"Anlamışıq ki, Qarabağ münaqişəsi təhlükəlidir" - ATƏT sədri
"ATƏT həmişə bilib ki, Qarabağ münaqişəsi təhlükəlidir. Münaqişənin gələcəyi ilə bağlı heç nə sığorta olunmayıb. Biz stabilləşməsi ilə bağlı nəticəyə gəlməli, regionda sülh yaratmalıyıq".
APA-nın məlumatına görə, bunuATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
O bildlrib ki, atəşkəs rejiminin möhkəmlənməsi üçün lazımı tədbirlər görüləcək.
"Aprel hadisələrindən sonra bizə kompromis və təkliflər daha çox lazımdı. İstəyirik ki, münaqişə konstruktiv şəkildə həll olunsun. Münaqişəni həll etmək üçün prezidentlərin görüş imkanlarından istifadə etməli, atəşkəsin bərpası və saxlanması üçün ciddi müzakirələr aparmalıyıq", - deyə Ştaynmayer qeyd edib.
Azərbaycanla münasibətlərə toxunan nazir köhnə alman kəndlərinin bərpası barədə Azərbycandan məktub aldığını bildirib: "Təşəkkür edirəm k, Azərbaycan bu kəndlərin bərpası üçün aktivlik göstərir. Biz bu məsələdə birlikdə çalışacağıq".
O, Azərbaycanın Cənubi Qafqaz regionunda güclü oyunçu adlandırıb.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonraATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur