Daha bir səfirlik əməkdaşı siyasi sığınacaq istəyib
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyində sürücü işləyən Emin Heydər oğlu Baxşıyev öz istəyi ilə işdən çıxıb və siyasi mühacir kimi İsveçrə hökumətinə müraciət edib.
Bu barədə Meydan TV-yə Emin Baxşıyevin özü məlumat verib. 1981-ci il təvəllüdlü E.Baxşıyev Sumqayıt şəhərində anadan olub. 1989-99-cu illərdə həmin şəhərdəki 30 saylı orta məktəbdə təhsil alıb, 2003-cü ildə Gəncə Dövlət Universitetini bakalavr dərəcəsi ilə bitirib. 2006-2010-cu illərdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlığı Mərkəzində, 2010-2013-cü illərdə isə Xarici İşlər Nazirliyində fotoqraf kimi çalışıb. 2013-cü ilin oktyabrından Azərbaycanın İsveçrədəki səfirliyində sürücüdür. Ailəlidir, 3 övladı var.
Emin Baxşıyevin sözlərinə görə, atası 1997-ci ildə vəfat edib. Bacısı, qardaşı yoxdur. Azərbaycanda yalnız anası yaşayır.
Səfirlik əməkdaşı “facebook” səhifəsində Azərbaycanın İsveçrədəki səfirliyinin əməkdaşı olaraq 1 fevral 2016-cı il tarixindən ailəsi ilə birlikdə İsveçrədə sığınacaq istədiyini yazıb. O, “özünə və ailəsinə qarşı təzyiqlərə dözmədiyi” üçün bu addımı atdığını da qeyd edib.
Meydan TV məsələni araşdırmaq üçün Azərbaycanın İsveçrədəki səfirliyi ilə əlaqə saxlayıb. Səfirlikdən bildiriblər ki, bu barədə yalnız Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verə bilər. Nazirliyin sözçüsü Hikmət Hacıyev isə telefon zənglərinə cavab verməyib.