Azərbaycanın Gürcüstandakı səfirliyindən soydaşlarımıza MÜRACİƏT
“Son vaxtlar Gürcüstanın Kvemo Kartli regionunda fəaliyyət göstərən bir sıra işbazlar tərəfindən Gürcüstan vətəndaşları olan soydaşlarımızdan qeyri-qanuni olaraq müxtəlif məbləğlərdə vəsait mənimsəməklə və xüsusən də sənədlərin saxtalaşdırılması yolu ilə Azərbaycan Respublikasına getmələrinin təmin olunacağı vəd olunur”.
Azia.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin yaydığı müraciətdə bildirilib.
Qeyd olunub ki, Azərbaycana getmək üçün və ya səfirlikdə həyata keçirilən hər hansı bir xidməti fəaliyyətlə bağlı vətəndaşlarımızdan və ya soydaşlarımızdan maliyyə vəsaiti (pul) tələb olunubsa, Səfirliyə dərhal məlumat verilməsi xahiş olunur.
“Diqqətinizə çatdırılır ki, vətəndaşlarımızın və Gürcüstandakı soydaşlarımızın rifahı üçün çalışan Səfirliyin fəaliyyətinə ləkə salmağa çalışan şəxslərlə bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat veriləcək və onlar ölkə qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar. Səfirliyin əlaqə nömrələri: +995-32-224-30-04 - (şəhər nömrəsi); +995-577-00-00-38 - (24 saat fəaliyyət göstərən mobil “Qaynar Xətt” nömrəsi). Elektron poçt ünvanı: [email protected]”, - diplomatik korpus xəbərdarlıq edib.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Azərbaycan ilə Gürcüstan arasında 2020-ci ilin mart ayının 14-dən etibarən qarşılıqlı razılaşmaya əsasən quru sərhədlər müvəqqəti olaraq bağlanıb. Gürcüstan vətəndaşları bəzi hallarda icazə əsasında quru və hava yolu ilə Azərbaycana səfər edə bilirlər.