranın Bakının strateji güclənməsini cilovlamaqda maraqlı olduğu vurğulanır.
Stars and Stripes hesab edir ki, Ermənistan–Azərbaycan münaqişəsinin həlli yeni tranzit marşrutlarının açılmasına, Rusiyanın və İranın regiondakı mövqelərinin zəifləməsinə və Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş kimi möhkəmlənməsinə yol aça bilər. Məqalədə qeyd olunur ki, Cənubi Qafqaz ABŞ-ın regional strategiyasında əsas elementlərdən birinə çevrilə bilər.
Aliyə