azia.az
azia.az

Lukaşenkonun Kremlə yollanmazdan öncə dediyi sözlər dünyanı qarışdırdı – “Barıtlı” təhdid

18-02-2022, 18:23

Lukaşenkonun Kremlə yollanmazdan öncə dediyi sözlər dünyanı qarışdırdı – “Barıtlı” təhdid
Rusiyanın təlimatları ilə hərəkət edən Belarus Prezidenti Aleksandr Lukaşenko bu dəfə Qərbi nüvə silahları ilə təhdid edib. Lukaşenko deyib ki, Qərbdən təhdidlər gəlsə, Belarus ərazisində nüvə silahları ilə yanaşı, supernüvə silahları da yerləşdirilə bilər.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov qeyd edib ki, bununla Belarus lideri Rusiyanın gələcəkdə nüvə silahlarının bir qismini öz ölkəsində yerləşdirəcəyini elan edir:

"Supernüvə silahlarına gəlincə, hələlik bunların xarakteristikası, növü barədə məlumatlar yoxdur. Amma güman etmək olar ki, Rusiya yeni nüvə silahlarının istehsalı üzərində işləyir. Nüvə silahları çəkindirici və danışıqlarda üstünlük təmin edən faktordur. Moskva yaxşı başa düşür ki, NATO qüvvələrində də onun nüvə gücünü üstələyən arsenal mövcuddur. Hələ 3 il öncə ABŞ-ın Avropa ərazisində 150-dən çox nüvə silahını gizlətməsi barədə Qərb mətbuatında məlumatlar yayılmışdı. Sözsüz ki, ABŞ da, Rusiya da nüvə potensiallarının bütününü nümayiş etdirməkdə xəsis davranırlar və onların bir qismi üzərində məxfilik qrifini götürmürlər. ABŞ-ın Avropadakı nüvə silahları soyuq müharibə dövrünün yadigarıdır, onlar vaxtı ilə SSRİ-dən gələn təhdidlərin
qarşısını almaq üçün qoca qitədə yerləşdirilmişdi. Rusiya indi nüvə arsenalının bir hissəsini Belarus yerləşdirmək məqsədləri güdməklə Avropaya qarşı yeni "atom cəbhəsi” açmağı hədəfləyir”.

Ekspert əlavə edib ki, malik olduğu silahlar Rusiyada aşırı təkəbbür yaradır:

"Hərçənd, bəzi mütəxəssislər Rusiyanın "barıtlı təqdimatlarda” blefə yol verdiyini hesab edirlər. Aleksandr Lukaşenko da Rusiyanın qürrəsini özünün maraqlarına calaq edərək Qərbə qarşı nüvə təhdidi səsləndirir. Lukaşenkonun bəyanatı göstərir ki, nüvə silahları amili getdikcə hədə tonunu artıracaq. Əgər Rusiya Belarusda supernüvə silahları yerləşdirsə, bu, Qərbdə də nüvə silahlarının təkmilləşdirilməsini stimullaşdıracaq. Belarus Prezidenti Lukaşenkonun Kremlə səfər öncəsi onun "supernüvə” xəbərdarlığı belə deməyə əsas verir ki, Rusiya lideri Vladimir Putinlə bu istiqamətdə də müzakirələr aparacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi