İlham Əliyevin Moskva uğuru, Putin də etiraz etmir - “Qarabağa tam nəzarət...”
“Əliyev Putin görüşündə erməni qoşunlarının Qarabağdan çıxarılması məsələsi razılaşdırılıb”.
Gundem.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı bildirib. Ekspert Putinin rəsmi Bakının Qarabağla bağlı gələcək planlarına etiraz etməyəcəyini düşünür:
“Prezident İlham Əliyev Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirdi ki, 10 noyabr bəyannaməsindəki bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması bəndinin yerinə yetirilməsini gözləyirik. Azərbaycan Prezidenti müharibədən sonra bunu Moskvada – Putinlə görüşlərdə ilk dəfə açıq mətnlə səsləndirir və bu onu deməyə əsas verir ki, Moskva ilə müttəfiqlik sənədini imzalayan Bakının Qarabağla bağlı əsas istəklərindən biri bu olub. Əliyev-Putin görüşündə məsələ müzakirə edilib, böyük ehtimalla razılaşdırılıb. Mövcud situasiyada Putinin Bakının istəyinə uyğun razılaşmaların icrasında irəliləyiş əldə edilməsi qərarına gəlməsi ehtimalı da güclüdür”.
Ekspert 10 Noyabr sazişinin yaxın dövrlərdə icra edilə biləcəyini qeyd edib:
“Əliyevlə Putin Moskvada sənəd imzalayarkən Paşinyanın Təhlükəsizlik Şurasının iclasını keçirməsi bu kontekstdə diqqət çəkir. Mümkündür ki, 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasını yaxın dövrdə görə bilək və bu, Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi istiqamətində addımlardan biri ola bilər”.