Sarkisyan Moskvada hesabat verəcəkErməni mətbuatı prezident Serj Sarkisyanın Brüsselə dünən etdiyi səfər bir qədər ironik yanaşıb.
İstiPress-in məlumatına görə, aparıcı nəşrlər Serj Sarkisyanın səfərini bir qədər qeyri-ciddi rakursdan təqdim edirlər. Ciddi təqdim ediləsi bir şey də yoxdur. Serj Sarkisyan Avropa parlamentinin əsasən "Evranest"lə bağlı olan bəzi deputatlarına Mxitar Qoş medalları paylayıb.
Avropa deputatlarına bu medalın paylanmasının səbəbi aydındır. Rumıniyanın Qalats limanında doğulmuş bu xristian missionerini ermənilər özününküləşdiriblər və iddia edirlər ki, gəncəlidir. Yəni məqsəd ermənilərin Azərbaycan torpaqlarında qədimlərdən yaşadığını iddia etməkdir. Bu, eynilə səlib döyüşçüsü, fransız Gi de Luzinyanın erməni olmasını iddia etmək kimidir. Ermənilər hətta Luzinyan soyadına əsaslanaraq sovet dövründə Kilikiya erməni dövləti kimi saxta anlayışı SSRİ nəşrlərin sala bilmişdilər.
Erməni prezident bu klounadada sülhdən danışmağı da unutmayıb və söyləyib ki, Ermənistan konyak zavodunda bir çəllək konyak saxlayırlar və onun üzərində altı bayraqdan biri Azərbaycan bayrağıdır. Sülh olandan sonra sülhün şərəfinə həmin konyakdan badə qaldıracaqlar. Təbii ki, erməni lideri həmin sülhün nə olduğunu açıqlamayıb, amma çəlləyin üzərindəki bayraqlardan bu sülhün nə olduğunu anlamaq asandır. Orda Minsk qrupunun həmsədri olan ölkələrlə və Ermənistanla yanaşı Qarabağdakı işğal rejiminin də bayrağı var. Yəni erməni variantında sülh Azərbaycanın işğal edilmiş ərazilərindən imtinası deməkdir. Azərbaycanın buna oxşar sülh variantı isə tarixi şəhər olan İrəvanı hərbi yolla geri qaytararaq həmin çəlləyin üzərindəki bayrağı parlament binasının üzərindən asmaq ola bilər. Yəni çağdaş dünya dəyərləri və Helsinki xartiyası prizmasından hər iki variant utopik görünür.
Amma erməni mətbuatı bir şeyi düz yazır ki, Serj Sarkisyanın Brüsselə səfəri Moskva ilə razılaşdırıb. Məsələyə diqqət yetirən “Joxovurd” qəzeti Brüssel səfərində ciddi heç bir sənədin imzalanmamasının nəzərdə tutulduğunu bildirir. Amma istənilən supergücün diplomat təlxəklərə ehtiyacı var və görünür, Vladimir Putin Brüsselə qeyri-rəsmi elçisi kimi Sarkisyanı göndərib. Ermənistan prezidenti yaxın günlərdə Moskvaya səfər edərək Vladimir Putinə səfərin nəticələri barədə hesabat verəcək.
Ehtimal edilir ki, Putin qərbə müəyyən ismarışlar göndərib və bu, birbaşa Qarabağ problemi ilə bağlıdır. Təsadüfi deyil ki, ABŞ Karneqi Fondunun eksperti Tomas de Vaal da “Joxovurd”a müsahibəsində yazda Qarabağda müharibə ola biləcəyini vurğulayıb. Böyük ehtimalla, bu müharibənin sifarişçisi Rusiyadır və əsas hədəf ABŞ-ın himayə etdiyi Cənubi Qaz Dəhlizi layihəsinə mane olmaqdır. 45 milyard dollar sərmayə yatırılması nəzərdə tutulan layihə Avropa qaz bazarında Rusiyanın mövqelərini zəiflətməyi nəzərdə tutur. Dəhliz Qarabağ münaqişəsi zonasının yaxınlığından keçir və bölgədə müharibə başlayarsa, layihə istər-istəməz təxirə salına bilər.