İlham Əliyev: Müharibədən sonra İran-Azərbaycan əlaqələri genişlənib
İkinci Qarabağ Müharibəsindən sonra İran-Azərbaycan əlaqələri daha da geniş vüsət alıb və regional əməkdaşlığın yaradılması üçün hazırda "3+3" çox ümidverici əməkdaşlıq platforması yaradılıb, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.
"Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntənzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək. Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar. İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi. İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik. Siz dünən öz gözlərinizlə azad edilmiş torpaqlarda olan dağıntıları görmüsünüz”, - deyə prezident vurğulayıb.